Hədəf alverçilərdir

Cərimə öz avtomobilini satan sürücüyə tətbiq edilə bilməz



Avtomobillərdə reklam xarakterli informasiyanın yerləşdirilməsinin qanunla ciddi tənzim olunduğunu deyən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bu qaydaları pozan vətəndaşların cərimələnəcəyini deyib. O həmçinin avtomobil üzərində istənilən reklam xarakterli təsvirlərin də qanunla qadağan edildiyini deyib.

Şöbə rəisinin sözlərinə görə, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır. Avtomobilin şüşəsində "Satılır” yazısı yapışdırmağın reklam olduğunu qeyd edən K.Əliyevə görə, avtomobilin hansı şirkətə məxsus olduğunu bildirən ad və ya loqotip reklam hesab edilmir.

O həmçinin qeyd edib ki, bütün deyilənlər yeni qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi” qaydalarının pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.

"Digesta” firmasının direktoru, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, üzərində "satılır” sözü yazılan bütün avtomobil sahibləri qanunsuz reklam yaymaya görə cərimələnə bilməzlər: 

"Reklam haqqında” qanun fərq qoymadan "reklam” ifadəsi işlətsə də, reklam kommersiya məqsədli informasiyadır. Ona görə də hesab edirəm ki, bu cərimə öz avtomobilini satan sürücüyə tətbiq edilə bilməz. Çünki öz avtomobilini satmağı elan etmək kommersiya xarakterli reklam sayılmır (Qanunun 1.2-ci maddəsində göstərilib). Əgər kimsə peşəkar olaraq avtomobil alveri ilə məşğul olursa və satışa çıxardığı növbəti avtomobillər üzərinə belə yazı yazıb yolda idarə edirsə, onda qanunsuz reklamdan və cərimədən söhbət gedə bilər, çünki bu artıq kommersiya xarakterli reklamdır”.

Bununla belə hüquqşünas sürücüləri diqqətli olmağa çağırıb. DYP-nin bu məsələyə diqqət artırdığını qeyd edən Ə.Hüseynov deyib ki, artıq rəsmi məlumat da verilib: 

"Satış yerində qoyulan (yolda idarə edilməyən) avtomobil üzərinə yazılan hər hansı reklam yazısına görə isə cərimədən söhbət gedə bilməz”.

Şəymən