Fəhlələr istismar olunur

İşçilər çox zaman öz hüquqlarını bilmir
Ölkədə rəsmi iş vaxtı 8 saatdır. Kimsə 8 saatdan artıq işləyirsə, işlədiyi saatın müqabilində əlavə əmək haqqı almalıdır




Milli Məclisin ötən iclasında deputat Tahir Kərimli tikinti sektorunda qanundan yayınmalar barədə danışıb və fəhlələrin istismar olunduğunu deyib: Azərbaycanda tikinti sektorunda çalışanlar 8 saatdan çox işlədilir. Onların 70-80 faizinə şənbə və bazar günləri də iş gördürülür. Mən bunu öz gözümlə görmüşəm. Cümhuriyyətimizin 100 illik yubileyi ilə bağlı bayram günündə gördüm ki, bir neçə tikintidə insanlar işlədilir.

Tikinti sektorunda çalışanlara "qara mühasibatlıq” təqdim olunur. İnsanlar həyatlarını itirir. Bu, çox çətin və ağır məsələdir. Bunu yoluna qoymaq lazımdır. Onların maaş məsələsinə baxılmalıdır. Kifayət qədər maaş verilməlidir ki, əlavə iş saatında çalışmağa ehtiyacları qalmasın”.

Məsələyə münasibət bildirən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirdi ki, ölkə Konstitusiyası və Əmək Məcəlləsində hər bir işçinin hüquqları dəqiqliyiylə göstərilib. Sadəcə, işçilər çox zaman öz hüquqlarını bilmir. Ölkədə rəsmi iş vaxtı 8 saatdır. Kimsə 8 saatdan artıq işləyirsə, işlədiyi saatın müqabilində əlavə əmək haqqı almalıdır:

- Qanunvericiliyin müəyyən etdiyi məsələlər var. İşçi ixtisar olunursa, ilk növbədə Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməli, işçiyə 2 ay əvvəldən xəbərdarlıq edilməli, 2 ay müddətində işçiyə şərait yaradılmalıdır ki, o özünə yeni iş yeri tapsın. Bunun üçün də 2 ay müddətində işçiyə ödənişli (!) istirahət günləri verilməlidir. İşdən azad olunan işçiyə 1 ay orta aylıq əmək haqqı miqdarında müavinət verilməlidir. 

Şəxs gedib Məşğulluq İdarəsində qeydiyyata düşməlidir. Əgər 2-ci və 3-cü aylar ərzində işçi iş tapmırsa, hətta 2-ci və 3-cü aylar üçün də ona müavinət verilməlidir. Bu, qanunvericiliyin təyin etdiyi qaydadır və məcburidir. Bu qaydaları ona görə belə müəyyənləşdirirlər ki, işçi işləmədiyi, iş axtardığı müddətdə yaşayışını təmin edə bilsin. Yəni, qanunvericilik işçini taleyin ümidinə buraxmır. Amma təbii ki, burada söhbət əmək müqaviləsi ilə işləyən, rəsmi qeydiyyatda olan işçilərdən gedir! Məlumdur ki, hazırda ölkədə çox geniş qeyri-formal əmək sektoru mövcuddur və bu sektorda işçilərlə əmək müqaviləsi bağlanmır, işçilərin real sayı gizlədilir, fəhlələr günəmuzd işlədilir. Əmək müqaviləsi olmadığı üçün iş yerində xəsarət aldıqda hər hansı müavinət ödənmir. Bəzi müəssisələrdə ixtisara düşən işçilərin heç uçotu da aparılmır. Belə vəziyyətdə əlbəttə, işçinin durumu ağırdır.

Və bu vəziyyətdə Vergilər Nazirliyinin də, Əmək Müfəttişliyinin də üzərinə düşən budur ki, vəzifələrinin öhdəsindən lazımınca gəlsinlər.

Əməkçi insanların sosial hüqüqlarının pozulmasına imkan verməsinlər.

Qeyri-leqal işçilərlə bağlı Əmək Müfəttişliyi araşdırma aparmalıdır. Əmək Müfəttişliyinin vəzifəsi budur ki, əmək qanunvericiliyinin pozulması hallarını araşdırsın. Bəli, tikintidə fəhlələr rəsmi iş saatlarından artıq işlədilir. Gecə saatlarında da işə cəlb olunurlar. Halbuki gecə saatında işləməyə görə işçiyə yüksək əmək haqqı, əlavə müavinət ödənməlidir. İşçilərin sayı, "qara mühasibatlıq” təkcə tikinti sektorunda deyil, çox yerdədir. Burada əsas məsuliyyət Vergilər Nazirliyinin və Əmək Müfəttişliyinindir.

Məlahət Rzayeva