Həm sürücülər çaşır, həm də piyadalar - CİDDİ PROBLEM

Paytaxtda nə qədər belə yollar var ki, «zebra» çəkilib, amma yol nişanı yoxdur, gah da yol nişanı var, amma «zebra» yoxdur
"Mən şəxsən millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm. O qədər böyük intellekt sahibi olmalısan ki, həmin qurumu tapıb piyadaların həyatını xilas edəsən".
Bu sözləri piyada keçidləri ilə bağlı problemdən danışan millət vəkili Fazil Mustafa açıqlamasında deyib.
O bildirib ki, Bakıda piyada keçidlərində rəngi pozulmuş zolaqlar təzələnmir və bu isə piyadaların həyatının təhlükəyə atılmasıdır:
"Piyada keçidlərində rəngi pozulmuş zolaqların rənglənməsini əvvəllər Dövlət Yol Polisi yerinə yetirirdi. Nə zaman müraciət edirdin, dərhal gəlib həmin pozulmuş zolaqları yenidən rəngləyirdilər. İndi bu funksiya Bakı Nəqliyyat Agentliyinə verilib, artıq bu səlahiyyət dəyişikliyi olan gündən nə dayanacaqları yuyurlar, nə də bir neçə aydır rəngi solmuş zolaqları yenidən rəngləyirlər. Bir neçə dəfə yazdım, Milli Məclisdə çıxışımda ittiham etdim, bu qurumun operativ telefon nömrələrinə zəng etdirdim, adamlar boyunlarından atdılar ki, rəsmi olaraq bizə həvalə olunsa da, qeyri-rəsmi bu işə "Azəravtoyol”un xüsusi servis qurumu baxır. Ötən həftə Zabratda məhz piyada keçidində zolaq görünmədiyinə görə dərsdən çıxan bir uşağı nənəsi ilə birlikdə avtomobil vurdu. 
Allah üzlərinə baxdı ki, ölüm olmadı, ancaq hər ikisi də ağır dərəcəli sınıqla hələ də xəstəxanada yatırlar. BNA hiyləgərliyin yolunu da tapıb, yüksək dövlət məmurlarının daim hərəkət etdiyi yollarda bu funksiyanı layiqincə yerinə yetirirlər. Lakin mərkəzi yoldan uzaq yerləri yalnız özəl iri obyektlərdən vəsait aldıqları zaman onların qarşısındakı zolaqları rəngləyirlər”.
Millət vəkili boyanın keyfiyyəti məsələsinə də toxunub:
«Əslində, ağ boyanın keyfiyyəti ayrıca müzakirə mövzusudur. İnkişaf etmiş ölkələrdə boyanın tərkibinə hansısa "zibili” qatmadıqlarına görə uzun müddət yeniləməyə də ehtiyac duyulmur. Bizdə isə yeni rənglənən yer bir neçə həftədən sonra asfaltın rəngindən seçilmir.
Burada iki məqam ola bilər: ya bu boyaları qara bazarda satırlar və sənəd üzərində istifadə olunduğunu qeyd edərək böyük vəsait mənimsəyirlər, ya da həqiqətən də səlahiyyət bölgüsündə ənənəvi xaos hökm sürür. O halda Bakı Nəqliyyat Agentliyi bir qurum olaraq niyə yaradılıb? Gözləyirlər ki, hər həftə piyada keçidlərində beş-on adam ölsün, sonra bu sadə vəzifə borcunu yerinə yetirsinlər?”.
Millət vəkili vətəndaşlara canlarının salamat qalması üçün əllərinə ağ bayraq alaraq yolu keçmələrini «tövsiyə» edib.
Problemlə bağlı «Şərq»ə danışan Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı yol təsərrüfatının bərbad halda olduğunu dedi:
- Fazil bəy haqlı irad bildirib və çox həssas bir məsələyə toxunub. Piyada keçidi zolaqları, yol nişanları həqiqətən də böyük və ciddi bir problemdir. Paytaxtda nə qədər belə yollar var ki, «zebra» çəkilib, amma yol nişanı yoxdur, gah da yol nişanı var, amma «zebra» yoxdur. Belə hal həm sürücüləri çaşdırır, həm də piyadaları. Ona görə də qəzalardan qaçmaq mümkün olmur. Piyada zolaqlarının pozulması, görünməzliyi hamını narahat edən problemdir. Bir ilə yaxındır ki, bu vəzifə Bakı Nəqliyyat Agentliyinə verilib. Amma BNA-nın maddi-texniki bazası bu vəzifəni icra etməyə imkan vermir. BNA problemin həllini «Azəravtoyol»a yönləndirir. BNA təklif verir, «Azəravtoyol» isə həll etmir. Bu qurum heç kimin iradını qəbul etmir, uzun sözün qısası, fironluq edir. 
Millət vəkili haqlı irad bildirir ki, zolaqları hansı boya ilə çəkirlər ki, ömrü 1 aydan artıq olmur?! Həqiqətən də, piyada zolaqları məktəb təbaşiriyləmi çəkilir ki, uzağı 3 aydan sonra görünməz olur?! Dünya praktikasında piyada keçidlərinin zolaqları çəkilərkən alüminium, şüşə tozundan istifadə edilir ki, işıqqaytarma effekti yaransın və sürücü qaranlıqda zolaqları aydın görə bilsin. Bizdə isə belə bir hal yoxdur. Piyada keçidlərinin ümumiyyətlə işıqlandırılmadığı yerlər var. Bütün bunlar təhlükəni reallaşdırır. Bircə onu bilirəm ki, qəzaya uğrayanların ahı işinə səhlənkar, məsuliyyətsiz yanaşanları tutacaq bir gün.
Məlahət Rzayeva