
Hökumət çox qərarlıdır: Türkiyə daha nə Qərbi eşidəcək, nə də ABŞ-ı
“Rəsmi Ankara və türk xalqı təhlükəsiz və rahat şəkildə yaşamaq istəyirsə, xalqa qarşı olan bütün ünsürləri aradan götürməlidir”
Ötən gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarla ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford arasında görüş olub. Görüş ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. General Akarın ABŞ-lı həmkarı ilə 6 saat davam edən danışıqlarında bir çox məsələlər müzakirə olunub. Əsasən də FETÖ terror təşkilatının Amerikada davam edən fəaliyyətləri haqqında narahatlıq təkrar dilə gətirilib.
Görüşdə həmçinin, Rakkadakı son vəziyyət, Mosul hərəkatı, İŞİD terror təşkilatının Suriya və İraqdakı fəaliyyətləri və bölgədəki məzhəb qarşıdurması diqqət mərkəzində olub. Dunfordun səfərinin Suriya kürdlərinin İŞİD-in əsas mərkəzi sayılan Rakka şəhərinə hücuma başladığı günə təsadüf etməsi diqqət çəkir. Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, əgər Rakkanın İŞİD-dən azad edilməsi əməliyyatına kürd birləşmələri də qatılarsa, türk qoşunları onlara dəstək verməyəcək. ABŞ isə Türkiyənin YPG-yə zərbə endirməməsinə çalışır.
HDP Türkiyə parlamentindən imtina etdi
Xalqların Demokratik Partiyası Türkiyə Böyük Millət Məclisində fəaliyyətini dayandırıb. HDP sözçüsü Ayhan Bilgən açıqlamasında bildirib ki, kürd vəkillər xalqa "dəstək” vermək üçün parlamentdə fəaliyyətlərini dayandırıblar. Xatırladaq ki, Türkiyədə terrorçu PKK-ya yaxınlığı ilə bilinən HDP-li deputatlara qarşı əməliyyatlar davam etməkdədir. Kürd vəkillər PKK-ya silah və maliyyə yardımı göstərilməkdə ittiham edilirlər.
"Qərb nə zamandan bizim üçün xeyirli yuxular görür?”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın siyasi qolu HDP-yə qarşı keçirilən əməliyyatları tənqid edən Qərbə sərt reaksiya verib. Ərdoğan Qərbdən verilən açıqlamaların Türkiyəyə heç bir təsirinin olmadığını deyib: "Mənim üçün əsl vacib olanı millətimin mövqeyidir. Qərbin nə dediyi önəmli deyil, Qərb nə zamandan bizim üçün xeyirli yuxu gördü?! 53 il Avropa Birliyinin qapısında saxlanılan Türkiyə üçün Qərbdən nə gözləyəcəyik. Biz öz göbəyimizi özümüz kəsəcəyik. Bundan sonra bizim üçün "o nə deyər, bu nə deyər” deyə bir ölçü yoxdur”.
"Qərb mediası terror təşkilatının müdafiəsi ilə məşğuldur”

Ərdoğan "Foreign Policy” jurnalının HDP həmsədri Səlahəddin Dəmirtaş üçün işlətdiyi "kürd Obama” ifadəsinə çox güldüyünü açıqlayıb. Prezident Qərb siyasi dairələri və mətbuatını PKK-çıları dəstəkləməkdə ittiham edib: "Terror təşkilatına verdikləri dəstəyə görə ifadə vermək üçün saxlanılan və həbs olunan HDP-çi deputatlar üçün Qərbdən verilən reaksiyaları görürük. Qərb mediası terror təşkilatının müdafiəsi üçün ön cərgələrdədir. Həbs olunan həmsədrlərdən biri üçün, Obama bənzətməsinə çox güldüyümü demək istəyirəm”. Məlumat üçün deyək ki, "Foreign Policy” jurnalı Dəmirtaşın həbs olunması ilə bağlı dərc etdiyi bir yazıda diqqət çəkən ifadələrə yer verib. Dəmirtaşı ABŞ Prezidenti Obamaya bənzədən jurnal "kürd Obama həbs olundu” başlığı ilə yazı dərc edib. Jurnal baş verənləri təhrif edərək, Dəmirtaşın həbs olunma səbəbini Ərdoğanın hakimiyyətinə meydan oxuması ilə əlaqələndirib.
"Bütün prosedurlar hüquq çərçivəsində aparılır”
Türkiyənin Baş naziri Binəli Yıldırım HDP üzvləri ilə bağlı bütün prosedurların hüquq çərçivəsində aparıldığını deyib: "Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Məhkəmələr toxunulmazlıq hüququ ləğv edilən 154 deputata çağırış ünvanlayıb. HDP üzvü olan deputatlardan başqa vəkillərin hamısı gedib ifadə veriblər. 54 HDP-li isə bu müraciətə əməl etməyərək hüququn aliliyini tanımayıb. Bu prosedurlar da onların məhkəmə çağırışlarını yerinə yetirməməsinə görə aparılır”. Cümhuriyyətçi Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun "Seçki yolu ilə gələnlərin gedişi də seçki yolu ilə olur” sözlərinə münasibət bildirən Binəli Yıldırım deyib ki, xalqın seçimi ilə gələnlər terrorçularla əlaqə qurmamalıdır: "Terrorla siyasəti, milli iradəni qarışdırmaq olmaz. Seçilməsinə baxmayaraq, terrorçularla birlikdə olan, terroru təşviq edən, ona dəstək verənlər cəzalanacaq”.
Türkiyədən Almaniyaya "HDP dərsi”
Saxta "erməni soyqırımı” iddialarının Almaniya parlamentində tanınmasından sonra gərginləşən Türkiyə-Almaniya münasibətləri PKK-nın siyasi qolu HDP-dən olan deputatların həbsi ilə pik həddə çatıb. Almaniyanın xarici işlər naziri Frank-Uolter Steinmeier bir müddətdir ki, Ankaraya səfər etmək istəyir. Ancaq Ankaranın səfərin tarixi ilə bağlı konkret cavab vermədiyi bildirilir. Hətta Steinmeierin səfəri üçün rəsmi Ankaranın həftələr əvvəl bir tarix təklif etdiyini, səfərə iki gün qalmış isə "bizə uyğun deyil” cavabı verdiyi qeyd olunur. Bundan başqa, Steinmeierin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə telefon danışıqları məsələsində də problem yaşandığı bildirilir. Belə ki, nazirlərin telefon danışığı üçün iki dəfə tarix müəyyən etdiyi, ancaq ikisində də Steinmeierin telefonda gözlədildiyi bildirilir.
"HDP-li vəkillərin məhkəməyə çıxarılması doğru qərardır”
Milliyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı PKK ilə əlaqədə olan kürd deputatların həbsinə bəraət qazandırıb. Baxçalı deyib ki, heç kim bundan narahat olmamalıdır: "Əgər kimsə narahat olursa, yaxşı olar ki, öz fitrətini və niyyətini mühakimə etsin. Terror qarşısında ikiüzlü mövqe sərgiləyən Qərb güclərinin HDP-li deputatlara qarşı əməliyyatlara qarşı çıxması absurd yanaşmadır. Millətimiz qatillə, qətl ediləni, qəhrəmanla cinayətkarı tərəzinin eyni gözünə qoyan dövlətləri və təşkilatları heç vaxt yaddan çıxarmayacaq”.
"Türkiyə belə ünsürlərdən təmizlənməlidir”
Politoloq Fikrət Sadıqov hesab edir ki, Türkiyə stabil dövlət olmağı hədəfləyirsə, belə ünsürlərdən təmizlənməlidir: "Aydındır ki, HDP-li vəkillər PKK-nın siyasi qanadının üzvləridir. Bu partiyadan olan millət vəkilləri PKK-ya nəinki mənəvi, hətta siyasi və maddi dəstək verir. Hesab edirəm ki, rəsmi Ankara və türk xalqı təhlükəsiz və rahat şəkildə yaşamaq istəyirsə, xalqa qarşı olan bütün ünsürləri aradan götürməlidir”. Ekspert bildirib ki, həbslərdən sonra PKK Türkiyəni qana bulamağa cəhd edəcək: "Artıq bunun ilkin əlamətləri var. Terrorçular sakit dayanmayacaq və ölkə ərazisində terror aktları törətməyə cəhdlər edəcək. Eyni zamanda Türkiyənin müstəqil siyasət yürütməsinə qarşı olan beynəlxalq güclərin baş verənlərə səssiz qalmayacağını düşünürəm. Təəssüflər olsun ki, qardaş ölkəni sıxacaq indiki mürəkkəb vəziyyət uzun müddət davam edəcək”.
"HDP hər zaman PKK-nın siyasi qanadı funksiyasını icra edib”
Siyasi şərhçi Vüqar Zifəroğlu da deyib ki, HDP-nin fəaliyyəti bu tip qərarların qəbul edilməsi üçün kifayət qədər ciddi əsaslar verirdi: "Türkiyədə kürdyönümlü HDP-yə qarşı aparılan əməliyyatlar bu partiyanın indiyədək sərgilədiyi siyasi cizgiyə adekvat cavabdır. HDP hər zaman PKK və kürd bölücü qruplaşmalarının siyasi qanadı funksiyasını icra edib. Hesab edirəm ki, partiya ilə bağlı qəbul edilən qərarların ləğvinə nail olmaq üçün bütün təzyiq elementlərindən istifadə ediləcək. Bu, ölkə daxilində özünü göstərəcəyi kimi, ölkə xaricində də özünü büruzə verəcək. HDP-nin parlament iclaslarına qatılmaqdan imtina etməsi bunun ilk işarəsidir. Eyni zamanda PKK və digər separatçı qruplaşmalar ölkə daxilində aktivləşəcəklər”. Zifəroğlunun fikrincə, Qərb də müəyyən siyasi təzyiq alətlərini işə salacaq: "Düşünmürəm ki, bununla nəsə əldə etmək mümkün olsun. Belə bir ciddi qərar qəbul etməmişdən əvvəl Ankara, Qərbin siyasi təzyiqlərini gücləndirəcəyini nəzərə almaya bilməzdi. Onsuz da son aylarda Qərb və Türkiyə münasibətləri isti deyildi”.
İsmayıl