Gərək qiymətlər ucuz olsun

Sərhədyanı bölgələrdə ticarət mərkəzlərinin yaradılması çox faydalı olacaq
“Çox güman ki, sərhəd ticarət mərkəzlərində əsas valyuta mübadiləsi dollarla aparılacaq. Fikrimcə, təşəbbüsün özü çox yaxşıdır, amma vurğulanan məqamları nəzərə almalıyıq”

Azərbaycanın sərhədboyu ərazilərində yeni logistika və ticarət mərkəzləri yaradılacaq. Bu barədə Strateji Yol Xəritəsində qeyd olunub. Bildirilib ki, beynəlxalq liman və aeroportun ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını təmin etmək üçün sərhəd zonalarında ticarət mərkəzləri tikiləcək. Eyni zamanda avtomobil və dəmir yolları arasında əlaqələr gücləndiriləcək.

Rayonlararası əlaqənin yaxşılaşdırılması məqsədilə avtomobil yollarının tikintisi və təmiri əsas prioritet olacaq. Əvvəlcə Qırmızı körpü, Astara, Xaçmaz bölgələrində logistika və ticarət mərkəzlərinin yaradılmasına başlanılacaq. 2025-ci ildən sonrakı dövrlərdə isə digər regionlarda tikiləcək.

 Nəzərdə tutulan layihə ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli məsələnin daha əvvəl gündəmə gətirildiyini deyib. Ekspertə görə, sözügedən layihənin Yol Xəritəsində yer alması nəhayət bu işin reallaşacağına ümid yaradır: 

"Rusiya, İran və Gürcüstan sərhədlərində ticarətin genişləndirilməsi müsbət haldır. Burada bir sıra məqamlara diqqət yetirmək lazımdır. Azərbaycan sərhədyanı ticarət mərkəzlərində satışa çıxaracağı məhsulların çeşidini və keyfiyyətini yüksəltməlidir. İndiki şəraitdə qiymətdə, keyfiyyətdə və həcmdə bir sıra ölkələrlə rəqabət apara bilmirik. Gürcüstanla sərhəd rayonlarında yaşayan əhalinin böyük əksəriyyəti gürcü məhsullarına üstünlük verir. 

Çünki qiymət baxımından həmin mallar bizimkindən daha ucuzdur. İran malları keyfiyyətsiz olsa da, qiymətə görə sərfəlidir və rəqabətə davamlıdır. Eyni zamanda Rusiya ilə sərhəd rayonlarda yaşayan insanlar şimal qonşumuzdan ərzaq, kolbasa, sosiska, yağ və süd məhsulları alırlar. Çünki daha ucuz başa gəlir. Əgər Azərbaycan tərəfindən ticarət zonalarında rəqabətə davam gətirən keyfiyyətli məhsullar və ucuz qiymətlər müəyyən ediləcəksə, bu, fermerlərin və sərhədyanı bölgələrdə yaşayan əhalinin dolanışığının yüksəlməsinə, gəlirlərinin artmasına gətirib çıxaracaq. Yox əgər rəqabətdə uduzsaq, onda vətəndaşlarımız qonşu ölkələrin məhsullarına üstünlük verəcəklər. Bu isə ölkədə valyutaya tələbatı artıra bilər. Çox güman ki, sərhəd ticarət mərkəzlərində əsas valyuta mübadiləsi dollarla aparılacaq. Fikrimcə, təşəbbüsün özü çox yaxşıdır, amma vurğulanan məqamları nəzərə almalıyıq. Azərbaycan məhsullarının xaricə satışını genişləndirmək lazımdır. Unutmayaq ki, nə qədər çox mal satarsaq, gəlirlərimiz də o qədər artacaq”.

İsmayıl