Hadisəyə 500 min pul xərcləyən, cənablar... - Bir dəfə ayılın!
Antalyada azərbaycanlı Cavid 50 min dollara görə can verir
Kənardan görünən və görünməyən Azərbaycan... Görünən Azərbaycanla, görünməyən arasında kəskin ziddiyyət var. Bu, təzə kəşf də deyil. Zaman-zaman hansısa azərbaycanlı zənginin xarici ölkədə pullar səpələdiyinin çox şahidi olmuşuq. Xarici ölkələrdə ürəyi, əliaçıq, səxavətli, xeyriyyəçi kimi tanınanlar, Vətənə münasibətdə "Hacı Qara”ya, ya da "Xəsis cəngavər”ə dönüblər.
Biri elə, Telman İsmayılov - AST Telman. Moskvanın keçmiş "Çerkizov” bazarının sahibi. Hazırda beynəlxalq axtarışa verilib. Bir neçə sahibkarın qətlini sifariş etmək suçu ilə. Yadınızdadır, bir neçə əvvələ kimi Telman İsmayılov dünyanın ən varlı adamları sırasında yer alırdı.
Türkiyədə "Mardan Palace” tikdirmişdi. Açılışına dünya "ulduzlarını” dəvət etmişdi. Şakiradan başlamış, Cennifer Lopesə qədər... Milyardlar xərclənirdi belə gecələrə. Kimisinin başına dollarlar səpələnirdi, kimisinə brilliant qaşlı mikrofon hədiyyə edilirdi. Bizim yerli şou-biznesin nümayəndələrindən AST Telmanın hüzuruna gedənlərin adları da çəkilib vaxtilə. Xatırlatmaq istəmirik. Ürəkləri qanayar. Necə qarşılandıqları, əcnəbilərlə aralarına hansı fərqin qoyulduğunu özləri bilsələr də, parıltı, dəbdəbə gözlərini qamaşdırmışdı. "Xoş” xatirələri oyatmasaq yaxşıdı. Sonu nə oldu? Yavaş-yavaş var-dövlət əldən çıxmağa başladı.
Əvvəlcə müflis elan edildi, "Mardan Palace” satılası oldu. İndi isə qətl sifarişçisi kimi axtarışdadır və dəmir barmaqlıqlardan qaçmağa çalışır. O zaman da yazmışdıq ki, bu AST Telman Vətəni Azərbaycanda heç bir iş görməyib. Bir kasıbın, ehtiyaclının üzünü güldürməyib. Xeyir-dua, alqış qazanmayıb.
Bu gün də belələri var. Varını, dövlətini havaya sovuranlar. Doğrudur, onlar üçün könül əyləncələrinə pul sərf etmək hər şeydən öndədir. Onlar könül əyləncələrinə sərf olunan pulları havaya sovrulmuş hesab etmirlər. Düşüncələri budur çünki. Amma həqiqi ehtiyaclı birisi müraciət etdikdə rədd cavabı verirlər. Çox zaman sıxıntı çəkən, çıxılmaz vəziyyətdə qalanlardan heç xəbərləri də olmur. Maraqlanmırlar, onları maraqlandırmır, ona görə. İki örnək verəcəyik.
1 milyon üçün Bakıya gələn Hadisə və...
Türkiyənin TV 8 kanalında yayımlanan "Gəl konuşalım” verilişində bu günlərdə "konu” (mövzu, müzakirə predmeti) Azərbaycanın zəngin adamları olub. Verilişin aparıcıları Hakan Ural və Seda Akgül pop-star Hadisənin üzərindən Azərbaycanın zəngin adamları mövzusunu gündəmə gətiriblər. Hadisənin Yeni il bayramını Azərbaycanda keçirəcəyindən danışan aparıcılar 1 günlük çıxış üçün müğənninin 1 milyon türk lirəsi (500 min AZN) alacağını deyiblər. Sonra da bu xəbərə təəccüblənmirmiş kimi "Azərbaycanda pul var. Orada elə qadınlar (?! -red), elə iş adamları var ki, Hadisənin Bakıya 1 günlük səfəri üçün o pulu verə bilirlər. Onlar bir zənglə bizim məşhurları məclislərinə, evlərinə aparırlar. Bəzi azərbaycanlı iş adamları türk müğənnilərə hədiyyə də verirlər. Keçən il bir iş adamı ad günündə Tarkanı dəvət etmişdi Bakıya. Başqa biri bahalı saat vermişdi bizim sənətçilərə”. Pula şirniklənən aparıcılar özləri də Bakıda çıxış etməyə hazır olduqlarını deyiblər. Və etiraf ediblər ki, müğənni olmasalar da, şou-proqramlarda aparıcılıq edə bilərlər. Bəd ayaqda, bir-iki mahnı yazdırıb ifa da edərlər. Bunu belə də yorumlamaq olar; biz də oxuya bilərik. Guya, Azərbaycanda səhnə alanların hamısının səsi var ki!.. Doğru sözə nə deyəsən? Son illərin ifaçıları səsiylə gündəmə gəlmir. Kimisi evlənməklə, kimisi boşanmaqla. Kimisi soyunmaqla, kimisi də soyunacağını anons etməklə. Hər gün efirimizə yeni-yeni simalar çıxır. Tanınmaq üçün nəyə desən hazırdırlar. Təki məşhurlaşsınlar və biznes məşhurları da onlara vəsait xərcləsin. Amma qatıq həmişə tutmur, ayrana çevriləni də olur. Dediyimiz kimi, bizim imkanlılar, iş adamları pullarını əcnəbilərə xərcləməyi üstün tuturlar. Rəhmətlik Mirzə Ələkbər Sabir demiş: tacirlərimiz Sonyalara bənd olacaqmış... O vaxtın taciri indinin sahibkarı, iş adamı, biznesmenidir. Ad dəyişib, funksiya olduğu kimi qalır. Maalisəf!..
...imdad diləyən Cavid
Hadisəyə, lap haqq edirsə də, bir gecə üçün 500 min manat vəd edənlər Hadisənin Vətəni Türkiyədə - Antalyanın "Medical Park” xəstəxanasında çarəsiz qalmış azərbaycanlı - 14 yaşlı Cavid Abdullayevə nədən biganədir? KİV-də yer alan məlumatlara görə, C.Abdullayev sümük iliyi xəstəliyindən əziyyət çəkir. Ailəsi Cavidi xarici ölkələrə müalicəyə - Rusiyaya, Belarusa aparıb. Amma müsbət nəticəsi olmayıb. Sonra yaxınlarının məsləhəti ilə uşağı Antalyaya gətiriblər. İki il iki aydır ki, Cavid adıçəkilən xəstəxanada müalicə alır. Ailə müalicə xərcləri üçün 120 min dollar vəsait ödəyib. Lakin bundan artığına daha gücləri, imkanları çatmayıb. Xəstəxanaya 87 min 500 dollar borc yığılıb. Onlara güzəşt olunaraq borc 50 min dollara endirilib. Lakin ailənin bu məbləği ödəməyə artıq heç bir imkanı yoxdur. Borc ödənmədiyindən xəstəxana Cavidi artıq nə müalicə, nə də müayinələrə qəbul edir. Abdullayevlər ailəsi hazırda Antalyada köməksiz, çarəsiz durumdadır. Türkiyədə yaşayan və işləyən, bizneslə məşğul olan nə qədər soydaşımız var. Eləcə də hadisələrə, tarkanlara milyonlar sərf etmək üçün yarışa çıxmış zənginlərimiz - zahirən zəngin, daxilən kasıb soydaşlarımız. Gecələrin eyş-işrətindən bir dəfə ayılın.
Ayıla bilərsinizsə, əgər. Bir kasıba, kimsəsizə, yetimə, köçkünə, qaçqına, şəhid ailəsinə, imkansızlıqdan məktəbə gedə bilməyənlərə, ayaqyolunu özlərinə ev edən bəxti qaralara... yardım gözləyən, imdad diləyən, çarəsiz qalan insanlara əl uzadın. Bu da var-dövlətinizin zəkatı olsun, barı. Var-dövlətin fayda verməyəcəyi Gündə köməyinizə gəldi bəlkə...
Məlahət Rzayeva