Hacıbala Abutalıbov: “Haqqımda yayılan informasiyalar yalan və iftiralardan ibarətdir”





"Ötən həftə bəzi kütləvi inormasiya vasitələrində -"xeberman.com", dia.az, və s.- mənim haqqımda müxtəlif informasiyalar yayılıb. Yayılan informasiyaların hamısı yalan və iftiralardan ibarətdir. Atalar belə halda gözəl deyiblər:"Yalan ayaq tutar, yeriməz”. Haqqımda verilən informasiyalarla dərc olunmuş sənədlər bir-birini tamamilə təkzib edirlər”.

Bu barədə "Sherg.az”a Fizika-riyaziyyat elmləri doktoru, professor, Baş Nazirin müavini Hacıbala Abutalıbov bildirib. O qeyd edib ki, bu informasiyaları ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunan Vidadi Əliyevdir: 

"Məlum faktı telefon danışığında "xeberman.com” saytının rəhbəri Polad Aslanov son anda etiraf edib. Bu, onun sənədləri saxtalaşdırma yolu ilə mənimsəmə və qanunsuz olaraq tikdiyi obyektlər haqqında məlumatlar aidiyyəti dövlət orqanlarına məlum olduqdan sonra öz gördüyü işləri ört-basdır etməyə çalışması və ona nail olmadıqda əvvəllər - məhkum olunduğu vaxtda - istifadə etdiyi böhtan dolu bir şantajdır.

 Mənimsəmə, sənəd saxtalaşdırılması barədə məlumatlar və onu dərc etmiş saytların rəhbərliyi haqqında məlumatlarlar rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib.

Özəlləşdirmə ilə əlaqədar verilən informasiyaların mənə heç bir aidiyyəti yoxdur. Əminəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmir və özəlləşdirə də bilməz.

Azərbaycan tarixində ilk və son olaraq Ümummilli Lider, Prezident Heydər Əliyevimizin imzaladığı Fərmanlarla (bütün məmurlar vəzifələrə yalnız Sərəncamla təyin olunublar və olunurlar) müxtəlif vəzifələrə təyin olunmuş, Yeni Azərbaycan Partiyasının iki nömrəli biletinin sahibi (bir nömrəli biletin sahibi Ulu öndərdir), bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevimiz tərəfindən böyük etimad göstərilərək daha yüksək vəzifəyə təyin edilmiş, bu günə qədər mənəviyyatını qoruya bilən və Ulu öndər Heydər Əliyevimizin yanına getməyə tələsən Hacıbala Abutalıbov isə bundan sonra mənəviyyatını 100 qat qorumalıdır və qorumağa çalışacaq. Zəhərli ilanın nə qədər günahı varsa, ona zəhər verən koramalın günahı ondan da çox böyükdür”.

Ayyət Əhməd