"HDP-nin PKK-ya dəstəyinə dair sübutlar var" - Fəzail Ağamalı




Türkiyə xüsusi xidmət orqanları Xalqların Demokratik Partiyasının (HDP) PKK-ya dəstəyinə dair sübutlarını ortaya qoyublar.

Bu barədə Sherg.az-a Türkiyədəki son prosesləri dəyərləndirərkən millət vəkili Fəzail Ağamalı bildirib. Deputatın fikrincə, HDP və onun nümayəndələrinin həbsi reallığı əks etdirir: 

"Səlahəddin Dəmirtaş və onun partiyası Türkiyədə xalqların istək və maraqlarını demokratik yolla ifadə etmək niyyətilə yaradılıb. Lakin bu təşkilat və onun təmsilçiləri PKK-nı dəstəkləməsi ilə daha çox seçilib. Burada həm siyasi, həm təşkilati, həm də maliyyə dəstəyindən söhbət gedir. Türkiyə və Rusiya arasında münasibətlər gərginləşən zaman Dəmirtaş Rusiyaya getdi və dövlət rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Onun Rusiyada xüsusi qarşılanması onlar arasında müəyyən mənada əməkdaşlığın yarandığını ifadə edə bilər. Bu gün Rusiya və Türkiyə arasındakı münasibətlərin normallaşmasına baxmayaraq Dəmirtaşın Ankaraya qarşı mövqeyini ortaya qoydu”.

F. Ağamalı qeyd edib ki, terrorla mübarizə fonunda Türkiyənin bu addımların reallığı əks etdirir: 

"Həmin şəxslər haqqında həbs qəti-imkan tədbirinin başlanması Türkiyənin düzgün addımı hesab olunmalıdır. Bu ölkənin parçalanmasına xidmət göstərən layihənin qarşısının alınması üçün həmin şəxslər haqqında ədalətli hökm veriləcəyinə ümid edirəm”.

Qeyd edək ki, Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş, Figen Yüksəkdağ və Türkiyə parlamentinin DHP üzvü olan 11 deputat da saxlanılıb. Deputatlar arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilib.

Aysel Aslan