"Hazırkı proses Ermənistan dağılana qədər davam edəcək” - Böhran dərinləşir






"Tarix sübut edir ki, ermənilər dövlətçilikdə bacarıqlı olan toplum deyil”.

Bu barədə "Sherg.az”a Ermənistanda baş qaldıran etirazları şərh edərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib. 

O diqqətə çatdırıb ki, 2-3 əsrdir, ermənilər başqa dövlətlərin hakimiyyəti altındadır, ciddi dövlət qurumu yarada bilməyiblər:

"Hazırda Ermənistan yenə də başqa dövlətlərin himayəsində yaşayır. Bu yaxınlarda məlumatlar açıqlandı ki, ABŞ başda olmaqla bir sıra Qərb dövlətləri Ermənistana humanitar yardımlar ediblər. Hətta normal şəraitdə bu cür yardımların ehtiyacının olması Ermənistan üçün utandırıcı haldır. Özünü idarə edə bilməyən dövlət Azərbaycanın ərazilərini işğal edib. Xüsusilə, işğal altındakı əraziləri saxlamaq böyük yükdür, çətinlikdir. Düşmənin yaranmış bütün problemləri işğal siyasətinin nəticəsidir. Boş şüarlarla cəmiyyəti nəzarətdə saxlamaq mümkün deyil. İqtisadi problemlər artmaqda davam edir, tezliklə həmin narahatlıqların siyasi müstəviyə keçəcəyi də istisna deyil. Hazırkı prosesi Ermənistan dağılana qədər davam edəcək”.

Ermənistanda bir müddət əvvəl keçirilən gizli prezident seçkilərini xatırladan QAT sədrinin sözlərinə görə, prezidentin təsdiq olunma mərasimindən sonra hökumətin formalaşması baş tutacaq:

"Güman ki, razılaşmaya əsasən Serj Sarkisyan baş nazir vəzifəsini tutacaq. Qeyd etməliyik ki, artıq xalqın içərisində Sarkisyan hökumətinə qarşı böyük narazılıq var. Onun yenidən hökumət başçısı olması isə Ermənistanda daxili gərginliyi daha da dərinləşdirəcək”.

Qeyd edək ki, bu gün Serj Sarkisyanın prezidentlik fəaliyyəti başa çatır, mövcud hökumət kabineti istefa verir, lakin yeni hökumət tərtib olunana kimi öz fəaliyyətini yerinə yetirəcək. Konstitusiya üzrə daha geniş səlahiyyətlərə malik olan Baş nazir isə aprelin 17-də parlament tərəfindən seçilməlidir.

Aysel Aslan