Gürcüstandakı aksiya ermənilərin ideyasıdır

Akif Nağı deyib ki, qonşu ölkədə təhlükəli oyunlar oynanır




Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında azərbaycanlı, gürcü və erməni gənclərinin sülh çağırışlı aksiyası keçirilib.

"Gənclər sülh hökm sürən Qafqaz naminə” şüarı altında keçirilmiş aksiyada müxtəlif ali məktəblərin tələbələri və gənclər təşkilatlarının üzvləri iştirak edib.

Aksiya iştirakçıları əllərində 3 dildə "Gənclər Qafqazda sülh istəyir!”, "Sülh və gələcək naminə”, "Azərbaycan və Ermənistan gəncləri Qafqazda sülh istəyir”, "Yeni nəsil sülhü seçir!” şüarları tutaraq bölgədə müharibə əleyhinə olduqlarını nümayiş etdiriblər. Aksiyaya Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze də dəstək olub.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, son günlər Gürcüstanda xoşagəlməz proseslər müşahidə olunur və bununla bağlı həddindən artıq narahatlığımız var: 

"Bir müddət əvvəl Gürcüstanın İctimai Televiziyasının Məşvərət Şurasına milli azlıqların seçilməsi ilə bağlı məlumat yayılmışdı. Təəssüflər olsun ki, azərbaycanlı QHT-lərin də iştirakı ilə keçirilən toplantıda ermənilərin namizədliyi qəbul olunmuşdu. Ermənilər çalışırlar ki, orada fəaliyyət göstərən azərbaycanlıları ələ alsınlar. Müvafiq dairələr tərəfindən maliyyələşdirilən ermənilər zaman-zaman azərbaycanlı QHT-çilərdən öz məqsədləri üçün istifadə edirlər. Mən bu kimi tendensiyaları qəbulolunmaz hesab edirəm”.

A.Nağının sözlərinə görə, sözügedən aksiyanın ermənilərin ideyası olduğuna heç bir şübhə yoxdur. Onlar azərbaycanlı gəncləri də öz təsir dairələrinə salıblar ki, gəlin Gürcüstanda ümumi bir aksiya keçirək: 

"Hesab edirəm ki, bu məsələ ilə bağlı Gürcüstandakı səfirliyimiz ciddi araşdırma aparmalı və ortaya yekun bir nəticə çıxarmalıdır. Bu aksiyanı təşkil edən və orada iştirak edən azərbaycanlı və gürcü QHT nümayəndələri barəsində ölçü götürülməli, onların Azərbaycana girişinə qadağa qoyulmalıdır. 4 il bundan əvvəl iki dəfə Gürcüstana səfər etdim və orada Qarabağ həqiqətləri ilə bağlı müəyyən təbliğati işlər apardım. Heç bir ay keçmədi ki, mənim Gürcüstana getməyimə qadağa qoydular. Həmin qadağalar hələ də qüvvədədir. Sözsüz ki, mənə qarşı atılan bu addımda erməni lobbisinin təsiri var. Gürcüstanda Azərbaycanın mövqeyinə zidd olan bir sıra oyunlar oynanır və hökumət heç bir reaksiya vermir”.

Şəymən