"Bu halda yaxın gələcəkdə demək olar ki, böyük əksəriyyət pensiya ala bilməyəcək"
Nazirin pensiya yaşı ilə bağlı açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb
"Vətəndaş 30 il sosial sığorta ödəyirsə və 65 yaşa çatmadan rəhmətə gedirsə, ödədiyi pullar batır. Bu məbləğ həmin vətəndaşın ailəsinə ayrılmalıdır"
Milli Məclisdəki büdcə müzakirələri zamanı pensiya yaşı yenidən gündəmə gətirilib. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırıb. Parlamentari bildirib ki, "Pensiya sistemi haqqında" qanuna yenidən baxmağa böyük ehtiyac var: "Azərbaycanda qadınlar və kişilərin pensiya yaş həddini eyniləşdirdik. Bu, dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Son 10 ildə yaşa görə pensiyaya çıxmanı iki dəfə dəyişmişik. Ölkədə pensiya islahatlarının müsbət nəticəsini görmürəm.
Təklif edirəm ki, pensiya yaşı məsələsinə çox ciddi baxılsın”. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatın təklifinə münasibət bildirib. Nazir deyib ki, indi bütün ölkələrdə pensiya yaşı artırılır: "Pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb. Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə, 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bu, normaldır.
Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur. Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər pensiyalarının artması üçün daha çox pul ödəməlidirlər. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”. Nazirin açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri bir sıra məsələlərdə Avropa ölkələri ilə Azərbaycanın müqayisəsinin doğru olmadığını deyiblər.
Parlamentdə qaldırılan məsələni "Şərq”ə dəyərləndirən "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, pensiya yaşı həm kişilər, həm də qadınlar üçün standart 60 yaş olarsa, daha yaxşı olar:
"Vətəndaşların sosial sığortası 2 dəfə artırılsa, pensiya da 2 dəfə artırıla bilər söhbəti düzgün yanaşma deyil. Onsuz da bizdə maaşlar o qədər yüksək deyil və tutulmalardan sonra yerdə qalan məbləğlə yaşamaq çətindir. İşləyən bir şəxsin əməkhaqqından 25 faiz sosial sığorta, 14 faiz də vergi tutulur ki, bu da ümumilikdə 40 faizə yaxın edir.
Son illərdə dünyasını dəyişənlərin yaşına nəzər yetirdikdə, bu rəqəmin 50-60 yaş civarında olduğunu görürük və getdikcə ölüm yaşı cavanlaşır. Bu halda yaxın gələcəkdə demək olar ki, böyük əksəriyyət pensiya ala bilməyəcək. Üstəlik, burada başqa məqamlar da var. Vətəndaş 30 il sosial sığorta ödəyirsə və 65 yaşa çatmadan rəhmətə gedirsə, ödədiyi pullar batır. Bu məbləğ həmin vətəndaşın ailəsinə ayrılmalıdır”.
İqtisadçının sözlərinə görə, pensiya fondu əsasən dövlətin gəlirlərindən formalaşmalıdır:
"Təklif edirəm ki, 500 manatadək maaş alan şəxslərdən vergi tutulmasın, sosial sığorta isə çox az tutulsun. Yüksək maaş alanlardan daha çox sosial sığorta haqqı və vergi tutulmalıdır ki, az maaş alanlardan tutulmayan vəsait kompensasiya edilsin. Burada inkişaf etmiş ölkələrin, misal üçün, Norveçin təcrübəsini tətbiq etmək olar.
Onu da vurğulayım ki, bu günlərdə vergidən azad ediləcək maaş həddi ilə bağlı səslənən təkliflər normal deyil. 8 min manatadək maaşdan vergi tutulmasın nə deməkdir?. 8 min manat maaş almaq az qala milyoner kimi yaşamaq deməkdir. Məncə, 1000-dək maaşdan aşağı faizlə, daha çox maaş alanlardan isə yüksək faizlə vergi tutmaq lazımdır. Sosial bərabərlik və gəlirlərin ədalətli paylaşdırılması üçün bu, daha məqsədəuyğundur”.
İsmayıl