“Füzulinin məzarı Azərbaycana gətirilməlidirmi ? - Fikirlər haçalandı

Seyran Səxavət: “Belədə məzara baxılmasını kimdənsə xahiş etmək lazım gəlməyəcək”Nizami Cəfərov: “Reallıqla barışmalıyıq, Kərbəlada dəfn olunmaq Füzulinin öz vəsiyyətiylədir”
Pənbeyi daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim...
Füzuli belə deyib. Füzuli adının önünə hansısa bir epiteti yazmağa ehtiyac varmı ki?! Füzuli bəşər şairidir və bu şairin məzarı İraqda - Kərbəlada - İmam Hüseynin məzarının lap yanındadı. Elə bir yerdə ki, Günəş zühur edəndə məzarın kölgəsi Füzulinin "üzərinə” düşür. Özü vəsiyyət edib bunu. Füzuli, həm də İmam Hüseyn ziyarətgahının xidmətçisi olub.
Könüllü və könüllə. Kimsə onu ora xidmətkar təyin etməyib. Ziyarətgahda xidmət göstərmək bir dahinin başqa bir dahiyə verdiyi dəyərdən qaynaqlanıb. Maraqlı burasıdır ki, Azərbaycan xalqı Azərbaycan şairi Məhəmməd Füzulinin məzarının Kərbəlada olmasından xəfif bir narahatlıq keçirib həmişə. Səbəb, doğrusu, o qədər də açıq deyil. Füzulinin məzarının baxımsız qaldığı, az qala itib-batmaq təhlükəsi ilə üzləşdiyinə dair müxtəlif vaxtlarda danışılıb, deyilib. Hətta "həyəcan təbili” də çalınıb. Füzuli məzarı illərlə mübahisə və müzakirə predmeti olub. Məzarın Azərbaycana gətirilməsində israr edənlərlə yanaşı, "kişini narahat etməyin” deyənlər də var. İndi də eyni vəziyyətdir. Kərbəlaya səfər etmək şansı qazananlar Füzulini də ziyarət edir və məzarın fotosunu çəkirlər. Belə fotolardan biri bu günlərdə sosial şəbəkələrdə paylaşılıb. Fotonu paylaşanlar məzarın baxımsız vəziyyətdə olduğunu yazıblar. Və bu da məzarın köçürülməsi məsələsini yenidən gündəmə gətirib.
Bəs, ziyalılarımız nə düşünür? Füzulinin məzarı Azərbaycana gətirilməlidirmi?
"Biz xalqımızın ziyarət yerini əlindən almışıq”
Yazıçı-dramaturq Seyran Səxavət "Şərq”ə açıqlamasında Füzulinin məzarının Azərbaycana gətirilməsinə həmişə tərəfdar olduğunu dedi:
- Bizim məşhur bayatımız var; Əzizim Vətən yaxşı, geyməyə kətan yaxşı, gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı. Xalqımız bu bayatıda məzarla bağlı öz mövqeyini də, münasibətini də ortaya qoyub da!.. Mən də həmişə bu fikirdə olmuşam ki, Füzulinin məzarı bura gətirilməlidir. Belədə məzara baxılmasını kimdənsə xahiş etmək də lazım gəlməyəcək. Hərçənd, Füzulinin xahişini eləmək çətin də deyil. Seyran Səxavət deyil ki, xahiş yerə salına. Füzuli, Füzulidi də! Mən belə hesab edirəm ki, Füzulinin məzarını İraqda saxlamaqla biz xalqımızın bir ziyarət yerini əlindən alırıq. Bir ziyarət yerini azaldırıq. Füzuli Azərbaycan şairidir, buna heç bir sorğu-sual yoxdur. Dünyanın qəbul etdiyi həqiqətdir. Azərbaycan şairidirsə, məzarı da Azərbaycanda olmalıdır. Düzdür, tarixi mənbələrə görə, Füzuli boyat -türk tayfasındandır, Kərbəlada doğulub. Ailəsi Azərbaycandan Kərbəlaya köçübmüş və s. Məncə, doğulduğu yer önəmli deyil. Füzuli Alma-Atıda doğula bilər, Bişkekdə də, Sibirdə də. Önəmli olan Füzulinin Azərbaycan şairi olmasıdır.
S.Səxavət xatırlatdı ki, ümummilli lider Heydər Əliyev Yazıçılar Birliyinin qurultayında Füzulinin məzarının Azərbaycana gətirilməsi üçün nə lazımdırsa, edilə biləcəyini demişdi:
- Füzulinin məzarının Azərbaycana gətirilməsi məsələsi dəfələrlə qaldırılıb. Yadımdadır ki, hətta mərhum Heydər Əliyev üzünü qurultay iştirakçılarına tutub dedi ki, bir müraciət hazırlayın, nə lazımdırsa, edərik. Təxminən 35-40 il əvvəl olub bu söhbət. Amma nəsə bu iş qaldı. Bilmirəm, müraciət hazırlandı, ya yox. Bu yaxınlarda Türkiyəyə getmişdim. Atatürkün məzarını ziyarət etdim və əlbəttə ki, ziyarət edəcəyim əsas yerlərdən biri Məhəmməd Əmin Rəsulzadənin məzarı idi. Ziyarət etdim və gördüm ki, məzarın üzərinə kiçik bir qutuda Azərbaycan torpağı qoyulub. Vətəndə dəfn olunmağın əhəmiyyəti yoxdursa, o qutudakı torpağı ora niyə qoyurlar? Deməli, Vətən torpağının xüsusi önəmi, əhəmiyyəti, gücü var. Mən inanıram ki, Məhəmməd Əmin Rəsulzadənin məzarı üstündəki o bir qutu torpaq onun ruhuna rahatlıq verir. Ona görə də mən Füzulinin də məzarının Azərbaycana gətirilməsini istəyirəm, Nəsiminin də. Məsələ, bu dahilərin məzarının itib-batacağı təhlükəsində də deyil. Füzuli dahidir, Nəsimi də dahidir. Nəsiminin məzarı olmasa da, Nəsimi onsuz da var!.. Amma Vətən, Vətəndi!..
"Məsələyə real yanaşaq...”
Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov isə Füzulinin məzarının Azərbaycana köçürülməsinə ehtiyac olmadığını bildirdi:
- Füzulinin məzarı ilə bağlı zaman-zaman çox müraciətlər olub, alimlər, ziyalılar bu məsələni qaldırıblar. Amma reallıqla barışmalıyıq. Reallıq da bundan ibarətdir ki, birincisi, Füzuli Kərbəlaya bağlı adamdı. Həm mənəvi-ideoloji, həm də mədəni bağlarla. İkincisi də, Kərbəlada dəfn olunmaq Füzulinin öz vəsiyyətiylədir. Ona görə də biz məsələyə kompleks yanaşmalıyıq. Füzuli Kərbəlada doğulub, orada yaşayıb, dünyaya ölməz əsərlər bəxş edib və vəsiyyət də edib ki, vəfat etdikdə onu Kərbəlada, İmam Hüseynin məqbərəsi yanında dəfn etsinlər. İndi biz Füzulinin vəsiyyətini heçə saymalıyıq?! Digər tərəfdən mən inanmıram ki, İraq hökuməti Füzulinin məzarına laqeyd yanaşsın. Çünki Füzuli tək Azərbaycana - türk ədəbiyyatına deyil, dünyaya məxsusdur, 3 dildə divan yaradıb, o cümlədən ərəb dilində də. Bəzən şayiələr yayılır, bir neçə psevdovətənpərvərlər çıxıb bir söz deyirlər, cəmiyyət də Füzulinin adı çəkilir deyə, reaksiya verir. Bu da təbiidir. Çünki Füzuli adına reaksiya verməmək mümkün də deyil. Amma İraq hökuməti məzara qarşı laqeyd olsaydı, indiyədək məzar itmişdi. Biz bu məsələyə ümumi mövqedən yanaşmalıyıq. Məlumdur ki, illərdir, İraqda qeyri-sabitlikdir. Belə vəziyyətdə mədəni əlaqələri qoruyub saxlamaq da çətinləşir. Amma hesab edirəm ki, artıq regionda ümumi vəziyyət stabilləşməyə doğru gedir və Azərbaycan hökuməti də Füzulinin məzarının qorunması məsələsini gündəmə gətirə bilər. Yaxşı olardı ki, dövlət tərəfindən, məsələn, Azərbaycan Yazıçılar Birliyinə bir ictimai heyət formalaşdırmaq tapşırılsın və bu heyət də İraqa səfər etsin. Getsinlər, məzarı ziyarət etsinlər, vəziyyətlə yerində tanış olsunlar, Azərbaycan ictimaiyyətinə də dəqiq bir məlumat versinlər, bununla da söz-söhbətə son qoyulsun.
Məlahət Rzayeva
P.S.
Füzuli həm də bunu deyib:
"Edəməm tərki-Füzuli səri-kuyin yarın,
Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim”.
"Vətən” deyərkən o dahi nəyi nəzərdə tutub, füzulişünaslar bilir.