- "Daha doğru yanaşma ictimai nəqliyyatda xidmətin keyfiyyətinin artırılması, avtobusların vaxtında və rahat işləməsinin təmin olunmasıdır"
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır və hazırlıqlar davam edir. Övadını məktəbə göndərməyə hazırlaşan valideynlər isə təkcə məktəbli forması, dərs ləvazimatlarının alınmasıyla məşğul deyil, həm də sentyabrın 15-dən etibarən ictimai nəqliyyata görə edəcəkləri ödnəişləri düşünürlər.
Nəzərə alsaq ki, metropolitendə hərəkət qrafiki dəyişib, indiyədək mövcud olmuş “Həzi Aslanov” – “Dərnəgül” xətti “28 May”da kəsilir və sərnişinlər məcburən stansiyadan bayıra çıxıb ya təkrar metroya – “Nizami” stansiyasına getməli, ya da ekspress avtobuslarla yollarına davam etməlidirlər, bu, ailə büdcəsinə kifayət qədər əlavə yük olacaq, valideynlərin narahatlığı əsaslıdır. Paradoks bundadır; təhsil icbari olduğu, ziyalılarımız bir ağızdan “uşaqlarımız təhsil almalıdır, cahil böyüməsinlər”, uşaq hüquqları ilə məşğul olanlar da “qızlarımız təhsilli olmalıdır, təhsilli ana təhsilli nəsil deməkdir” şüarını əldə bayraq etdikləri halda heş olmasa 9 illik icbari təhsil alanlar üçün hansısa güzəştlər tətbiq etmək niyə bu qədər çətin gəlir? İbtidai sinfə başlayan 6-7 yaşlı uşaq axı əmək fəaliyyəti ilə məşğul deyil. Onun yol pulunu ata-anası ödəməlidir. Daha bunun harası ödənişsiz təhsil oldu, harası icbari təhsil oldu? Əgər bir ailənin övladını məktəbə yola salmağa, gediş haqqını ödəməyə maddi imkanı yoxdursa, deməli o uşaq təhsildən qalacaq, məktəbə getməyəcək. Eləmi? Bunu da nəzərə alaq ki, məktəb heç də hər kəsin yaşadığı ünvanın yaxınlğında olmaya da bilər. Və hər ailədən 1 deyil, bəlkə 2 uşaq dərsə getmək üçün avtobusa minməlidir. İbtidai sinif şagirdlərini isə çox zaman valideynləri məktəbə aparıb gətirir. İndiki şəraitdə bu nə qədər gündəlik xərc edəcək, əlaqədar qurumlar da hesab apara bilər. Yoxsa, sərf edir, ictimai nəqliyyatı idarə edənlərə bu durum, daha çox qazanacaqlar, ona görə. Bəs sadəcə bir uşağın təhsidən geri qalması itki deyilmi? Kiməsə əsassız görünə bilər bu məsələ. İctimai nəqliyyat üçün ağır yük hesab edilər. Lakin müəyyən variantlar tapmaq mümkünsüz deyil. Elm və Təhsil Nazirliyi üçün yəni bu qədər çətin, qeyri-mümkün işdir?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında qeyd etdi ki, bütün məktəblilərin gediş haqqından azad edilməsi üçün ciddi əsas görmür. Çünki məktəbə gedən hər bir şagirdin mütləq ictimai nəqliyyatdan istifadə etməsi kimi bir vəziyyət yoxdur. Bir çox şagird məktəbinə evinin yaxınlığında yaşadığı üçün piyada gedib-gəlir. İctimai nəqliyyatdan istifadə edən şagirdlər isə digər sərnişinlər kimi müəyyən məsafə qət edir və bunun üçün ödəniş edir:
- Burada əsas məsələ şagird olduğu üçün avtomatik olaraq gediş haqqından azad etmək deyil. Əgər dövlət gələcəkdə müəyyən sosial qruplar üçün xüsusi güzəştlər tətbiq etməyi məqsədəuyğun hesab edərsə, bu ayrıca müzakirə oluna bilər. Amma bütün məktəblilərin nəqliyyatdan pulsuz istifadəsi həm maliyyə, həm də tətbiq mexanizmi baxımından əlavə yük yarada bilər. Məncə, daha doğru yanaşma ictimai nəqliyyatda xidmətin keyfiyyətinin artırılması, avtobusların vaxtında və rahat işləməsinin təmin olunmasıdır. Şagird də digər sərnişinlər kimi göstərilən xidmətə görə müəyyən edilmiş gediş haqqını ödəyir. Əsas məqsəd ödənişi sıfırlamaq yox, həmin ödəniş qarşılığında keyfiyyətli və əlçatan nəqliyyat xidməti göstərilməsidir.