Hadı Rəcəbli ilə görüşün nəticələri açıqlandı

Etimad Əsədov: "Hadı Rəcəbli təkliflərimizi bəyəndi"



Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Qarabağ qaziləri, müharibə veteranları və şəhid ailələri ilə görüş keçirib.

Bu barədə Sherg.az-a "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov məlumat verib.

 O, bildirib ki, Qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən görüşə "Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, "Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Vətən Müharibəsi Əlilləri ictimai Birliyinin sədri Firudin Məmmədov və özü qatılıb:

 "H. Rəcəbli şəhid ailələri və Qarabağ veteranlarını əlaqələndirən təkliflərlə, komissiyada görülən işlərlə bağlı məlumat verdi. Bildirdi ki, bu sahədə səsləndirdiyi fikirlər müəyyən mənada düzgün anlaşılmır”.

Qazi vurğulayıb ki, digər birlik rəhbərləri də müxtəlif problemlərin həlli üçün öz təkliflərini irəli sürüblər: " 
F. Məmmədov, M. Mehdiyev və F. Rzaquliyev də çox aktual mövzulara toxundular və millət vəkili onların təkliflərini müsbət dəyərləndirdi".

E. Əsədovun özü isə şəhid ailələri və müharibə veteranlarının övladlarının müsabiqədən kənar Dövlət Qulluğunda işlə təmin olunması sahəsində islahatlar gücləndirilməsi təklif ilə çıxıxş edib: 

"Daha bir təklifdə isə müharibə əlillərinin, qarabağ qazilərinin hərbi hospitallarda müalicə olunmasını irəli sürdüm. Həmçinin fiziki cəhətdən ən ağır vəziyyətdə olan 1-ci dərəcəli əlillərə qulluq edən şəxslərin, ailə üzvlərinin nəzərə alınması üçün əlavə müavinətlərin verilməsini gündəmə gətirdim. Ən vacibi isə şəhid ailələrinə verilən qanpulunun mərhələli şəkildə verilməsi məsələsini də millət vəkilinin diqqətinə çatdırdım. Bundan başqa, H. Rəcəbliyə böyük hörmətimin olduğunu ifadə edərək, Qarabağ qaziləri, müharibə veteranları və şəhid ailələrinin cəmiyyətin həssas təbəqəsi olduğunu, onlar barəsində fikir yürütdükdə diqqətli və qayğıkeş davranmağa ehtiyac yarandığını söylədim".

E.Əsədovun sözlərinə görə, yekun olaraq bütün təkliflər dinlənildikdən sonra millət vəkili həmin təşəbbüslərin ümumiləşdirilib 10 gün ərzində təqdim olunmasını bildirdi: 

"H.Rəcəbli bütün bunların həyata keçirilməsinə çalışacağını ifadə edib".

Aysel Aslan