Fəxri ad alan tanınmışlar prezidentə təşəkkür etdi

Tahir Əmiraslanov: “İndi mən daha çox iş görməli, bu etimadı doğrultmalıyam”
Mövlud Süleymanlı: “Yaşadığım ömür, gördüyüm işlər bu cür də davam edəcək”



Prezident İlham Əliyev Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. T.Əmiraslanov Azərbaycanın milli kulinariya ənənələrinin qorunması və təbliği sahəsində xidmətlərinə görə təltif edilib. Azərbaycan prezidenti həmçinin Azərbaycanın xalq yazıçısı, dramaturq Mövlud Süleyman oğlu Balakişiyevin (Mövlud Süleymanlı) "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb M.Balakişiyev Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov təəssüratlarını "Şərq”lə bölüşüb: "Sözün açığı, Prezident tərəfindən təltif olunacağımı gözləmirdim. Bir anlıq şok yaşadım. Bəlkə də bunun bir səbəbi heç vaxt mükafat almaq həvəsində olmamağımdır. Hər zaman bizim sahəyə diqqət ayrılmasının tərəfdarı olmuşam. Fəxri ad, diplom kimi məsələlər mənim prioritetlərim arasında olmayıb. Hətta özümü mükafata layiq görmək üçün görəcəyim işlərin qabaqda olduğunu düşünürəm. Amma istənilən halda ölkə başçısına öz minnətdarlığımı bildirirəm ki, indiki hərbi-siyasi situasiyaya rəğmən vaxt ayırıb, mənim fəaliyyətimi dəyərləndirib”.

"Şöhrət” ordeninin onun üçün təltifdən daha çox böyük məsuliyyət olduğunu vurğulayan Mərkəz rəhbəri fəaliyyəti boyunca bu etimadı doğrultmağa çalışacağını deyib: "Düzü, bizə verilən bu qiymət fonunda daha çox işləməli olduğumuzu düşünürəm. Bizim cəmiyyət elədir ki, xüsusi mükafata, fəxri adlara layiq görülən, təltif edilən şəxslərdən daha çox uğur tələb edir və ən əsası səhvlərin üstündən keçmirlər. Demək olar ki, an etibarı ilə mənim səhv eləmək imkanlarım tamamilə əlimdən alınıb. Mən də "Şöhrət” ordenini gələcəkdəki nailiyyətlərimin bir ön ödəməsi kimi görürəm. Prezident kimi önə çıxarırsa, həmin şəxsin xalq və dövlət qarşısında borcu artır, hüquqları isə azalır”.

"Şöhrət” ordeni ilə təltif olunması münasibəti ilə hamının onu təbrik edib, haqqında xoş sözlər yazdığını deyən T.Əmiraslanov bu uğurun tək ona deyil, bütün Azərbaycan xalqına məxsus olduğunu deyib: "Hər birinizə təşəkkür edirəm. Mən də sevinirəm. Əziz Prezidentimiz İlham Əliyev cənablarının mənə bu qədər yüksək dəyər verməsi, Şöhrət ordeni ilə məni təltif etməsi əlbəttə ki, qürur hissi yaradır. Amma bu mükafat, cənab Prezidentimizin bu etimadı daha çox məsuliyyət yaradır. İndi mən daha çox iş görməli, bu etimadı doğrultmalıyam. Özü də bu işləri mən axı tək görməmişəm. Bu gözəl mətbəximizi mən yaratmamışam, millətimiz, Azərbaycan xalqının dühası yaradıb. Hazır mətbəxin üzərində işləməyə nə var ki?

1994-cü ildə milli liderimiz Heydər Əliyev Dünya Kulinariya Konqresinə məktub-müraciət göndərərək Ümumdünya Kulinariya Təşkilatı Birliyini Azərbaycanla sıx əməkdaşlığa dəvət etdi. Kulinariya sahəsində çoxsaylı qərar və sərəncamlara imza atdı. Deməli, bu medalın bir hissəsi də ümummilli liderimizin payına düşür. Prezident İlham Əliyevin də daimi dəstəyi, tapşırıqları, ölkəmizdə yaratdığı işgüzar mühit sayəsində mən bu işləri həyata keçirə bildim. Heydər Əliyev Fondunun, birinci vitse prezidentimiz, əziz Mehriban xanım Əliyevanın dəstəyi, yüksək səviyyədə xarici ölkələrdə Azərbaycan mətbəxini daimi nümayiş etdirməsi, Azərbaycan milli mətbəx kitablarımızı nəşr etdirməsi, UNESKO-da Milli Mətbəximizə arxa durması və s. işlər görməsi danılmaz faktlardır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin başda hörmətli cənab Əbülfəs Qarayev olmaqla bütün işçiləri, əməkdaşları daimi, hər gün bizə dəstək veriblər. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti 5 dildə Milli mətbəx kitablarımızı nəşr etdirib, yayımlayır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan xörəklərinə aid 26 dövlət poçt markalarını dövriyyəyə buraxıb. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi milli xörəklərimizi patentləşdirir. Müəllif Hüquqları Agentliyi sahəmizə daim dəstək verir. Gənclər və İdman Nazirliyi daima gənc kulinarlarımızı diqqətində saxlayır. Müdafiə Nazirliyi hərbi aşpazlarımızı yarışa çıxardır. Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi milli mətbəximizin təbliğində bizə dəstək verir. Milli Məclis "Mədəniyyət haqqında” qanunun içərisinə Kulinariya ilə bağlı ayrıca maddə salıb. İndi də "Kulinariya haqqında” qanun layihəsini hazırlayırlar. Maliyyə Nazirliyi büdcədən bizə vəsait ayırır.
Bir sıra rayonların icra hakimiyyətləri geniş Milli mətbəx nümunələrimizin festivallarını keçirir, bütün rayonlar da bu festivallara öz komandalarını göndərir. Naxçıvan Muxtar Respublikamızda Kulinariya Mərkəzi yaradılıb və fəaliyyət göstərir. Təhsil Nazirliyi bizimlə əməkdaşlıq edir. Mən bu siyahını çox uzada da bilərəm. Elə təsəvvür edin ki, bütün ölkə vətəndaşları, dövlət qurumları bizə işləyir. Bu boyda arxa olan yerdə nəticə də yaxşı olar. Ona görə də mən bu təltifi tək öz zəhmətimin bəhrəsi kimi görmürəm. Bu orden daha çox arxamda duranlarındır. Mən sadəcə ortaya qoyulan məhsulun qorunması və təbliği istiqamətində müəyyən işlər görmüşəm. Deməli, cənab prezident mənə çox böyük iltifat və etimad göstərib, layiq olduğumdan artıq dəyər verib. Bir daha ölkə başçısına öz minnətdarlığımı bildirirəm. Jurnalistlərdən də çox xahiş edirəm ki, heç vaxt məni olduğumdan artıq göstərməsinlər. Tahir Əmiraslanov göydən "qızıl zənbil”lə düşməyib ki... Bu xalq məndən daha yaxşı mütəxəssislər yetişdirib, yetişdirir, bundan sonra da yetişdirəcək...”

Azərbaycanın xalq yazıçısı, dramaturq Mövlud Süleymanlı üçün də "Şöhrət” ordeni ilə təltif edilməsi çox sevindirici olub. Ona ayrılan bu diqqət və qayğı üçün öz təşəkkürünü bildirib: "Bu diqqətin prezident səviyyəsində atılmasının özü ayrıca bir sevincdir. Mən bu diqqəti qiymətləndirirəm. Yaşadığım ömür, gördüyüm işlər bu cür də davam edəcək. Əslində bu günə qədər yazdıqlarımı hansısa ad, mükafat üçün yazmamışam. Mükafat verən tərəf mənim əməyimi qiymətləndirdiyi üçün mən ona təşəkkür edirəm. Bizim ölkəmizdə gedən inkişaf, uğur, işıq bu cür diqqətin təzahürüdür. Bizim sabahlarımız ona görə işıqlıdır ki, əməyə diqqət verilir. Mən aldığım bu ordeni bütün xalqımızla bölüşürəm”.

Şəymən