Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon danışığını və Moskvanın dizel yanacağı ixracına imkan verən razılaşmanı tənqid edib. O, ABŞ-la danışıqlar aparan Ukrayna nümayəndə heyətindən diqqəti yayındırmaq üçün istifadə edildiyini iddia edib.
Sherg.az xəbər verir ki, araşdırmaçı jurnalist Heydər Oğuz bu məsələyə diqqət çəkərək Zelenskinin açıqlamalarını gündəmə gətirib.
H,Oğuzun diqqətə çatdırdığı məlumata görə, Zelenski Ukrayna nümayəndə heyətinin Floridada amerikalı rəsmilərlə danışıqlar apardığı vaxt Trampın Putinlə telefon danışığı aparmasını və Rusiyanın dizel yanacağı ixracına imkan verən razılaşmanı kəskin tənqid edib.

Ukrayna liderinin fikrincə, belə bir addım Rusiyaya əlavə maliyyə vəsaiti qazandırmaqla Moskvanın müharibəni davam etdirmək imkanlarını artıra bilər. Heydər Oğuzun paylaşdığı açıqlamada Zelenskinin narazılığının əsas səbəbinin də məhz bu olduğu görünür.
Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti sülh danışıqları apardığı bir vaxtda Rusiyanın enerji məhsullarının ixracına şərait yaradılması tərəfdaşlıq prinsiplərinə uyğun deyil.
“Bu, hazırda sülhü müzakirə etdiyimiz bir vaxtda baş verir: Amerika Rusiyanın dizel ixracına icazə verir. Bu, milyonlarla, milyardlarla dollar deməkdir. Nəticədə, hər şey insanlara, Ukraynaya qarşı - hamımıza qarşı müharibəyə doğru gedir”, - deyə Zelenski bildirib.
Heydər Oğuzun diqqətə çatdırdığı açıqlamada Ukrayna Prezidentinin ABŞ-ın bu qərarını danışıqlar prosesinə zidd addım kimi qiymətləndirdiyi də vurğulanır. Zelenski hesab edir ki, Rusiyaya əlavə gəlir əldə etmək imkanı verilməsi Moskvanın hərbi əməliyyatları davam etdirməsinə şərait yarada bilər.
Ukrayna lideri ABŞ-la danışıqlarda iştirak edən komandanın mövqeyinə də toxunaraq bildirib ki, nümayəndə heyətindən sadəcə “tüstü pərdəsi” kimi istifadə olunur.
“Bu, əlbəttə ki, vicdansızlıqdır. Tərəfdaşların atmalı olduğu addım, əlbəttə ki, bu deyil. Mənim fikrimcə, bu, təəssüf ki, güclü tərəfdaşlar tərəfindən verilən zəif qərardır”, – deyə Zelenski vurğulayıb.
Araşdırmaçı jurnalistin diqqətə çatdırdığı məlumatda qeyd olunur ki, Zelenskinin narazılığına səbəb Trampın cümə günü Putinlə telefon danışığı aparması və bundan sonra Rusiyanın dizel yanacağı ixracına dair razılaşmanın elan edilməsi olub.
Məlumata görə, Tramp Rusiyanın ABŞ və qlobal bazarlara dərhal 300 min tondan çox, noyabr ayında əlavə 500 min ton, daha sonra isə 1 milyon ton dizel yanacağı tədarük edəcəyini açıqlayıb.
ABŞ lideri, həmçinin Rusiyanın yaxın vaxtlarda əlavə 3 milyon ton dizel yanacağı tədarük edəcəyini bildirib.
Beləliklə, Zelenskinin açıqlamaları Vaşinqtonun Moskva ilə enerji sahəsində razılaşmasının Ukrayna ilə aparılan sülh danışıqlarına mümkün təsiri ətrafında müzakirələri gücləndirib.