Hər axşam oxucunun gözlədiyi “Bakı”

İndi fasilələrlə dərc olunan bu qəzetin Azərbaycan jurnalistika tarixində məxsusi yeri var



"Bakıda yaşlı nəsil yaxşı xatırlayar: "Bakı” - "Baku” axşam qəzetləri vardı. "Vardı” ona görə yazıram ki, indi varlığı ilə yoxluğu bilinməyən həmin qəzetlər görünmür. Məlum olduğu kimi, "Bakı” - "Baku” qəzetləri axşam çıxırdı və qəzet köşklərinin qarşısında bu qəzeti almaq üçün həmişə növbə düzülərdi. Niyə! Ona görə ki, ən son xəbərlər, tutaq ki, saat 17-də olan hadisələr bir saatdan sonra, saat 18-də oxuculara çatdırılırdı...”

Bu fikirlər, nasir, publisist, özünün də dediyi kimi ömrünün 25 ilini "Bakı-Baku” qəzetlərində yazmaqla keçirmiş Xeyrəddin Qocaya aiddir.

Niyə "Bakı-Baku” qəzetləri haqqında yazmaq istədik? Çünki, ötən əsrin ən populyar mətbu orqanlarından biri olan bu qəzet indi özünün ən səssiz, sakit, sanki tənhalığa çəkilmiş dövrünü yaşayır. Xeyrəddin müəllimin də dediyi kimi, bakılıların növbəyə durub "Bakı-Baku” axşam qəzetinin köşkə gətiriləcəyini gözlədiyi günlər arxada qalıb. Amma bu qəzet həqiqətən də Azərbaycan mətbuat tarixində əvəzsiz yer tutub.

İkidilli qəzet

"Bakı-Baku” axşam qəzetinin ən ümdə özəlliyi həm Azərbaycan, həm də rus dillərində nəşr olunmasıydı. Bununla da qəzet paytaxt sakinlərinin informasiya tələbatını tam və dolğun ödəyirdi.

"Bakı-Baku” axşam qəzetləri o zaman Bakı Şəhər İcraiyyə Komitəsinin təsis etdiyi mətbu orqanları idi.

"Bakı” qəzetinin ilk sayı 1958-ci il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdü. Beş il sonra, 1963-cü il iyulun 1-də "Baku” qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdı. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq idi. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edirdi.

"Bakı” və "Baku” qəzetləri respublika paytaxtının bir növ salnaməsinə çevrilmişdi. Təxminən yarım əsrlik dövrdə şəhər qəzetləri Bakıda yeni yaradılan nəhəng sənaye müəssisələri, idman qurğuları, sosial-mədəni təyinatlı obyektlər, yaşayış massivləri, mikrorayonlar, şəhərin müvəffəqiyyətlə yaşıllaşdırılması və başqa sahələr barədə oxuculara geniş məlumat çatdırırdı. Şəhər qəzetləri qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapdı və geniş oxucu kütləsinin rəğbətini qazandı.

Qəzetlərin şöhrətlənməsində onların yaradıcısı və ilk baş redaktoru Nəsir Əsədulla oğlu İmanquliyevin mühüm rolu olmuşdu. N.İmanquliyev 60 ilə yaxın müddətdə Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərmiş, eyni zamanda Bakı Dövlət Universitetində müəllim kimi çalışaraq gənc jurnalist kadrların yetişməsinə böyük əmək sərf etmişdi. "Bakı” və "Baku” qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrilmişdi. Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli yetişirdi. B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər bu sıradadırlar.

N.İmanquliyevdən sonra "Bakı” və "Baku” qəzetlərinə Şəmil Məmməd oğlu Şahməmmədov rəhbərlik etmişdi (1986-1990). 1990-cı ildən isə şəhər qəzetlərinin baş redaktoru vəzifəsində respublikanın Əməkdar jurnalisti Ağahüseyn Abbasəli oğlu Hüseynov çalışır.

"Bakı” və "Baku” qəzetləri dəfələrlə o illərdəki partiya və sovet orqanlarının, ictimai və yaradıcılıq təşkilatlarının mükafatlarına layiq görülmüşdü.

Növbə yaradan qəzet

25 illik ömrü "Bakı” - "Baku” qəzetlərinə yazmaqla keçən Xeyrəddin Qocanın əməkdaşı olduğu qəzet haqqında "Xalq” qəzetində maraqlı məqaləsi dərc olunub.

X.Qoca məqaləsində yazır ki, "Bakı” - "Baku” axşam qəzetlərində təkcə xəbərlər dərc olunmurdu, həm də bütün respublikamızın həyatı əks etdirilirdi, heç bir yenilik nəzərdən qaçmırdı:

- Bəlkə də bu ona görə belə idi ki, qəzetə jurnalistika elminə böyük töhfələr vermiş, redaktor və müəllim kimi minlərlə qələm sahibi yetişdirmiş Nəsir İmanquliyev kimi bir insan rəhbərlik edirdi. O, redaksiyaya istedadlı, kəsərli qələmləri olan, mətbuatda və ölkəmizdə tanınmış jurnalistləri toplamışdı. Üstəlik, çoxlu ştatdankənar müxbir Bakının hər tərəfindən, böyük quruculuq işlərindən yazılar hazırlayır, vaxtında redaksiyaya çatdırırdı. Beləliklə, redaksiyada gün ərzində iş qaynayar, hamı saat dəqiqliyi ilə işləməyə çalışardı.

Mən də institutda oxuyarkən "Bakı” - "Baku” axşam qəzetlərinin ştatdankənar müxbiri idim.

"Bakı” axşam qəzetində "Kafedra incəsənəti təbliğ edir” adlı ilk yazım 5 may 1970-ci ildə dərc edilmişdi. 1968-ci ildən isə V.İ.Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) "Gənc müəllim” qəzetinin bütün saylarında yazılarım dərc olunurdu. Adını çəkdiyim yazı isə həmin institutun bir kafedrasının işi haqqında idi. "Bakı” axşam qəzetində bu yazını o vaxt şöbə müdiri olan tanınmış jurnalist Ərşad Əhmədliyə təqdim etmişdim. Elə o yazıdan sonra Ərşad müəllim məni redaksiyaya cəlb etdi, can-başla bütün tapşırıqlara vaxtında əməl etməyə başladım. Bəzən gün ərzində o, məni iki-üç yerə yazı hazırlamağa göndərirdi. Bütün gün ərzində nahar etməyi belə yaddan çıxarırdım... Çox yorulsam da, hər dəfə qəzetdə imzamı görəndə bütün yorğunluğumu unudurdum. Yavaş-yavaş başqa şöbələrin müdirləri Şaban Şabanov, Şakir Abdullayev (artıq onlar dünyasını dəyişiblər), Əliabbas Əliyev, Fazil Rəhmanzadə, Yusif Kərimov, Şükufə Tağızadə və başqaları da mənə tapşırıqlar verirdilər. Yaza-yaza yazmağı öyrənirdim. Xəbər də yazırdım, reportaj da, zarisovka da, felyeton da, tənqidi yazılar da...

"Bakı” axşam qəzetinin əməkdaşlarına ona görə həyatım boyu minnətdarlıq hissi ilə yaşayıram ki, yazmağı həm də onlardan öyrənmişəm. Çünki onlar yazılarımı mənim iştirakımla redaktə edir, bütün səhvlərimi göstərirdilər.

Hər yerə vəsiqəsiz gedirdim, çünki ştatdankənar müxbirlərə redaksiyanın vəsiqəsi verilmirdi. Müxbir danışığında, davranışında, iş prosesində özünü elə aparmalıdır ki, hamı onun hazırlığını görsün, ona inansın. Biz hara getsək, sadəcə olaraq, Nəsir İmanquliyevin redaksiyasından gəldiyimizi deməyimiz kifayət edirdi. Çox yerdə onun adını çəkən kimi, deyirdilər: "Nəsir müəllim köhnə kişilərdəndir!”.

Ümumiyyətlə, o zaman jurnalist etikası hər şeydən üstün tutulurdu. Jurnalistin nitqi, yerişi-duruşu, geyimi... onun səviyyəsindən xəbər verir və bu xüsusiyyətlər, demək olar ki, "Bakı” qəzetinin bütün əməkdaşlarında vardı. Bəli, "Bakı” axşam qəzetində biz yazmağı öyrənməklə yanaşı, jurnalist etikasına da yiyələnirdik.

Yadımdadır, qəzetin xalq arasında böyük hörməti vardı. Heç vaxt görmədim ki, orada nəyi isə səhv yazsınlar, sonra da təkzib versinlər. Hər hansı bir faktı düzgün yazmamağa görə əməkdaşlar ciddi cavabdeh olardılar.

Bəzən redaktor Nəsir müəllim bizi yanına çağırıb, söhbət edir, hal-əhvalımızla, yaşayışımızla maraqlanırdı. Qəzetdə dərc edilmiş yazılar barədə fikirlərini söyləyir, irad və tövsiyələrini bildirirdi. Doğrudan da, bütün əməkdaşlar və ştatdankənar müxbirlər ona bir ağsaqqal və müəllim kimi hörmət edirdilər. Bizi dəhlizdə də görəndə ayaq saxlayır, böyük nəzakətlə guya nəyi isə soruşurmuş kimi, qısa söhbət edirdi. Doğrusu, biz də onunla görüşlərimizə sevinirdik. Xüsusən tapşırıqla material hazırlamağa gedərkən, bizi kabinetinə çağırır, məsələnin nə qədər ciddi olduğunu nəzərimizə çatdırır, hər yazının arxasında bir insan taleyinin durduğunu vurğulayırdı. Çünki o zaman bütün tənqidi yazılarla əlaqədar idarə, müəssisə və təşkilatların rəhbərləri gördükləri tədbirlər barədə redaksiyaya cavab verirdilər. Bakı şəhərində hər hansı bir çatışmazlıqdan, nöqsandan

yazarkən biz insanlara kömək göstərir, kimlərinsə haqqını müdafiə etdiyimiz üçün rahat nəfəs alır, ədalətsizliyi bərpa etməyə çalışırdıq.

Təsəvvür edin, səhər bizə yazı hazırlamaq tapşırılırdı və deyilirdi ən geci axşam saat 16-da həmin yazı şöbə müdirinin masasının üstündə olmalıdır. Elə də edirdik. Yazını gətirən kimi şöbə müdiri redaktə edir, rəhbərliyə verir, iki saatdan sonra, artıq, qəzetdə dərc olunub oxuculara çatdırılırdı.

Qəzetçilik belə olur...

Son dəqiqədə səhifədən hansı material isə götürülüb, yerinə daha ciddi yazı qoyulurdu. Tutaq ki, qəzet çapa gedərkən görkəmli bir şəxs təltif edilir və ya kim isə dünyasını dəyişirdi. İnsanlar bu xəbərləri ilk dəfə "Bakı” qəzetinin səhifələrində oxuyurdular.

Yadımdadır, şair Nüsrət Kəsəmənli ədəbiyyat və incəsənət şöbəsinin əməkdaşı idi, çox oxunaqlı, axıcı, lirik məzmunlu məqalələr yazırdı. Onun yazılarında biz şəhərimizə səhər-səhər düşən şehin də nəfəsini "duyur”, bir qızılgülün necə açılmasını da "görürdük”. Şöbə müdirləri Şaban Şabanovun, Şakir Abdullayevin, Ənvər Məşədiyevin tənqidi yazılarını, felyetonlarını oxumaqdan doymurduq. "Satirik qələmlə” rubrikası altında dərc olunan tənqidi yazılar da çox maraqlı olurdu. Biz ölkəmizin adlı-sanlı, tanınmış adamları ilə birgə reydlərə çıxır, tənqidi yazılar hazırlayırdıq. Yazılarımızın altında hamımızın imzası olardı. Yəni, bu adamlar yazdıqları faktlara görə məsuliyyət daşıyırdılar.

"Bakı” axşam qəzeti həm də rus dilində "Baku” adı ilə çıxırdı. Bizim yazılarımızı çox vaxt ruscaya tərcümə edib həm də "Baku” qəzetində çap edirdilər. "Bakı” - "Baku” qəzetləri keçmiş tariximizi, müharibə dövrünün qəhrəmanlarını, Azərbaycanın keçdiyi şanlı tarixi səhifə-səhifə, addım-addım araşdırır və işıqlandırırdı. Mən hələ indiyədək elə bir qəzet görməmişəm ki, "Bakı”-”Baku” qədər əhatəli, hərtərəfli mövzularla zəngin olsun. Adamlar tanıyırdım, deyirdilər ki, qəzeti başdan-ayağa, sətir-sətir oxuyurlar...

"Bakı” - "Baku” qəzetlərinə yazan müxbirlərin çoxu sonralar cəmiyyətdə müxtəlif mövqe tutdular, hörmət-izzət sahibi oldular. Biz həyatını dəyişənlərin xatirəsini minnətdarlıqla yad edir, onlarla keçirdiyimiz günləri əziz bir xatirə kimi heç zaman unutmuruq.

"Bakı” - "Baku” axşam qəzetləri əvvəlki kimi buraxılsaydı, nə gözəl olardı! İndi çıxan bəzi qəzetlərin əməkdaşları bilərdilər ki, qəzet necə olar, qəzetçilik nədir.

Bakı əhalisi, respublikamızın vətəndaşları bu qəzetləri hər axşam alıb həvəslə oxumaq zövqündən məhrum olublar!

Deyirlər, indi qəzetləri almırlar, oxumurlar. Burada bir həqiqət var. Oxuyan oxuyur, oxumayan da oxumur. Lakin "Bakı” - "Baku” qəzetlərini əvvəlki səviyyəsində buraxsınlar, görün, köşklərdə həmin qəzetlərin bircə nüsxəsi qalırmı?!

Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb