Fermer məhsulunu bazara çıxara bilmir

Yerində kilosu 50 qəpik olan meyvə, paytaxt bazarında 3 manata satılır
Problemdən çıxış yolu sahibkarla topdan satış mərkəzləri arasında birbaşa təmasın yaradılmasındadır



Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi Masallı və Lənkəran rayonlarına mediatur təşkil edib. Mediaturun məqsədi cənub bölgələrimizdə kənd təsərrüfatı sahəsində görülən işlər, tətbiq olunan yeniliklər barədə ictimaiyyəti məlumatlandırmaq olub.

Gələcək planlarından danışan sahibkarlar taxıl əkdikləri 3 hektar ərazidə meyvə bağı salmaq niyyətində olduqlarını bildiriblər: "Gələcəkdə dünya bazarına özümüz məhsulumuzu çıxartmaq istəyirik. Avropada, Türkiyədə, qonşu İranda feyxoanı tanımırlar. Bu il məhsulun qiyməti ucuz oldu, bağa qoyduğumuz yatırımı götürə bilmədik. Öz məhsulumuzu özümüz bazara çıxarsaq, nisbətən gəlir çoxalar. Biz Lənkəran bazarına çıxarırıq, alıcılar gəlib aparır. Bizim alverçilərə 50 qəpiyə satdığımız məhsul Bakı bazarında 3 manata satılır. Bu ilə qədər 35 ton feyxoa yığmışıq. 

Keçən il 8 tona yaxın kivi götürmüşdük, bu il hələ məhsul yığılmayıb, ona görə də qədərini konkret deyə bilməyəcəm”.
Sahibkar qeyd edib ki, məhsullarını bazara çıxarmaqda çətinlik çəkirlər: "Ümumiyyətlə, bağa xeyli yatırım qoymuşuq. Elə adicə suvarma sistemi, kommunal xidmətlər xeyli baha başa gəlir. Buna görə də məhsulumuzu Bakıya apara bilmirik. 

Çünki yol xərci də üstünə gələndə, xərcimiz daha çox olur. Maşın, texnika problemimiz var. Məhsulumuz bazara normal qiymətə çıxarsa, buradakı işimizi daha da böyüdərik. İndiyə qədər dövlətə bununla bağlı heç bir müraciət etməmişik. Lakin bu ildən etibarən ”ABAD" layihəsinə müraciət edib, problemimiz barədə məlumat vermişik. Bizə söz veriblər ki, məhsulumuzun satışına yardımçı olacaqlar. Əgər bizə satış üçün yardım edilsə, problemlərimiz həll olar. Burada gün olur ki, 30 işçi eyni vaxtda çalışır. Yəni təsərrüfatımızdan kənd camaatı da xeyir görür. Lənkəranda demək olar ki, hər kəsin həyətində feyxoa ağacı var. Lakin bu cür bağların sayı çox deyil. Var gücümüzlə çalışırıq ki, təsərrüfatımız daha da genişlənsin”.

Mövcud durumdan narazı olan sahibkarlar haqsız da sayılmazlar. Əgər istehsal etdikləri məhsulu 50 qəpiyə deyil, 1 manata satsalar, avtomatik olaraq paytaxtdakı qiymətlərdə də dəyişiklik baş verər. Bəs, sahibkarlar və alıcılar arasında tarazlığı saxlamaq, sahibkarların əməklərinin dəyərini almaq üçün müəyyən balans yaratmaq mümkündürmü?

İqtisadçı-ekspert Fuad İbrahimovun "Şərq”ə açıqlamasına görə, sahibkarların istehsal etdikləri məhsulu xarici bazara çıxarması üçün müəyyən infrastruktur lazımdır. Lakin bu gün sahibkarlarımızın heç bir infrastrukturu yoxdur: 

" İnfrastruktur deyəndə məhsulun saxlanma və qablaşdırılması nəzərdə tutulur. Yeri gələndə məhsulların saxlanma müddətini artıracaq preparatlar var. Məsələn, piştaxtalarda müxtəlif ölkələrdən gələn ərzaqlar olur. Bunların hamısı müəyyən yetişmə dövründən sonra xüsusi şəkildə saxlanma, dərmanlama və qablaşdırma hesabına istənilən vaxta qədər saxlanılır. Bütün bunlar xarici bazarlara çıxmağın əsas şərtlərindən biridir. Azərbaycanda isə bu sistem qurulmayıb”.

İqtisadçı bildirib ki, sahibkarlar məhsulun qiymətini qaldırdıqları üçün paytaxtda da qiymət artımını düşünərək yanılırlar: 

"Əsas problem ondan ibarətdir ki, artıq illər boyu bu sektorda yeni bir sinif yetişib. Sahibkarlarla topdan və pərakəndə satış mərkəzlərinin sahibləri birbaşa əlaqəyə girə bilirlər. Amma ortada xüsusi bir sinif yaradılıb. Hansı ki, həmin siniflər sanki inhisarçılıq qurublar. Gedirlər, məhsulu topdan yığırlar və gətirib satış mərkəzlərinə təhvil verirlər. Bu siniflər aradan qaldırılsa, sahibkarlar da topdan və pərakəndə satış mərkəzləri ilə iş birliyi yarada bilərlər. Bu zaman problem dərhal aradan qalxacaq. Hətta sağlam rəqabət mühitində qiymətin aşağı düşməsi müşahidə olunacaq. Problem odur ki, sahibkar öz məhsulunu birbaşa gətirib çıxara bilmir. Guya, yarmarkalar adı ilə məhsullarını satırlar. Amma yarmarkalarda bayaq dediyimiz siniflər rol oynayır və beləliklə, gözəgörünməz problemlər yaranır”.

Yeganə Bayramova