Həmsədr dövlətlər ortaq məxrəcə gələ bilərlər

ABŞ və Fransanı, eləcə də digər Qərb ölkələrini Rusiya ilə barışdırmaq üçün Dağlıq Qarabağ problemi unikal imkandır



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı müşahidəçilərin sayının artırılacağını deyib. XİN rəhbəri bəyan edib ki, ATƏT sədrinin şəxsi nümayəndəsi müşahidəçilərin sayının artırılması üçün praktik parametrlərin razılaşdırılması istiqamətində çalışır: "Təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsi 2016-cı ildə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində müzakirə edilib. Bundan sonra razılaşma prinsipial olaraq ATƏT-ə ötürülüb”.

Ekspertlərə görə, təmas xəttində müşahidəçilərin sayının artırılması mövcud status-kvonun saxlanmasından və münaqişənin həllinin dondurulmasından savayı heç nəyə xidmət etmir. Hesab edilir ki, "təmas xəttindəki müşahidəçi” məsələsinin gündəmə daşınması münaqişənin real həllinin arxa plana keçdiyini göstərir. Yəni həmsədr ölkələr - ABŞ və Fransa problemin həllini Rusiyanın üzərinə atıb. Rusiya isə "müşahidəçi”, "snayperlər” və s. detallarla prosesi uzatmaqla məşğuldur.

Danışıqların predmeti ilə bağlı "Şərq”ə danışan siyasi şərhçi Azər Rəşidoğlu deyib ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı heç bir layihə təklif etməyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli prosesi bəlkə də yeganə məsələdir ki, Rusiya ilə Qərb arasında ixtilaf yoxdur: 

"Digər beynəlxalq proseslərə münasibətdə, misal üçün, Liviya, Suriya və s. məsələlərlə bağlı Rusiya və Qərb, xüsusən də ABŞ, Fransa arasında fərqli mövqe var. Lakin Dağlıq Qarabağ münaqişəsində həmsədr dövlətlərin üçü də eyni mövqedən çıxış edə bilərlər. Hətta bəzi Qərb ekspertləri deyirlər ki, ABŞ və Fransanı, eləcə də digər Qərb ölkələrini Rusiya ilə barışdırmaq üçün Dağlıq Qarabağ problemi unikal imkandır. Çünki tərəflər bu məsələdə ortaq mövqedən çıxış etməyi bacarırlar. Digər iki həmsədrin bu məsələdə bir qədər passiv mövqedə görünməsini şərtləndirən amil rəsmi Vaşinqton və Parisin təhlilləridir. Onlar bu nəticəyə gəliblər ki, istənilən halda münaqişənin bir tərəfi olan Ermənistana yüz faizlik təsir imkanına malik dövlət Rusiyadır”. 

Ekspertin fikrincə, ABŞ-ın və Fransanın indiki mərhələdə passivliyinin mahiyyətini başa düşmək olar. Çünki ABŞ-ın son milli təhlükəsizlik konsepsiyasında qeyd olunub ki, Amerikanın strateji maraqları içərisində Yaxın Şərq regionu ön mövqedə dayanır: 

"Rusiyanın xarici siyasət konsepsiyasına baxsaq, görərik ki, MDB məkanı strateji maraqlar içərisində birincidir. Rusiyanın Yaxın Şərqdə fəallığı Qərb tərəfindən mənfi qarşılanır. Eynilə Qərbin də MDB məkanında fəallığı Rusiyanı qıcıqlandırır. Çünki strateji maraqlar toqquşur. Tərəflər öz maraqlarını qorumaq üçün strateji sənədlərdə biri-birlərinə mesajlarını bu cür göndərirlər.

 İndiki şəraitdə Qərb bu kimi faktorları nəzərə alır, Rusiyanın fəallığına kənardan müşahidəçi statusunda qiymət verir. Bu baxımdan, ATƏT-in də nəzərləri Rusiyaya dikilib. Odur ki, bu qurumun ekspertlərinin nəyi müşahidə etməsinin önəmi yoxdur”.

İsmayıl