Hər bir dövlətin təhlükəsizliyi və sabitliyi önəmlidir

Regionda baş verən proseslər də türkdilli dövlətlərin inteqrasiyasını labüd edir




Sentyabrın 3-də Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti keçirilib. Sammitdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan prezidentləri, Macarıstanın Baş naziri iştirak edib. Zirvə görüşündə Türk Şurasına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. VI Sammitin işə başlaması türk dövlətlərinin birgə əməkdaşlığına impuls verəcək.

Azərbaycanın hər zaman türkdilli dövlətlərlə əməkdaşlığa böyük diqqət ayırdığını deyən politoloq Elçin Mirzəbəyli ölkə başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakını önəmli bir hal kimi dəyərləndirib. Bu cür görüşlərin türkdilli dövlətlər arasında inteqrasiyanı gücləndirmək məqsədilə həyata keçirildiyini qeyd edən E.Mirzəbəyli deyib ki, bu sammitdə türk dünyasının gələcəyi ilə bağlı konseptual baxış ortaya qoyulub, türkdilli dövlətlərin inteqrasiyası ilə bağlı bir sıra sənədlər imzalanıb: 

"Bütün bunlar isə türk birliyinin möhkəmlənməsi üçün kifayət qədər önəmli faktlardır. Türk dünyasının gəncləri arasında əməkdaşlığın genişləndirilməsi kimi sənədlərin imzalanması dövlətlərarası münasibətlərin gələcək perspektivi üçün geniş imkanlar açır. Əsas odur ki, dövlət başçıları tərəfindən ortada ciddi iradə var”. Özbəkistanın da bu sammitdə iştirakını xüsusi qeyd edən politoloq onların vaxtilə bu birlikdən bir qədər kənar dayandığını xatırladıb. Onun fikrincə, bu hal Türk Şurasının perspektivlərini daha da artırır. Eyni zamanda Macarıstanın müşahidəçi statusu ilə bağlı müraciət etməsi və qəbul olunması da mühüm faktlardan biridir: 

"TDƏŞ -inVI Sammiti türkdilli dövlətlərin inteqrasiyası baxımından bir növ dönüş nöqtəsi də sayıla bilər. Çünki hazırda bu birlik üçün əlverişli bir şəraitin olduğunu düşünürəm. Regionda baş verən proseslər də türkdilli dövlətlərin inteqrasiyasını labüd edir. Təbii ki, burada söhbət təkcə Azərbaycan-Türkiyə birliyindən getmir. Bu platformada assimilyasiya təhlükəsi qarşısında qalan Mərkəzi Asiya dövlətlərinin iştirakı da əhəmiyyətli yer tutur. Bu, ayrı-ayrılıqda hər bir dövlətin təhlükəsizliyi və sabitliyi baxımından mühüm faktordur”.

Rusiyanın da bu birliyə soyuqqanlı və anlayışlı yanaşdığını qeyd edən E.Mirzəbəyli hesab edir ki, Rusiya da Macarıstan kimi müşahidəçi kimi iştirak edə bilər. Rusiyada çoxsaylı türk xalqları da yaşayır və onlar hər zaman Rusiyanın inkişafı üçün çalışırlar. Bu, eyni zamanda Avroasiya məkanında türklərin və slavyan xalqlarının daha təhlükəsiz bir meqaqitə qurmalarına imkan yaradar.

Şəymən