Hər şəhərdə özünü doğruldub

Əliməmməd Nuriyev Eldar Əzizovu peşəkar və qabiliyyətli məmur kimi dəyərləndirdi




Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.

Eldar Əzizov dünən kollektivə təqdim olunub. Onu kollektivə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyev təqdim edib.
Tədbirdə şəhər icra hakimiyyətinin kollektivindən başqa Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin başçıları, Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Bakı şəhər prokuroru iştirak edib.
Qeyd edək ki, Səbail Rayon İcra Hakimiyyətinə isə kimin təyin ediləcəyi barədə hələ ki, heç bir məlumat yoxdur.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Eldar Əzizovu kiyafət qədər peşəkar və qabiliyyətli bir məmur kimi dəyərləndirib və ondan gözləntilərinin yüksək olduğunu deyib: "O, Azərbaycanın ən iri şəhərlərinə rəhbərlik edib və özünü də doğruldub. Həm Gəncədə, həm Sumqayıtda, sonuncu olaraq da Səbail rayonunda uğurlu işlər görüb. 

Düşünürəm ki, o, yeni vəzifəsinin də öhdəsindən uğurla gələcək. Bakı sıradan bir şəhər deyil. 2.5 milyon insan bu şəhərdə yaşayır. Uzun müddət paytaxtın nəzarətsiz qalması yaxşı hal deyildi. Bu boşluğun aradan qaldırılması təqdirəlayiq haldır. E.Əzizov şəhər təsərrüfatını yaxşı bildiyi üçün Bakı merinin səlahiyyətlərini yerinə yetirmək onun üçün çətin olmayacaq. Bu adam uzun müddətdir dövlət idarəçiliyində iştirak etmiş biri olaraq idarəçiliyin xırdalığına qədər bütün parametrlərinə bələddir”.

Bakıya mer təyinatının bu qədər yubanması səbəblərinə gəldikdə isə Ə.Nuriyev hesab edir ki, paytaxtın idarəsi daha çətin və məsuliyyətli bir vəzifə olduğundan başçı təyinatı ilə bağlı dərhal qərar qəbul etmək olmur: "İdarəetmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən istiqamətlər fonunda BŞİH-nin başçısının təyinatı bir az gecikir. Ancaq yaxın vaxtlarda bu vəzifəyə də təyinat olacağını güman edirəm. 

Eyni zamanda Bakı şəhərinin statusu ilə bağlı məsələyə də aydınlıq gətiriləcək. İdarənin təkmilləşdirilməsi istiqamətində Bakı şəhərində də müəyyən islahatların aparılmasına ehtiyac var. Yəqin ki, ölkə başçısının bu istiqamətdə də müəyyən planları var. Kimin ora icra başçısı təyin olunması məsələsini isə ölçüb-biçir. Oraya işgüzar, bacarıqlı, şəhərin iqtisadi, siyasi, mədəni əhəmiyyətini yüksək səviyyədə başa düşən bir insan icra başçısı təyin olunacaq”.

Şəymən