Girovun oğlu GİLEYLƏNDİ: “Yenə köhnə hamam, köhnə tas ! ”




"Atamla bağlı yeni bir xəbər yoxdur”.

Bunu "Sherg.az”a Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə artıq uzun zamandır, atasından heç bir məlumat ala bilmir:

"Yenə vəziyyət başa qayıtdı. Atamdan nə məktub, nə də video görüntü var. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mütəmadi olaraq atamgilə baş çəkir. Bizə də şifahi formada məlumat verirlər. Yəni atamdan birbaşa xəbər tuta bilmirik. Biz də oturub gözləyirik. 

Əlimizdən başqa heç nə gəlmir. Bu yaxınlarda atamla bağlı mətbuat konfransı keçirildi. Amma yaxınlarımızdan biri vəfat etdiyinə görə həmin tədbirdə iştirak edə bilmədim. Konfransda da heç bir yenilik olmadı. "Yenə köhnə hamam, köhnə tas” !.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. 

Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Kənan Eynuroğlu