Günah özlərindədir...

“Əgər ermənilər irəli sürülən tələbləri qəbul etsəydilər, regional layihələrdə onların da iştirakı mümkün ola bilərdi”









Ermənistan tərəfi Türkiyə ilə 2009-cu ildə imzalanan əlaqələri normallaşdırma protokollarını ləğv edəcəyini deyib. Xarici işlər naziri Edvard Nalbandyan deyib ki, Ermənistan dövlət başçısı Serj Sarkisyan sentyabr ayında protokolların etibarsız hesab olunacağını söyləyib. Nazirin sözlərinə görə, bu protokolların qüvvəyə minməsi istiqamətində müsbət addım atılmayıb:

"Bu səbəblə 2018-ci ili bu protokollar olmadan qarşılayacağıq”. Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında imzalanmış normallaşma protokollarında erməni tərəfinin işğal olunmuş Azərbaycan torpaqlarını boşaltması və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi tələbləri öz əksini tapıb. Lakin Ermənistan tərəfi bunlara əməl etmədiyi üçün Türkiyə parlamenti protokolları qəbul etməyib. Ermənistan parlamenti də protokolları qəbul etmədiyini açıqlayıb. Ekspertlərin fikrincə, Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar çoxdan tarixin arxivinə gömülüb.

Bu barədə "Şərq”ə fikirlərini bölüşən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqovun sözlərinə görə, erməni tərəfi protokolu ləğv etsə də, təsdiq etsə də, bunun heç bir əhəmiyyəti, mənası yoxdur. Çünki düşmən ölkənin yanaşması bizim üçün məna kəsb etmir: 

"Vaxtı ilə bu protokol imzalananda Türkiyə Ermənistanın qarşısında elementar hüquqa söykənən bir neçə şərt qoydu. Tələb etdi ki, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarını boşaltsınlar, qondarma erməni soyqırımı oyununu tərk etsinlər və Türkiyəyə ərazi iddialarından əl çəksinlər. Məlumdur ki, Ermənistan sadəcə Azərbaycan ərazilərini işğal etməklə qalmayıb, həmçinin, qondarma soyqırımı əlində bayraq edərək indiki Türkiyə ərazilərinə də iddia qaldırıb. Lakin xeyli vaxt keçsə də, ermənilər tələblərin heç birinə əməl etmədilər. Əlbəttə, belə vəziyyətdə qardaş Türkiyə işğalçı dövlətlə imzaladığı protokolu təsdiq edə bilməz. Bununla bağlı Azərbaycanın da mövqeyi hər zaman qəti və sərt olub”. Professor bildirib ki, Türkiyə yazıq günündə olan Ermənistana bir fürsət vermişdi ki, onlar bir az nəfəs alsınlar: "Əgər ermənilər irəli sürülən tələbləri qəbul etsəydilər, regional layihələrdə onların da iştirakı mümkün ola bilərdi. Türkiyə ilə ticari və iqtisadi münasibətlər normallaşardı. Ancaq düşmən ölkə bu fürsəti dəyərləndirmədi. Günah özlərindədir, qoy öz çərçivələri daxilində boğulsunlar. Əgər acınacaqlı vəziyyət erməniləri qane edirsə, qonşu ölkələrlə münaqişəli vəziyyətdə qalmaq və sərhədlərin açılmasını görmək istəmirlərsə, istədikləri kimi yaşasınlar. Təcavüzkar Ermənistan o qədər miflərlə yaşayıb ki, normal həyat və şəraitin nə olduğunu da bilmirlər”.


İsmayıl