Hiddət yağışı... - Deputatı "ağ yuyub qara sərdilər"

Sosial şəbəkə istifadəçiləri Rasim Musabəyovu gücünü zavallı uşağa göstərməkdə qınayıblar



Millət vəkillərimiz ara-sıra özlərini "yandırır”. Artıq vəfat etmiş Astan Şahverdiyev sağlığında Rusiyada çörək pulu qazanan soydaşlarımızı "otxod” adlandırdı, bununla da "Allah rəhmət eləsin” duasından özünü məhrum qoydu. Başqalarının da adını çəkə bilərik. Hətta ən tanınmış, xalqın sevimlisi hesab edilən xanım deputatımız da düşünülməmiş ifadəsinə görə, illərin hörmət-izzətini heç etdi. İndi də deputat Rasim Musabəyov ictimai qınağa tuş gəlib. Hərçənd özünü "qalib” sayır və sosial şəbəkə istifadəçilərinin aktivləşməsini öz xidməti hesab edir.
Sosial şəbəkə vasitəsilə ictimai dəstək praktikasının uğurla nəticələndiyinə sevinir. Sanki ictimaiyyətin nəbzini yoxlayır. Eksperiment aparır.

Halbuki, rəy bildirənlərin böyük çoxluğu məhz deputata irad bildirənlər, tənqid və hətta təhqir edənlərdir.

Lətifəsi hörmətli Rasim Musabəyovdan uzaq, bu lap, nökərin evə gəlib sevincək "xan mənimlə danışdı, arvad! Dedi, ə, it oğlu, kənara çəkil” məsəlinə oxşayır.

Deputatın özünü "yandırması” isə, taleyin istehzası kimi görünsə də, məhz yanıq qoxusuna görədir. Hadisə belə başlayıb.

Milli Məclisin deputatı Rasim Musabəyov Bakıda yeraltı keçiddə popkorn satan uşağı həyasız adlandırıb və onun vergi ödəməli olduğunu istəyib.

Millət vəkili bununla bağlı özünün "Facebook" səhifəsində rus dilində paylaşım edib və paylaşımın altından popkorn satan uşağın şəklini paylaşıb.

O bildirib: "Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi "Azneft" meydanındakı yeraltı keçiddə popkorn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bütün bunlar Bakı və rayon hakimiyyətinin onlarla işçisinin gözü qarşısında baş verir. Şəxsən satıcıya və keçidin nəzarətçisinə etdiyim irada hələ heç bir reaksiya yoxdur. Au... məmurlar, siz bunu görmürsünüz? Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?".

Elə bundan sonra da feysbuk istifadəçiləri deputatı "ağ-yuyub qara sərməyə” başlayıb. Həmfikirləri də var – Bakını indi bunlar zəbt edib, "çuşkalar” filan... düşüncəsində olanlar. Məsələn, bu vətəndaşımız kimi:

Ruslan Kazimov: "Eto realnı primer urodsta. Vot imenno eti lyudi novıye xozyayeva Baku. İmenno oni. İ tut uje ni çem ne pomojeş”.

Sosial şəbəkə istifadəçiləri deputatı gücünü zavallı bir uşağa göstərməkdə qınayıblar. Həmçinin, R.Musabəyovun statusunu Azərbaycan dilində deyil, rus dilində yazması da qaxınc predmeti olub. Bundan sonrakı statusunu deputat rusca yazıb, Azərbaycan dilinə tərcüməsini də paylaşıb.
Budur:

"Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu, kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk statusu ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu.

Bu, mənim üçün sosial şəbəkə vasitəsilə ictimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın”.

Sosial şəbəkələrdə isə həqiqətən də hiddət yağışı müşahidə olunurdu:

Zöhrab Suleyman - Rasim müəllim, deputat bildiyim adam insanların əsas problemlərini seçicilərin istəklərini həyata keçirən olmalıdır. Sizdən bunu istəyən hansı seçici idi? Bəs digər əsas problemlər harada qaldı?

Bu qədər asandır bu cür cılız problemi qabartmaq?

Fuad Əliyev - Kiçik sahibkarlığa "popcorn" qoxusuna görə "müdaxilə" etdiniz, çox pis. Növbəti reaksiyanı ağacları kəsənlərə qarşı gözləyirik.

Samir Kazımlı - Hörmətli Rasim bəy, Şuşanın azad olunması üçün çalışsanız, daha yaxşı olar.
Şəhriyar Bayramzadə - Siz daha cəsarətli işlərə girişə bilmirsiz, balaca uşaqlara gücünüzü göstərib qələbəni qeyd edirsiz. Bravo. Təbrik edirəm. Bir də öz dilimizdə də öyrənin, səlis danışa, yaza bilmirsiz.

Qabil Əliyev - Müəlliflərdə vicdan var eee, sənin vicdanına nə qalacaq? İndi o uşaq daha popkorn satmır. Axşam evinə qazanc da apara bilməyəcək. Bax onda sənin vicdanına nə qalacaq?
Nəzakət Zeynallı - Maraqlıdır ki, sərf olunan elektrikdən, popkorn qoxusunun insanları narahat etməsindən, turistlərdən utanmaqdan danışdı, məktəbli uşağı popkorn satmağa vadar edən səbəblərlə maraqlanmadı. Əcəb vicdan tərəzisi var.

Şahin Musavi - İlk öncə təqdir edirəm ki, Azərbaycanca yazmağa başlamısınız. Dediyinizin əksinə olaraq sizin azərbaycandilli auditoriyanız daha çoxdur, nəinki rusdilli. Rusdilli olanlar da azərbaycanca çox gözəl bilirlər, bilmirsə də zəhmət çəksinlər, öyrənsinlər.

İkincisi, vurğuladığınız məsələ qlobal bir məsələ deyildi. Siz uşaq əməyinin istismarına diqqəti çəkməkdənsə, popkorn qoxusundan narahat olursunuz. Sizi bir deputat kimi başqa şeylər narahat etməlidir, Rasim müəllim, popkorn qoxusu yox. Sizə mandat buna görə verilməyib.
Sizi işsizliyə görə verilən (əslində verilməyən) müavinətlər, sosial təminat ala bilməyən çoxuşaqlı ailələr (əlillər, əmək qabiliyyətsiz şəxslər) maraqlandırmalıdır. Konstitusiyaya görə də çoxuşaqlı ailələrə dövlət yardım edir. Dövlət edir, amma o yardım onların əlinə çatmır. Belə şeylər qoy sizi narahat etsin. Əlində salfetka satan 10 yaşlı uşaqlar sizi narahat etsin. 130 ağac bir gecədə kəsildi, yox oldu. Belə şeylər narahat etsin sizi.

Bir də ki, siz rusca bu haqda post paylaşanda sizi dəstəkləyəndən daha çox tənqid edən gördüm mən.
Rüfət İmaniyev - İstehzalı münasibətlər dünya durduqca olacaq. Əsas odur ki, yazıldı və budur nəticə. "Min hünərin içində bir xətan olsa, insanlar o xətanı görəcək" Taleyran.

Elvin Bayramlı - Yəqin profilinizi məktəblilər ələ keçirib.

Şahnaz Kamal - Sanki Şuşanı alıb, əsirlikdə olanları xilas etmisiniz. Gücünüz ailəsinə 3-5 manat aparan kasıblara çatır?

Şahin Pənahov - Mövcud problemin aradan qaldırılmasında Sosial Mühitin Müqavimətinin və müsbət nəticənin əldə edilməsinin sivil yolu budur! Sosial problemlərin həllində Profilaktika və Terapiya üsullarından səmərəli istifadə edəndə cərrahi müdaxiləyə ehtiyac qalmır!

Rövşən Əliyev - Yeni yeraltı keçiddə bir kvadratmetrlik taxta popkorn masası qoymaq şəhərə heç bir zərər vura bilməz. Əsas zərər tarixi qala divarına gün düşməsinin qarşısını alan, onu rütubətdən çürüməyə məhkum eləyən min kvadratmetrlik dəmir-beton restoranların tikilməsidir.
Kamal Cavanşir - Başqa bir yerdə o insan əgər eyni gəliri əldə etməyəcəksə, öyünməli heç nə yoxdur burda, Rasim müəllim.

Fərhad Məhərrəmov - Öz adını və soyadını kiril əlifbası ilə yazan birisindən nə gözləyirdiz???
Rauf Binnətov - Hörmətli Rasim müəllim. Amerikada Starsbroug, McDonald's, KFC, hetta Microsoft, Apple, Google, Amazon, Facebook, kimi şirkətlər, onlayn şirkətlər, kafe-restoran şəbəkələri kiçik bir küçə ticarətiylə və ya bir balaca otaqda yaranıb.

Seva Asadova - Bir körpənin çörək puluna bais oldunuz, amma körpələrə uşaq pulu verməkdən imtina edirsiniz, bir dəfə də bu haqda məsələ qaldırın, hamı səfərbər olsun.

İlqar Mirzə - Keçidi həll etdiniz, indi qanunlara və dövlətin problemlərinə konsentrasiya ola bilərsiniz.
Raşid Həsən Mustafazadə - İstehzalı şərh yazanlara təşəkkür düşür. Sonunda ana dilinizdə status gördük sizdən.

Sevdacan Babayeva - Popkorn qoxusu kimi bir bəladan xilas etdiyiniz üçün əcnəbi qonaqlar sizin bu əvəzsiz xidmətinizi unutmayacaqlar!

Səmədağa Ağalarov - Mübarizənizin nəticəsini elan etdiniz, bəs o satıcı uşağın da dolanışığı ilə maraqlandınızmı ki, indi harada satır, evinə nə aparır, bəlkə evində xəstə, dərmana möhtac ailə üzvləri var... axı bizim pensiyalarımız yalnız ən yaxşı halda yağ çörəyə çata bilir axı, o da marqarin, düzdür?
Pavel Polanski - Siz də dünənki tənbehlərdən nəticə çıxarıb, bu gün artıq öz dilimizdə yazmısız. Bu da bizim qələbəmiz olsun.
Zülfiyyə Qurbanova Əbülfəz qızı - Başqa daha ciddi problemlərimizdən, məsələn, uşaq pulundan da yazsanız pis olmaz...

Aqşin Əsədov - Rasim bəy, afərin sizə, kiçik bir popkorn aparatı bir feysbuk statusu ilə yığışdırıldı. Zəhmət olmazsa bir dənə də status yazın Qala divarları yanındakı restoranlar yığışdırılsın. NK-nin "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin 4.2 və 4.3-cü bəndlərini əsas götürə bilərsiniz.

Əziz Əliyev - Xalqa daha çox arxalanın, Rasim!

İlahə R. Tağıyeva - Özünüzlə fəxr edin!!! Bir kasıb ailəni çörəksiz qoydunuz!!!!

Jalə Məmmədli - Çox aktual bir problem qaldırmısınız. Əhsən, tam rahat vicdanla yata bilərsiz. Uraaa.
Gülüstan Əliyeva - uşaq heç vaxt icazəsiz orda ola bilməzdi, yəni həmin uşaqdan kim rüşvət almışdısa, ondan vergi verilməsini istəmək lazım idi. Yazıq uşaq kefindən gəlib nəsə satmırdı, o uşağın problemi ilə maraqlanıb həll eləmək lazım idi, uşağı təhsillə, valideynlərini işlə təmin eləmək lazım idi.

İlqar Rəsulzadə - Bir vətəndaş kimi məni narazı turist yox, çörək pulu qazanmağa çalışan birinin əlindən işinin alınması narahat edir.

Rəsul Həsənli - Siz 2010-cu ildən millət vəkilisiz. Vəkili olduğunuz millətin işinə belə yarıyırsız? Məncə, problemin həlli yolu bu deyildi. Alternativ təklifiniz yoxdursa, mövcud təklifləri rədd etmək doğru deyil. Onu işindən, gündəlik dolanışığından etdiniz.

Və sonda: Hörmətli deputatımız sosial şəbəkə vasitəsilə ictimai səfərbərliyi uğurla sınaqdan çıxardısa, eyni üsulunu "Keşikçi dağ” məsələsində də həyata keçirsin. Gürcülər kimi.

Məlahət Rzayeva