“Çox təəssüflər olsun ki, Qarabağ savaşında itkin və əsir düşən qadınların taleyi ilə bağlı əlimizdə heç bir məlumat yoxdur”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova erməni əsirliyində olan, itkin düşən azərbaycanlı qadınların taleyindən heç bir xəbər olmadığını deyib. Zorakılığın ən qəddar nümunəsini bizim xalqımızın yaşadığını vurğulayan Komitə sədrinin sözlərinə görə, Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində minlərlə Azərbaycan qadını ağlasığmaz təhqirlərə, zorakılığa məruz qalıb.
Doğrudan da, minlərlə günahsız azərbaycanlının əsir və girov götürülməsi, işgəncələrə məruz qalması, qətlə yetirilməsi və digər qeyri-insani rəftarla üzləşməsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən dəhşətli və qanlı səhifələrindəndir. Müxtəlif qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Qarabağ münaqişəsinin başladığı dövrdən ermənilər tərəfindən əsir və girov götürülmüş minlərlə azərbaycanlı etnik mənsubiyyətinə görə dəhşətli zorakılığa məruz qalıb.
Azərbaycan Respublikasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyət göstərdiyini vurğulayan Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə deyib ki, həmin komissiyaya dövlət qurumlarının əksəriyyətinin nümayəndələri daxildir: "Bu komissiya yarandığı gündən əsir-girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı işində iştirak edib və bu sahədə mərkəzləşmiş siyasəti həyata keçirib. Əsas fəaliyyəti də əsir və girov götürülmüş vətəndaşlarla əlaqədar olan məsələləri beynəlxalq məkanda daim diqqət mərkəzində saxlamaq üçün imkanlar yaratmaqdan ibarətdir. Xarici amili qabartmağım bir çoxlarında sual doğura bilər. Amma bu, səbəbsiz deyil. Beynəlxalq hüquqa görə, müharibə səngiyən aralıqda əsirlərin mübadiləsi həyata keçirilməlidir. Sırf bu işlə məşğul olan beynəlxalq humanitar qurumlar var. Azərbaycan da müntəzəm olaraq Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlıq edərək erməni əsirliyində olan azərbaycanlıların durumu barədə bir məlumat almağa çalışır. Hicran xanımın qaldırdığı məsələ kifayət qədər aktualdır. Çox təəssüflər olsun ki, Qarabağ savaşında itkin və əsir düşən qadınların taleyi ilə bağlı əlimizdə heç bir məlumat yoxdur. Buna da səbəb Ermənistanın yuxarıda qeyd etdiyim qurumlarla normal əməkdaşlıq etməməsidir. Və ən pisi də odur ki, bizim başqa təsir imkanlarımız da mövcud deyil. Bizim yeganə yolumuz bu məsələni gündəmdə saxlayaraq ermənilər əleyhinə haqlı ittiham materiallarına çevirməkdən ibarətdir. Paralel olaraq da, yaxınlarından, doğmalarından məlumat ala bilməyən vətəndaşlarımız Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilərlər. Hesab edirəm ki, Ermənistan əleyhinə açılan hüquqi davanın dərinləşməsi istənilən siyasi bəyanatlardan daha əhəmiyyətli və mühüm təsir gücünə malikdir. Ermənilər bizimlə münasibətdə özbaşınalıq edə bilərlər, amma Avropa Məhkəməsinin tələblərini yerinə yetirmək məcburiyyətində qalacaqlar”.
Şəymən