"...Gələn il Azərbaycanda neft hasilatı 1 milyon ton azalacaq" - Proqnoz

"Neftin qiyməti cəmi bir gün yüksəldi. Bunun səbəbi isə Şimal dənizindən Böyük Britaniyaya tuşlanmış magistral kəmərdə sızma baş verməsi, kəmərin dayandırılması idi”.
Bunu "Sherg.az”a Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban söyləyib. 
O qeyd edib ki, cəmi bir gün "Brent” markalı neftin qiyməti 65 dollar olub:
"Təbii ki, həmin boru kəmərində təmirin qısa müddətdə başa çatması ilə bağlı xəbərlər yayıldı. Bununla da neftin qiyməti ötən həftə cümə günündə olan qiymətə endi. İyunun sonu, iyulun əvvəli olan qiymətlərlə müqayisə etsək, 38-40 faiz civarında artım var. Bunun ilk səbəbi dünyadakı neft ixracatçılarının yığım ehtiyatlarının azalmasıdır. Buna "bunker nefti” deyilir. 1,8 milyon barel neft hasilatının azalması həmin neftin bazara çıxarılmasına böyük dəstək oldu. Burada ən vacib amil odur ki, hasilat həm OPEC, həm də qeyri OPEC ölkələrində azaldılıb.
Neftin bahalaşmasında üçüncü amil isə dünya iqtisadiyyatının 2016-cı illə müqayisədə 2017-ci ildə artım tempinin yüksək olmasıdır. 2018-ci il də yaxşı göstəricilərlə proqnoz edilir. Gələn il üçün neftə olan tələbatın artacağı da gözlənilir. Bundan əlavə bəzi amillər də bu il öz rolunu oynadı. Siyasi məsələlər neftin qiymətini zaman-zaman "qızdırmağa” başladı. Həmçinin sentyabr ayında Meksika körfəzində baş verən arasıkəsilməz qasırğalar hasilatın dayanmasına gətirib çıxardı”.
Azərbaycanın neft hasilatını 6 faiz azaltmasının nəticələrinə də toxunan İ.Şaban xatırladıb ki, bu il ölkəmizdə neft hasilatı 2 milyon ton azalıb:
"Hökumətin proqnozuna görə, gələn il Azərbaycanda neft hasilatı daha 1 milyon ton azalacaq. Yəni Azərbaycan neft həcmlərinin azaldılması yönündə "OPEC plus” təşəbbüsünə əməl edir, neft həcmlərini obyektiv səbəblərdən artırmaq niyyəti yoxdur”.
Qeyd edək ki, ötən gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,8% artaraq 65,19 dollar olub.
Aysel Aslan