Gəncə və Sumqayıtda da güzəştli mənzillər tikiləcək

Sosial evlərin başqa şəhərlərdə tikilməsini ekspert alqışladı



Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Qurumdan bildirilib ki, ötən il dekabrın 24-də təməli qoyulan ilk 7 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin tikintisi həyata keçirilir. Paralel olaraq digər 7 mərtəbəli binaların tikintisinə başlanılıb. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılan bu layihə çərçivəsində 3000-ə yaxın mənzilin istifadəyə verilməsi nəzərdə tutulur.

MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksidir. Hazırda Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərində də güzəştli mənzillərin tikintisi üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işləri aparılır.
Paytaxtdan kənarda, xüsusilə bölgələrdə güzəştli mənzillərin tikintisi üçün işlərin görülməsi təbii ki, təqdirəlayiqdir. Sözsüz ki, layihənin regionlarda davam etdirilməsi əhali arasında xüsusi marağa səbəb olacaq.

Güzəştli mənzillərin paytaxtdan kənarda tikilməsini yüksək dəyərləndirdiyini deyən iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə bildirib ki, MİDA-nın layihəsi üçün əsas məqam onun həyata keçirilməsi və tikinti işlərinin başlanılması idi: 

"Bu sahədə olan bütün çatışmazlıqlar zaman içində tədricən aradan qaldırılacaq. Agentliyin layihəsi cəmiyyətimiz üçün əsas və lazımlı layihələrdən biridir. Mənzillərin paytaxtdan sonra bölgələrdə inşa edilməsi əlbəttə ki, əhalinin marağını artıracaq. Düşünürəm ki, regionlarımızda belə layihələrə ciddi ehtiyac var”.

Sözügedən layihənin mərhələli şəkildə həyata keçiriləcəyini deyən iqtisadçı vurğulayıb ki, mənzillərin tikilməməsi üçün heç bir şübhə yoxdur:

 "Bəzi məqamlar - texniki və maliyyə məsələləri var ki, onlar tam olaraq həll olunmalıdır. Bundan sonra isə güzəştli mənzillərin verilməsi ilə bağlı heç bir problem olmayacaq”.

Yeganə Bayramova