“Haqqı söyləmək narahatlıq yaradırdı”
Vasif Əzimov: “Meyxanaçılara narkoman, əyyaş damğası vururdular ki, ciddi qarşılanmasınlar”
İnsanı tanımaq üçün bəzən onun tərzi, davranışı, danışığı, bəzən isə hətta səs tembri belə barəsində fikir yaratmağa kömək edə bilir. Onu illər öncə tanıyanda ifası, daha dəqiq desək, səsindəki yanğı, avazı məni təsirləndirə bilmişdi. Hətta verilişimin ilk dəfə qonağı olanda elə yanıqlı oxudu ki, göz yaşımı saxlaya bilmədim. Ağlatdı bu səs məni. Avazında bir nisgil vardı, təsir etdi, insanın sarı siminə toxunmuş kimi kövrəltdi. Sonralar daha yaxından tanıya bildim qonağımı.
İnsanlığı sənətinin fövqündə dayandı. Bir çox sənət adamlarından fərqli olaraq təkəbbürdən uzaq, sadə, sadə olduğu qədər də diqqətli bir insanı açmış oldum. Sonralar onu sevənlərin də sayı çoxaldı, ifasını bəyənənlərin də sayı artdı, hətta onunla duet oxumaq istəyən populyarların da sevimlisinə çevrilə bildi. Söhbət gənc ifaçı, müğənni, meyxanaçı Vasif Əzimovdan gedir. Vasiflə bu dəfə də "Şərq”in qonağı olaraq həmsöhbət olmağa çalışdım.
- Uzun illərdi bu sahədə çalışsanız da, son 5 ildə populyarlıq qazana bildiniz. Nə idi mane olan? Meyxanaçılara birmənalı yanaşılmırdı, ciddi qarşılanmırdız deyə?..
- Uzun illərdi bu sənətlə məşğul oluram. Amma 5 ildi tanınmağa başladım. Daha dəqiq desək, meyxana aləmində tanısalar da, kütlə tərəfindən son illər tanındım. Bunu normal qarşılayıram. Sənətdə əziyyət çəkməsən, təcrübə olmasa, tanınmaq asan deyil. Qaldı ciddi yanaşılmamağa, şükür ki, mən davranışımda ona yol verməmişəm ki, mənə qeyri-ciddi münasibət olsun. Sovet dönəmlərində meyxanaçılar barədə elə bir fikir yaranmışdı ki, onlara birmənalı münasibət yox idi.
- Ali təhsilli meyxanaçısan. İqtisadiyyatla meyxananı nə birləşdirdi? Az-az meyxanaçılar var ki, ali təhsil alıblar...
- Bəli, İqtisadiyyat İnstitutunu bitirmişəm. Təhsil aldığım sahə üzrə bir işlə məşğul olmaq istəyirdim. Amma qismət elə gətirdi ki, özümü musiqidə tapdım. 2001-ci ildən meyxana deyirəm. 2003-cü ildə 11-ci sinifdə oxuyanda kasetim çıxdı. O vaxt Alim Qasımov televizorda oxuyanda səsini diktafona yazırdım. Mənim muğama da böyük sevgim olub. Onu da deyim ki, bu sənətə gəlir mənbəyi kimi baxmamışam. Bilirsiz, meyxana, musiqi elə bir sənətdi ki, əgər istedadın varsa, o səni çəkib aparır.
- Meyxana ruhunuza daha yaxındı, ya musiqi?
- Seçim edə bilmərəm. Çünki ikisi də doğmadır. Meyxana elə bir sənətdir ki, bədahətən fikirləşib, onu çatdırmaq lazımdır. Bu da Allah vergisidir. Amma mən özümü tərifləmirəm, məndən də yaxşı meyxana deyənlər var. Bir sənət ki, bədahətən söylənir, bunu bayağı adlandırmaq haqsızlıqdı. Dünyanın heç bir millətində belə bir janra rast gələ bilməzsiniz. Bu bizə vergi kimi verilib. Meyxana demək, bədahətən şeir, qəzəl demək asan deyil. Bunun üçün təkcə savad yetərli deyil.
- Meyxana aləmində olanlara əyyaş, narkoman damğası da vuranlar az deyil...
- Sovet vaxtlarında bu damğalar vurulurdu. Çünki meyxanaçıların haqqı söyləmələri narahatlıq yaradırdı. Onlara narkoman, əyyaş damğası vururdular ki, ciddi qarşılanmasınlar. Şükürlər olsun ki, indi meyxanaya münasibət dəyişib, meyxanaçılar dövlət tədbirlərinə də gedir, efirə də çıxır.
- Meyxanaçılara ciddi yanaşmayanlar belə son illər meyxanaçı tanınmışlarla duetlərə üstünlük verdilər. Aygün Kazımovadan tutmuş digərlərinə kimi meyxanalı musiqilər ifa etməyə başladılar. Musiqili meyxana deyilir. Təqdimat düzgündürmü? Ya ifa etdiyiniz mahnılardı?
- Çox maraqlı bir məqama toxunmusuz. Meyxanaya ilk əvvəl bayağı janr kimi yanaşmaq yanlışdır. Bir sənət ki, bədahətən deyilir, qafiyə ilə, əruz vəznində, bu artıq sənətdi. Meyxananı qəbul etsələr də, etməsələr də, dünyanın heç bir yerində belə bir janr yoxdu. Hər insan meyxana deyə bilməz. Bu həqiqətən istedaddı, vergidi. Musiqili meyxana fikrini qəbul etmirəm. Mənim üçün musiqili meyxana sözü, janrı yoxdu. Mənim üçün musiqi var. Meyxana da ayrıca bir sənətdi - adı da meyxanadır. Meyxananın bir ölçüsü, bəhri, vəzni var. Bir mətni ki əvvəldən yazırsan, oxuyursan, aranjiman etdirirsən, bu meyxana deyil, mahnıdı. Mənim ifa etdiyim "Dərdini dinlə” mahnısında meyxanadan əsər-əlamət varsa, mən o fikir mübadiləsinə hazıram. Orda meyxana yoxdu. Bu musiqiyə diqqətlə qulaq asın, görün orda meyxana varmı? Lirik bir mahnıdı. Necə ki, türklərdə arabesk musiqilər var, heç kim də arabesk musiqiləri bayağı adlandıra bilməz, eləcə də bu janrda ifaları bayağı adlandırmaq haqsızlıqdı. Bəli, yeri gələndə, meyxana deyirəm, deyişirəm. Bu başqadı. Amma ifa etdiyim musiqilərin meyxana kimi təqdim edilməsi doğru deyil. İnsanlar sevərək bu musiqiləri dinləyirlər, ifaçı da ürəkdən o musiqini ifa edirsə, onu niyə bayağı adlandıraq? Musiqinin mətnində şeiriyyətə xələl gətirən heç nə yoxdusa, musiqi bəstəsi varsa, aranjiman varsa və bu mahnılar sevilirsə, niyə bayğı təqdim edilməlidir ki? Elit sayılan müğənnilərin repertuarında elə mahnılar var ki, orda sənət yoxdu. Amma estrada janrıdır deyə ciddi musiqi kimi qəbul olunur. Bizim ifamız bayağı olur? Nəyə görə? Meyxana bədahətən deyilir, deyişmə olur, mətn öncədən yazılmır. Mənim həm də sənətim meyxanadır. Bunu danmıram. Yeri gələndə mərasimlərdə meyxana deyirəm, lazım gələndə mahnılarımı ifa edirəm. Bunlar biri-birindən fərqli janrlardı.
- Sənətə gələn ilk dönəmlərdə sizə yuxarıdan-aşağı baxanlar bu gün sizi məclislərinə dəvət etməyə başladılar...
- Sənətə olan münasibət dəyişdi. Əvvəl meyxanaçılara yanaşma yanlış idi, elə təqdim edilmişdilər. Sanki bir damğa vurulmuşdu meyxanaçılara. O damğa illərlə meyxanaçıların yaradıcılığına təsirini göstərdi.
- Bu gün bir çox tanınmış estrada müğənniləri reperlərlə duet oxuyurlar. Bu duetlər prestijli layihə kimi təqdim olunur. Meyxanaya isə bayağı deyilir. Rep özü küçə musiqisi deyilmi? Axı rep də yüngül küçə musiqisi sayılıb...
- Aydın məsələdir ki, rep küçə musiqisindən yaranıb, formalaşıb. Amma meyxana folklor janrıdır. Bunu dana bilməzlər. Bir də meyxananın öz qaydaları var ki, bunlar olmadan meyxana yarana bilməz. Repdə isə o qaydalar yoxdu. Rep deməklə meyxana demək arasında böyük fərq var. Repi demək böyük istedad tələb etmir, meyxana demək üçün isə istedad lazımdı. Bunu hər insan söyləyə bilməz. Bayaq da qeyd etdiyim kimi, illərlə meyxanaya elə damğa vuruldu ki, hələ də fəsadları qalır. Amma bu gün meyxana ən böyük saraylarda, dövlət tədbirlərində səslənirsə, buna qeyri-ciddi sənət kimi baxıla bilməz.
- Bu sizi narahat edirmi?
- Təbii ki, bu gün meyxanaya da, bu sənətə də münasibət dəyişməyə başlayıb. Bizlərin üzərinə düşən böyük məsuliyyət var. Biz hər çıxışımızda, açıqlamalarımızda, təqdim etdiyimiz layihələrdə bu sənətin əslində nə qədər ciddi olduğunu göstərməyə çalışmalıyıq.
- Bayağı demişkən, əvvəllər meyxanaçı ilə duet oxumağı hər sənətçi qəbul etməzdi, reperlə isə prestij sayılırdı...
- Çox uzağa getməyək. Meyxanaçı Namiq Qaraçuxurlunun illər əvvəl Könül Kərimova, sonralar Aygün Kazımova ilə duetləri nə qədər böyük ajiotaja səbəb oldu. Könül Kərimovanın sənəti var, o, bayağı musiqi ifa etməzdi. Aygün Kazımova estradanın divası kimi qəbul edilirsə və bu sənətçi Namiqlə, meyxanaçı ilə duet oxuyubsa, deməli, bu sənəti bayağı təqdim etmək səhvdir. Yanaşma da zamanla dəyişməyə başladı.
- Bu gün bir çox gənc müğənnilər populyar olmaq üçün sizlərlə duetə üstünlük verir. Deyək ki, Vasif Əzimovla, Pərviz Bülbülə ilə duet oxuyanlar daha tez məşhurlaşır.
- Mən 17 ildir meyxana deyirəm. Təxminən 5 ildi tanınmağa başlamışam. Kim düşünür ki, "bu gün çıxdım, səhər parlayacam”, bu, yanlış düşüncədir. Qaldı ki bizə müraciətlərə, bəli, gənc ifaçılar daha çox duet oxumaq istəyirlər. Səbəbi də aydındı. Çünki insanlar bu janrı sevirlər, tələbat var, maraq var. Tələbat varsa, maraq varsa və bir az da məşhurluq varsa, orda uğur qazanmaq mümkündür. Mən özümüzü tərifləmək kimi iddiada deyiləm. Şükür edirəm ki, sevənlərim var, bu sənətə hörmətlə yanaşanlar var. Hər bir sənətçi üçün tamaşaçı sevgisi vacibdi. Allah bu sevgini bizə çox görməsin.
- Konsert layihəsi necə, nəzərdə tutulubmu? Bu qədər sevənləriniz var, mahnılarınız kifayət qədər məşhurdu...
- Əslində hesabat xarakterli konsert proqramı ilə tamaşaçı qarşısına çıxmağı düşünürəm. Hesabat konsertim olacaq inşallah. Hələ tam məkanı dəqiqləşdirməsək də, amma düşünürəm ki, hesabat verməliyəm. Bu həm özümə olan hesabatım olacaq, həm də sənətimə dəyər verən tamaşaçıya hesabat verməyə borcluyam. İnşallah, payız aylarında solo konsert verməyi düşünürəm.
Tahirə Məmmədqızı