Gələn ay kəskin bahalaşma gözlənilir- Yeni il gəlir

"Ət və digər məshulların qiyməti yenə qalxacaq"


Ətin qiymətinin bahalaşması həm yem qiymətlərinin artması, həm də mövsümlə əlaqədardır. 

Bu barədə Sherg.az-a son günlər ətin qiymətinin bahalaşma səbəbini şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli bildirib. 

Ekspertin sözlərinə görə, soyuqlar düşdükdən sonra yem örtüyü olmadığına görə, xaricdən yem alınır və bu da, yemin qiymətinin artmasına səbəb olur: 

"Sonda isə ətin qiyməti bahalaşır. Digər səbəb odur ki, bu sahə ilə məşğul olan insanların özlərini də bir istehlakçıdırlar. Onlar hər gün bazarlara, mağazalara getdikdə qiymətlərin kəskin şəkildə bahalaşdığını müşahidə edirlər. Hələ rəsmi rəqəmlərə görə, ölkədə 13 faiz bahalaşma qeydə alınır. Təbii ki, həmin sahə ilə məşğul olan insanların xərcləri də çoxalıb. Xərclər artdıqda məcburən sahibkarlar qiyməti qaldırırlar. Bu, təbii prosesdir. Yəni ətin bahalaşması həm mövsümlə, həm də bazarlarda qiymətlərin qalması ilə əlaqədardır".

Ekspert onu da əlavə edib ki, yeni il bayramı ərəfəsində ətin və digər məhsulların qiyməti kəskin bahalaşacaq: 

"Azrbaycanda bir "ənənə" də var ki, bayramlardan öncə qiymətlər qaldırılır. Eyni zamanda bu bahalaşmaya manatın getdikcə dəyərdən düşməsi və xaricdən gətirilən məhsulların qiymətinin artması da təsir göstərəcək. Manatın qeyri-stabil olması iş adamlarını məcbur edir ki, bahalaşma riskini indidən məhsulun üzərinə qoysunlar. Təssüf ki, yerli istehsal azaldıqca bazara xarici məhsullar çıxarılır. Bu da, dolların bahalaşması fonunda həmin məhsulların maya dəyərini artırır və nəticədə qiymət artımı sürətlənir. Mövcud faktorları nəzərə alsaq yaxın günlərdə ərzaq məhsullarında qiymət artımının daha da sürətlənməsini müşahidə edəcəyik. Bu da, insanların sosial vəziyyətinə, alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcə".

Qeyd edək ki, son günlər paytaxtda və regionlarda ətin qiyməti kəskin bahalaşıb.

Ayyət Əhməd