Heydər Əliyevin mətbuatın inkişafına böyük töhfəsi var

Ümummilli liderin səriştəli yönləndirməsi ilə media dövlət tənzimləməsindən, özünütənzimləmə mexanizminə keçə bildi



10 may Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də parlamentin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. ABŞ-ın Klivlend klinikasında uzun müddət müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin inkişafında da ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O, hakimiyyətə gəldiyi gündən bəri Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi xidmət göstərib.

1991-ci ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açılıb. Həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyulub.
Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra istər müstəqillik aktında, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət elan olunması və həmin konstitusiyanın 50-ci maddəsində "Məlumat azadlığının təsbit olunması”, hələ ondan əvvəl, 1992-ci ildə ilk dəfə Parlament tərəfindən "KİV haqqında” qanunun qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verib. Dahi öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, AMEA-da da yeni inkişaf mərhələsinin əsası qoyulub. Bütün bu faktlar Azərbaycanda ənənəvi media orqanlarının inkişafı ilə yanaşı, ilk internet-media nümunəsinin yaradılması üçün də geniş imkanlar yaradıb.

1998-ci ildə ölkənin mətbuatı üzərində senzuranın ləğv olunması yeni dövr jurnalistikasının yaranmasına yol açıb. Artıq KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul olunması ilə ölkə mətbuatının Avropa standartlarına uyğunlaşdırılması prosesi başlayıb. Yeni qanunda, həmçinin ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanlarının maddi-texniki imkanlarının gücləndirilməsi məsələsi də öz əksini tapıb.

Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında” qanunu təsdiqləməsi olub. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırılıb. "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edilib.

Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərman Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, mətbuat-dövlət münasibətlərinin möhkəmlənməsində həlledici rol oynayıb. Məhz ulu öndərin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, 2002-ci ildə o, "Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli hesab edir ki, "ümummilli lider Heydər Əliyevin Azərbaycan mediasının inkişafında dəstəyi o qədər yüksək və çoxşaxəlidir ki, bunları bir açıqlamada təsvir etmək qeyri-mümkündür. Azərbaycan mediasının dünya media məkanına inteqrasiya etməsi, demokratik dünyanın media standartlarına uyğunlaşması üçün hüquqi baza, məhz Heydər Əliyevin zamanında və onun tövsiyələri ilə yaradılıb.

Onun sözlərinə görə, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamız, bu baxımdan, əvəzedilməz istinad mənbəyidir: "Məhz 1995-ci il Konstitusiyası müstəqil Azərbaycan dövlətinin müstəqil, demokratik, beynəlxalq standartlara cavab verən mediasının ilk hüquqi tənzimlənmə sənədi olub. 1998-ci ildə media üzərindən senzura qaldırılıb, 1999-cu ildə isə media sahəsində Avropa məkanı üçün ən demokratik sayılan "KİV haqqında” qanun qəbul edilib. Məhz ulu öndər Heydər Əliyevin liderliyi ilə postsovet məkanında ilklərdən biri olaraq Azərbaycanda 2000-ci ildə media üzərində dövlət tənzimləmə mexanizmi aradan qaldırılıb, Mətbuat İnformasiya Nazirliyi ləğv edilib, əvəzində mediaya özünütənzimləmə mexanizmi tətbiq edilib. Bu, həmin dövr üçün çox riskli sayılan addım idi, indi də əksər ölkələr bu riski yaşamaqdan çəkinirlər. Bu günə qədər əksər postsovet ölkələrində hələ də media üzərində dövlət tənzimləyici mexanizmləri qalmaqdadır. Məhz ümummilli lider Heydər Əliyevin səriştəli yönləndirməsi ilə media dövlət tənzimləməsindən özünütənzimləmə mexanizminə keçə bildi”.
M.Ələsgərli deyib ki, Heydər Əliyev medianın hüquqi bazasını formalaşdırmaqla yanaşı, müstəqil medianın iqtisadi-maliyyə dayaqlarının möhkəmləndirilməsi üçün də gərəkən addımları atıb. Məhz onun göstərişi ilə mətbuat qurumlarının dövlət müəssisələrinə, xüsusən nəşriyyata olan borcları silinib. Beləliklə, dövlətin müstəqil, demokratik quruluşlu, eyni zamanda milli ruhlu mediaya dəstək göstərməsi mexanizmi və ənənəsi formalaşdı: "Paralel olaraq ulu öndər Heydər Əliyev media ilə dövlət qurumları arasında sağlam dialoq aparılması ənənəsini yaradıb. O, media təmsilçiləri ilə intensiv şəkildə görüşərdi və görüşdə qaldırılan problemlərin operativ şəkildə həll edilməsinə göstəriş verərdi. Bütün bunlar təkcə Azərbaycan üçün deyil, sovet şinelindən çıxmış, demokratik, müstəqil quruculuq yolu tutmuş bütün dövlətlər üçün bir örnək, nümunə olub. Bu gün nəzər yetirsək görərik ki, hansı postsovet ölkələri ki, Heydər Əliyevin hərəkətlərini təqlid ediblər, demokratik inkişafı hüquqi tənzimləmə ilə uyğunlaşdırıblar, həmin ölkələrdə inkişaf, sabitlik və firavanlıq var. Hansı ölkələr ki, fərqli yollar seçiblər, onlarda qeyri-sabitlik, narazılıq və geriləmə var”.

YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, 1991-ci ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açılıb: 

"Bəlkə də o vaxtlar ulu öndər Heydər Əliyev həmin illərdə hakimiyyətə gəlməsəydi, mətbuat sahəsindəki ciddi problemlər daha da dərinləşəcəkdi. Bu səbəbdən də, ulu öndər həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılmasını əsas vəzifə kimi qarşıya qoydu”.
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradılıb. Bu hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuat da daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı KİV-in sərbəst inkişafı, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olub: "Bu Fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edilib. Həmçinin, 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və "dördüncü hakimiyyət” funksiyasını həyata keçirən real gücə çevrildi. 

Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnən mediamız həmin dövrdə keçid dövləti kimi müstəqil Azərbaycanın atributuna çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən "Kütləvi informasiya vasitələri haqqında”, "Məlumat azadlığı haqqında” qanunlar qəbul edildi, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb