“Qarabağ probleminin həlli Rusiyasız mümkün deyil”
“Kreml iradəsini ortaya qoymadığı müddətcə, nə ABŞ, nə də Fransa münaqişəni həll edə bilər”
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda vurğulanıb ki, səfərdə əsas məqsəd cəbhə xəttindən ətraflı siyasi və hərbi məlumat öyrənmək, həmçinin, Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan sazişlərin icra məsələsini müzakirə etməkdir.
Bunun üçün həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər nazirləri və Dağlıq Qarabağın separatçı şəxsləri ilə görüşüblər. Vasitəçilər təmas xəttində baş verən gərginliklə bağlı dərin narahatlıqlarını dilə gətirərək tərəfləri təmkinli olmağa çağırıblar. Həmsədrlər bildiriblər ki, danışıqların davam etdirilməsi məqsədilə etimad atmosferinin yaradılması çox vacibdir. Bununla yanaşı, amerikalı və fransalı həmsədrlər münaqişənin həlli ilə bağlı açıqlamalar verərək prezidentlərin görüşünü təşkil etmək niyyətində olduqlarını bildiriblər. Xatırladaq ki, həmsədrlər tezliklə Vyanaya səfər edəcək və Minsk qrupunun digər üzvləri ilə bir araya gələcəklər.
Proseslərlə bağlı "Şərq”ə açıqlama verən siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib ki, həmsədrlərin bəyanatı saxtadır:
"Minsk Qrupunun amerikalı həmsədri ağlına gələni danışır. Onun sözlərindən elə çıxır ki, sanki münaqişədə günahkar tərəf Azərbaycandır. İnformasiyanın ötürülməsində anlayışın düzgün çatdırılmaması metodu var. Həm ərazi bütövlüyü haqqında danışırlar, həm də xalqların öz müqəddəratından dəm vururlar. Bunu deyən həmsədrlər bilməlidir ki, öz müqəddəratını həll etmə hüququ dövlətləri olmayan xalqlara məxsusdur. Ermənilər artıq bir dəfə dövlət qurublar. Vasitəçilər növbəti dəfə başımızın altına yastıq qoymaqla məşğuldur. Guya nəsə iş görürlər, əslində ortada heç bir iş yoxdur. 24 il ərzində Minsk Qrupu Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmayıb və bundan sonra da olmayacaq. Çünki burada söhbət xristian həmrəyliyindən gedir”. Ekspertin sözlərinə görə, aprelin 2-i Ermənistanda parlament seçkiləridir. Bu mənada həmsədrlərin bəyanatı daha çox düşmənə xidmət edir: "Keçmiş prezident Ter-Petrosyanın "ətraf torpaqlar qaytarılmalıdır” sözü seçkidə Sarkisyandan daha artıq səs yığmaq üçündür. Bunlar hamısı daxili auditoriyaya hesablanmış açıqlamalardır. Həmsədrlərin regiona səfər etməsi və görüşlər keçirməsi plan doldurmaq, sənədə "quş qoymaq” kimi bir şeydir. Vasitəçilərin məqsədi odur ki, Qarabağ münaqişəsi necə varsa, elə də qalsın. Atalar demişkən, "nə yardan doyurlar, nə də əldən qoyurlar”. Həmsədrlər bizə deyirlər ki, "siz müharibə yolu ilə torpaqlarınızı ala bilməzsiniz”, ermənilər də deyirlər ki, "biz torpaqları qaytarmırıq”. Belə problem həll etmək olarmı?!
Həm də vasitəçilər narahatdırlar ki, 31 mart soyqırımının 99-cu ildönümüdür, həmçinin, aprel savaşının bir ili tamam olmaq üzrədir. Düşünürlər ki, Azərbaycan tərəfi yenidən düşmənə ağır zərbə vura bilər. Təəssüflər olsun ki, siyasətdə aysberqin ancaq görünən tərəfini görürük, görünməyən daha böyük hissəsində isə xarici güclərin öz maraqları durur”.
Politoloqun fikrincə, problemin həlli Rusiyasız mümkün deyil:
"Rusiya Qarabağ məsələsində öz iradəsini ortaya qoymadığı müddətcə, nə ABŞ, nə də Fransa münaqişəni həll edə bilər. Amerika və Fransa məsələ həll etmək iqtidarında olsaydı, 60 ildən çoxdur davam edən Fələstin-İsrail davasına çözüm tapardılar. Qərb dünyası Koreya, Vyetnam və digər problemləri də həll edə bilməyib. İndi ABŞ və Fransadan olan həmsədr demarş edərək prosesdə onların da olduqlarını göstərməyə çalışırlar. Əslində isə Rusiya onların varlığını qəbul etmir”.
İsmayıl