"Fransa və Amerika açıq şəkildə ermənipərəst mövqedən çıxış edirlər”.
Bunu "Sherg.az”a Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılan qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin Fransaya səfəri haqqında danışarkən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycanda düşünürlər ki, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə təzyiq edən yeganə ölkə Rusiyadır:
"Əslində isə Rusiyanı lazımi məqamda yola gətirməyi bacarırıq. Halbuki Amerika və Fransa qəti şəkildə Azərbaycanın mövqeyini dəstəkləmir, bizə qarşı düşmən mövqedən çıxış edirlər. Onların qarşısında duran məsələ Ermənistanın tələbini yerinə yetirməkdir.
Vaxtaşırı səsləndirilən ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi məsələsi hələ də aktualdır. Çünki vasitəçilər obyektiv olmalı, ortaq mövqedən çıxış etməlidirlər. Ancaq keçmiş amerikalı həmsədr Ceyms Uorlik bu prinsipi pozur, açıq-aşkar ermənilərə tərəfkeşlik edirdi. İndi isə rəsmi Vaşinqton və Paris bu məsələdə hücum mövqeyindədirlər. Bu yaxınlarda Amerika rəsmi sənədlərində Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyü məsələsini qaldırdı, amma Azərbaycanın adını çəkmədi”.
Azərbaycanın sözügedən qanunsuz səfərə sərt mövqe nümayiş etdirməsini məqsədəuyğun hesab edən politoloq qeyd edib ki, nota göndərmək kifayət etmir:
"Həmin fövqəl dövlətlər hansısa dövlətlə münasibətlərini pozan kimi sanksiya rejimlərinə keçirlər, hədə-qorxu gəlməyə başlayırlar. Ümumiyyətlə, qərb ölkələri təsir göstərmək istədikləri dövlətə qarşı koalisiya formasında addım atırlar. Azərbaycanda Fransa biznesi təmsil olunur. Lazım gələndə bu sahələrdə Fransaya sanksiya tətbiq etməliyik. Eynilə Amerika biznesini də ölkəmizdə məhdudlaşdırmaq olar. Hətta haqqımızı bu dərəcədə kobud pozan dövlətlərin diplomatlarını ölkədən çıxarmalıyıq. Öz haqqımızı niyə Qərbə qurban verək?”
Qeyd edək ki, rəsmi Bakı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar nota ünvanlayıb.
Aysel Aslan