Türkiyədə süni intellektdən istifadə edənlərin payı bir il ərzində təxminən iki dəfə artıb. 65-74 yaş qrupunda bu texnologiyadan yararlananların göstəricisi ötən il 1,7 faiz olduğu halda, 2026-cı ildə 5,1 faizə yüksəlib.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən açıqlanan “2026-cı ildə süni intellekt statistikası” hesabatında bildirilib.
Məlumata görə, generativ süni intellektdən istifadə edənlərin ümumi payı 2025-ci ildə 19,2 faiz olduğu halda, 2026-cı ildə 37,6 faizə çatıb. Kişilərin 37,2 faizi, qadınların isə 38,1 faizi bu texnologiyadan istifadə edib.
Ən yüksək göstərici 16–24 yaş qrupunda qeydə alınıb - 64,9 faiz. 25-34 yaş qrupunda bu rəqəm 55,7 faiz, 35-44 yaş qrupunda isə 38,1 faiz olub.
Təhsil səviyyəsi yüksəldikcə süni intellektdən istifadə göstəricisi də artıb. Ali təhsillilər arasında bu göstərici 62,7 faiz, orta və peşə təhsili olanlarda 45,4 faiz, ibtidai və ya orta məktəb məzunlarında 35,5 faiz, ibtidai təhsili olanlarda isə 8,5 faiz təşkil edib.
Süni intellektdən istifadə edən şəxslərin 86,4 faizi bu texnologiyadan şəxsi məqsədlərlə, 37,3 faizi peşə fəaliyyəti, 32,6 faizi isə formal təhsil üçün yararlanıb.
Hesabatda biznes sektorunda da artım qeydə alınıb. Süni intellekt texnologiyalarından istifadə edən müəssisələrin payı 2025-ci ildəki 7,5 faizdən 2026-cı ildə 14 faizə yüksəlib. Ən yüksək göstərici telekommunikasiya, proqramlaşdırma və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisələrdə qeydə alınıb – 63,7 faiz.
Süni intellektdən istifadə edən müəssisələrin 51 faizi bu texnologiyanı marketinq və satış, 46,3 faizi tədqiqat və innovasiya, 43,4 faizi isə istehsal və xidmət prosesləri üçün tətbiq edib.
Araşdırmada süni intellektdən istifadəyə mane olan amillər də açıqlanıb. Texnologiyanı tətbiq etməyi düşünən, lakin hələ istifadə etməyən müəssisələrin 72,3 faizi müvafiq mütəxəssis çatışmazlığını, 66,4 faizi hüquqi qeyri-müəyyənlikləri, 65,4 faizi isə məlumatların qorunması və məxfiliyin pozulması ilə bağlı narahatlıqları əsas səbəb kimi göstərib.