İbtidai sinfə qəbul prosesində tez-tez problemlər yaşanır

Vətəndaşlarımız bilsin ki, hansı məktəbdə gedib səs verirlərsə, qeydiyyatda olduqları ünvan o məktəbin mikro-ərazisinə daxildir



Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır, amma hələ də orta məktəb axtarışında olan valideynlər var. Bunlar o valideynlərdir ki, övladlarını hansısa orta məktəbin birinci sinfinə yazdırmaq istəyir, lakin məktəb qəbul etmir.

Bu problem son illər yaranıb. Məktəbə qəbul ərazi qeydiyyatı üzrə aparılmağa başlanandan. Orta məktəblər birinci sinfə qəbulda məktəbin yerləşdiyi əraziyə yaxın məskunlaşmış şagirdləri ilk növbədə qəbul edir. Əslində, çox yaxşı sistemdir - uşaq niyə də yaxınlıqdakı məktəbə deyil, uzaq məsafədə yerləşən məktəbə getsin?! Amma məsələ burasındadır ki, dövrümüzdə yaşam şərtləri fərqlidir. Bəzən vətəndaşlar paytaxtın hansısa inzibati rayonunda qeydiyyatda olduqları halda yaşayış yeri kimi başqa inzibati rayonun ərazisini seçirlər. Belədə vəziyyət çətinləşir. Əziyyət çəkən də uşaqlar olur.


Məsələ ilə bağlı "Şərq"ə danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd etdi ki, ibtidai sinfə qəbul prosesində belə problemlər te-tez yaşanır:

- Məlumdur ki, ibtidai sinfə qəbul elektron qaydada və mikro-ərazi sistemi tətbiq edilməklə aparılır. Bu sistemdə bəzən hansısa binalar məktəblərin mikro-ərazisindən kənarda qalır. Əraziyə daxil edilmir. Bu da müəyyən problemlər yaradır. Vətəndaşlarımız bilsin ki, hansı məktəbdə gedib səs verirlərsə, qeydiyyatda olduqları ünvan o məktəbin mikro-ərazisinə daxildir. Sadəcə, problem bundan qaynaqlanır ki, Mərkəzi Seçki Komissiyası seçici siyahılarının tərtib edilməsi üçün gərəkli sistemə malikdir. Amma Bakı şəhər Təhsil İdarəsində belə sistem yoxdur ki, mikro-əraziyə daxil olan ünvanları araşdırsın. Mən təklif edirəm, kim belə problemlə üzləşirsə, ya yaşadıqları ərazi üzrə icra hakimiyyətinə, ya da Mənzil-kommunal təsərrüfatı idarəsinə müraciət edib, yaşadıqları ünvanın məktəbin mikro-ərazisinə daxil olub-olmadığı barədə, həmçinin də hansı ünvanda məskunlaşdıqları barədə arayış alsınlar və məktəbə təqdim etsinlər. Belədə məktəb müdiriyyətinin uşağı qəbul etməməyə səbəbləri qalmayacaq.

Məlahət Rzayeva