"Neftin qiymətlərinə təsir göstərən amillər bu cür davam etsə, yaxın vaxtlarda qiymətlər 80-85 dollar olacaq”
Bu sözləri "Sherg.az”a neftin qiymətinin bahalaşması ilə bağlı danışarkən iqtisadçı-ekspet Natiq Cəfərli söyləyib.
Onun qənaətincə, neft qiymətləri siyasi və hərbi hadisələrlə bağlıdır:
"Dünyada baş verən siyasi hadisələr birbaşa neftin qiymətinə təsir göstərir. Beləliklə də, neftin qiymətində belə bir diaqramla qarşılaşırıq. Bundan başqa dünyada neft kontraktlarını alıb -satan fiziki şəxslərin sayının yüz milyonu keçməsi, bazarın dalğalı olmasına və qiymətlərin hər hansı xəbərə sərt reaksiya verməsinə səbəb olur.

Əslində OPEK-ə daxil olan ölkələrin və Rusiyanın ötən həftə neft hasilatını bir milyon barel azltması haqqında qərarından sonra neftin qiyməti aşağı düşməli idi. Hətta ilk günlər neftin qiyməti 73 dollara qədər endi. Amma son vaxtlar ABŞ-ın İrana yeni sanksiyası neftin qiymətlərinin yenidən yüksəlməsinə səbəb oldu. Bundan başqa Liviyada mərkəzi hakimiyyətin diktəsi altında olan neftlə zəngin yataqların yerli qrupların, yəni silahlı dəstələrin əlinə keçməsi neftin qiymətlərini dərhal artırdı.
Dünyada baş verən bu cür siyasi və hərbi hadisələrdən dolayı neftin qiymətləri hər zaman belə enişli-çıxışlı olur. Düşünürəm ki, neft qiymətlətində sabitliyin olmasına dünya bazarlarında müəyyən ehtiyac yaranıb. Həmçinin neft istehsalçıları və istehlakçıları belə bir sabitliyin yaranmasına maraqlıdır. Bir müddətdən sonra siyasi məsələlərin arxa plana keçməsi ilə əlaqədar neftin qiymətlərində enmələrlə yanaşı müəyyən sabitləşmə dövrü başlayacaq. Beləliklə də neftin qiyməti 60-70 dollar arasında sabitləşəcək.
Bunun da istehsalçıları və istehlakçıları qane edəcəyini düşünürəm. Dünyada baş verən siyasi hadisələr və İranda hərbi əməliyyatlar yenə davam edəcəksə, o zaman neftin qiyməti 80-85 dollar həddinə kimi qalxacaq. Əgər sırf iqtisadi məsələlər təsir edərsə, qiymət daha sabit və uzun müddətli olacaq”.
Neftin gələnilki qiymətlərinə toxunan N.Cəfərli onu da bəyan edib ki, gələn il Yaxın Şərq ölkələrində İran, İraq, Səudiyyə Ərəbistanı, Suriyada siyasi çəkişmələr səngisə, neftin qiymətində əhəmiyyətli dərəcədə ucuzlaşmalar müşahidə olunacaq:
"Bundan başqa OPK ölkələri, Rusiya, ABŞ, hətta Kanada da hasilatı artırır. Bununla bağlı neftin qiymətləri enəcək. Həmçinin gələn il Qazaxıstanda təqribən günə bir miliyon barel əlavə neft hasil olunacaq. Həm hasilatın artması, həm də siyasi gərginliklər aradan qalxsa, neftin qiymətləri 60-65 dollar həddində sabitləşməsinə şərait yaradacaq”.
Kənan Eynuroğlu