Gürcüstan parlamenti Kutaisidən Tiflisə köçürüləcək

Qanunverici orqanın iki binada fəaliyyət göstərməsi bir sıra çətinliklər yaradır



Gürcüstan parlamenti Kutaisidən Tiflisə köçürüləcək. Bu barədə qərarı Gürcüstan parlamenti qəbul edib. Parlamentin 150 deputatından 77-i qərarın lehinə səs verib, iki deputat isə qərara qarşı çıxıb.

Yeni reqlamentə əsasən parlament Tiflisdəki köhnə binasına qayıdacaq. Bununla bərabər parlamentin binasının yanğın, fövqəladə və hərbi vəziyyətlər zamanı dəyişilə biləcəyi qeyd edilib. Yeni qərar Gürcüstan prezidentinin andiçmə mərasimindən sonra qüvvəyə minəcək.

Gürcüstandakı prezident seçkilərindən sonra birdən-birə parlament binasının köçürülməsi xüsusi maraq doğurur. Maraqlıdır, parlamentin əvvəlki binasına qayıtmasına səbəb nədir?

Tanınmış siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə, parlamentin Tiflisə köçürülməsi daha çox texniki məsələ ilə bağlıdır. Politoloq "Şərq”ə bildirib ki, qanunverici orqanın iki binada fəaliyyət göstərməsi bir sıra çətinliklər yaradır və əlavə xərclərə səbəb olurdu: 

"Gürcü siyasətçilər belə hesab edirlər ki, parlamentin fəaliyyətinin keyfiyyətinin artırılması və xərclərin azaldılması üçün onun Tbilisidə yerləşməsi daha məqsədəuyğundur. Parlamentin Kutaisidə yerləşən binası isə Gürcüstanın Daxili İşlər Nazirliyinə veriləcək. Nazirlik bu binada bir neçə struktur bölmələri, o cümlədən 112 məlumat mərkəzini və Polis Akademiyasını yerləşdirmək niyyətindədir”.

Politoloq bildirib ki, parlamentin paytaxta köçürülməsi siyasi proseslərin bölgələrə yayılmasının da qarşısını ala bilər: 

"Gürcüstanda elə bir vəziyyət yaranıb ki, "məxməri inqilab”lar məhz bölgələrdən başlaya bilər. Bu baxımdan, siyasi proseslərə nəzarət üçün qanunverici orqanın paytaxtda olması arzuedilən idi. Paytaxta nəzarət əsas şərtdir və odur ki, əsas siyasi institutların Tbilisidə yerləşdirilməsinə qərar verilib”.

Yeganə Bayramova