Gənclər hər ay bir gün şəhid məzarlarını təmizləyir

Sevinc Əzimbəyli: “Aksiyalarımız kifayət qədər effektiv olur”
“Yeni Üfüq”ün aksiyasını ziyalılar, ictimaiyyət nümayəndələri bəyənir


"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri Bakı şəhərində "Hər ay bir gün” adlı növbəti aksiyanı Şəhidlər Xiyabanında həyata keçiriblər. Birliyin sədri Sevinc Əzimbəyli "Şərq”ə açıqlamasında bu aksiyanın davamlı olaraq "Yeni Üfüq”ün gəncləri tərəfindən reallaşdırıldığını deyib: "Gənclər bu aksiyanı təkcə Şəhidlər Xiyabanında keçirməklə kifayətlənmir. Onlar "Hər ay bir gün” adlı aksiya çərçivəsində ayda bir dəfə qəhrəman şəhidlərin yaşadıqları binalara vurulmuş şəhid lövhələrini və lövhələrin ətrafını təmizləyirlər. Gənclərimiz milli qürurumuz olan qəhrəman şəhid övladlarına münasibətdə biganə olmadıqlarını nümayiş etdirirlər”.

S.Əzimbəylinin sözlərinə görə, bu kampaniyanın əsas məqsədi ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdir:

"Onu da deyim ki, aksiyalarımız kifayət qədər effektiv olur. Belə ki, Birliyin gəncləri şəhid məzarlarını, lövhələrini təmizlədiyi zamanlar istər-istəməz onların bu addımı diqqət çəkir və ətrafdakı digər gənclər də bu aksiya ilə maraqlanırlar. Bəzi hallarda isə gənclər də Birlik üzvlərinə qoşulub, Xiyabanda təmizlik aparırlar. Bizim gənclərin "Hər ay bir gün” aksiyası ilə bağlı videoçarxları da var”.

Yaxın Şərqdə baş verən qanlı terror hadisələrində bəzi ölkə gənclərinin alətə çevrilməsinin olduqca üzücü və təəssüfləndirici olduğunu vurğulayan Birlik sədri deyib ki, "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri bu aksiya vasitəsilə həmin yad düşüncəli "gənclərə” bir növ xatırlatma edir ki, Qarabağ boyda faciəsi olan hər bir gəncin cihad yeri da məhz Qarabağ olmalıdır: "3 ilə yaxındır ki, bizim layihəmiz davam edir. Elə layihənin davamlı olmasının özü də gənclərimizin şəhidlərimizə nə qədər bağlı olmasının göstəricisidir. Millətini, dövlətini, bayrağını sevən hər bir gənc şəhidinə də sahib çıxmalıdır”.

Xüsusi adlar üzrə mütəxəssis, filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərli də gənclərin bu addımını faydalı bir aksiya kimi qiymətləndirib. Onun sözlərinə görə, şəhidlərimizin xatirəsinə yüksək ehtiram, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindən başqa, bu aksiya tarixi baxımdan da çox əhəmiyyətlidir. Çünki o lövhələr də böyük bir mənəvi-tarixi irsdir: "O lövhələrdə şəkli, adı-soyadı, doğum və şəhadət günləri göstərilən şəxsiyyətlərin hər biri böyük bir tarixin müəllifləridir. Hər dəfə o lövhələri görəndə bu tarixin ayrı-ayrı epizodları gözlərin önündə canlanır. Mənsub olduğun xalqın necə qəhrəmanlar yetirdiyini bir daha düşünürsən. Bununla qürur duyursan. O lövhələrdəki tarixləri öz təvəllüdünlə müqayisə edirsən, illər ötür insanın öz yaşı o lövhələrdəki yaşlardan xeyli irəli gedir, amma o insanlar yenə də səndən böyük görünürlər. Bu, çox qəribə bir hissdir”.

Y.Cəfərli qeyd etdi ki, bu cür aksiyalar küçə adlarımızla bağlı maariflənmə işinin aparılması üçün də faydalıdır. Nəzərə alaq ki, həm Bakı şəhərində, həm də respublikamızın digər şəhərlərindəki bir çox küçələr şəhidlərimizin adını daşıyır. Yerli sakinlər küçə adlarının tarixini bilsələr də, ərazinin yeni sakinləri, yaxud qonaqlar bəzən bu adların kimlərə aid olduğunu bilmirlər. Bu cür aksiyalar iştirakçı gənclərə imkan verir ki, şəhidlərimizin timsalında onların xatirəsini yaşadan küçə adları haqqında da ətraflı bilgi toplasınlar və bu bilgiləri başqaları ilə bölüşsünlər.

"Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə deyib ki, "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclərinin belə bir tədbirə imza atmasını ancaq alqışlamaq olar: "Bundan gözəl nə ola bilər ki!? Şəhidlər torpaqlarımızın müdafiəsi uğrunda öz canlarından keçiblər. Onların uyuduğu məzara sayğı göstərmək və adlarının əbədiləşdirildiyi yerlərə qayğı ilə yanaşmaq elə şəhidlərimizin xatirəsini yaşatmaq deməkdir. Şəxsən mən öz adımdan həmin gənclərə minnətdaram. Hesab edirəm ki, digər gənclər təşkilatları da bu cür təqdirəlayiq aksiyaya qoşulmalı və öz üzvlərini səfərbər eləməlidir.

Düzdür, şəhidlərimizin xatirəsini əziz tutan, şəhid ailələrinin haqları uğrunda mübarizə aparan QHT-lərimiz var. Amma gənclərin bu addımı tamam başqa bir şeydir. Bu o deməkdir ki, bugünkü Azərbaycan gəncliyi də öz ata-babaları kimi bu torpaq uğrunda savaşmağa, ölməyə hazır vəziyyətdə dayanıb. Çox şadam ki, Azərbaycanda şəhidini unutmayan, özlərini onlara borclu hesab edən bir gənclik yetişib”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da gənclərin bu addımını birmənalı olaraq dəstəklədiklərini deyib: "Gənclərin məhz bu istiqamətdə aksiyalar təşkil etməsi çox gözəldir. Şəhidlərə sayğı vətənpərvərliyin bünövrəsini təşkil edir. Şəhid məzarlarının təmizlənməsi, Xiyabanın abadlaşdırılması hər zaman Qarabağ Azadlıq Təşkilatının diqqət mərkəzində olub. Ötən il Ağdamın işğal günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edəndə biz məzarların diqqətdən kənar qaldığının şahidi olduq. Şəhidlər Xiyabanında olan məzarların hər birini ziyarət edib, məzarları nəzərdən keçirdik. Məlum oldu ki, şəhidlərin bir neçəsinin baş daşları əyilib, bəzilərində çatlar yaranıb. Məzarların ətrafında heç bir abadlıq işləri aparılmayıb, hər yan kol-kos içindədir. QAT üzvləri olaraq biz elə oradan birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin binasına qədər piyada yürüş elədik. Bakı meri Hacıbala Abutalıbov bizi qəbul elədi və problemlə bağlı uzun müddət söhbət apardıq. Hacıbala müəllim də qeydlərini götürüb, elə yerindəcə müvafiq şöbələrə zəng edib öz tapşırıqlarını verdi. Həmin görüşdən sonra iki-üç ay müddətində biz Şəhidlər Xiyabanında bərpa və abadlıq işlərinin görüldüyünün də şahidi olduq. Amma atılan addımlar kifayət etmədi. Bilmirəm vəsaitləri çatmadı, yoxsa marağında olmadılar. Yuxarıda da dediyim kimi, gənclərin bu cür aksiya keçirərək Şəhidlər Xiyabanında abadlıq işləri aparması təqdirəlayiqdir. Amma Xiyabanda təmir işlərinin görülməsinə də çox böyük ehtiyac var. Dövlət orqanları da bu aksiyadan nümunə götürüb, şəhid məzarlarına diqqət ayırmalıdır. Eyni zamanda digər gənclər təşkilatları da "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclərinə dəstək verməli və məsələ kütləvi xarakter almalıdır”.

Hərbi ekspert Üzeyir Cəfərov gənclərin bu addımının çox gözəl təşəbbüs olduğunu deyib: "Biz hər zaman deyirik ki, gənc nəslin vətənpərvərlik tərbiyəsində böyüməsində Vətənin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza diqqət və qayğının böyük təsiri var. Şəhidlər Xiyabanındakı hər məzar gənclərimiz üçün qəhrəmanlıq nümunəsidir. Onlar öz ölümlərilə özlərindən sonrakı gənclərə böyük bir vətənpərvərlik məktəbi qoyub getdilər. Sevindirici haldır ki, gənclərimiz də şəhidlərimizi unutmur, onların xatirəsini daim əziz tuturlar. Gəncliyin hər zaman ayaqda qalması, vətənpərvərlik hissini qoruması üçün bu cür aksiyaların davamlı və kütləvi xarakter alması gərəkdir. Hesab edirəm ki, gənclərin bu aksiyası geniş təbliğ olunmalı və ictimaiyyət üzvləri də onlara dəstək olmalıdır”.

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclərinin bu aksiyasının hərbi vətənpərvərlik nümunəsi olduğunu vurğulayan ekspert təəssüflə qeyd edib ki, bəzi hallarda Vətən uğrunda şəhid olan insanların xatirə lövhələri, heykəlləri bilərəkdən və ya bilməyərəkdən diqqətdən kənarda qalır: "Bu cür təbliğat metodu seçilərsə, gənclərdə vətənpərvərlik və döyüş ruhu bir az da artacaq. Bütövlükdə milli dəyərlərimizə söykənən və bu dəyərləri düşüncələrində, davranışlarında, iş fəaliyyətində yaşadan gənclərimiz çoxdur. Sadəcə, çalışmaq lazımdır ki, aparılan təbliğat nəticəsində onların sıraları bir qədər də genişlənsin. Milli dəyərlərə önəm verən təşkilatlara şərait yaratmaq və onları stimullaşdırmaq lazımdır. Unutmaq olmaz ki, sözügedən gənclər milli-mənəvi dəyərlərin daşıyıcılarıdır və onların üzərinə böyük iş düşür. Hesab edirəm ki, hər bir Azərbaycan gənci Şəhidlər Xiyabanına, şəhid məzarlarına diqqət və qayğını vətənə, torpağa bağlılıq kimi qəbul etməli, onun azadlığı uğrunda aparılan mübarizə kimi dəyərləndirməlidir. "Hər ay bir gün” aksiyası da milli mənlik şüurunun gənclərə aşılanması istiqamətində təbliğat-təşviqat işlərinin tərkib hissəsi kimi ciddi xarakter almalıdır. Bu aksiya təkcə Bakı şəhəri yox, bütün respublika ərazisində həyata keçirilməlidir”.

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi yaranan gündən onlarla əməkdaşlıq etdiyini vurğulayan "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov mütəmadi olaraq onların tədbirlərində iştirak etdiyini vurğulayıb: "Birliyin gəncləri uzun müddətdir ki, bu cür əhəmiyyətli aksiyalar həyata keçirirlər. Bakının bütün rayonlarında, küçələrində olan şəhid lövhələrini, barelyeflərini silib- təmizləyir, üzərlərinə gül-çiçək dəstələri qoyurlar. Eyni zamanda, Şəhidlər Xiyabanında da abadlıq işləri aparır, qəbirlərinin üzərini təmizləyirlər. Bayram günlərində küçələri süpürən qadınları təbrik edib, onlara gül verirlər. O cümlədən də Qurban bayramı zamanı qaçqın və məcburi köçkün, müharibə veteranları, şəhid ailələri ilə görüş keçirib, onlara qurban ətləri paylayırlar. Hətta Afrika ölkələrinin birində Azərbaycan adına artezan quyusu qazıb, düzəldiblər. Bir sözlə, bu təşkilatın gəncləri insani dəyərlər baxımından çox gözəl, alqışalayiq işlərlə məşğuldurlar. Onların bu aksiyasının Azərbaycan gəncləri üçün bir örnək olduğunu düşünürəm”.

Şəymən