Amma gərək Ermənistan sülhdə maraqlı olsun
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, erməni icması ilə konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq.
O bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların uzun illərdir davam etməsinə baxmayaraq, Azərbaycan tərəfindən pozitiv ismarıclar göndərilsə də, əfsuslar olsun ki, buna erməni tərəfindən həmişə mənfi reaksiya verilib: "Nəzərə alınmalıdır ki, münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan artıq qaçqın və məcburi köçkünlər, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlıları öz doğma yurdlarından didərgin düşüb.
BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını və bu torpaqlardan zorla qovulmuş insanların öz evlərinə geri qayıtmasını tələb edir. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması erməni icması ilə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq. Münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülh və sabitliyi, gələcək dayanıqlı inkişafı yalnız bu yoldan keçir”.
İcma rəhbəri vurğulayıb ki, Azərbaycan torpaqlarının işğal altında qalması Ermənistanı regionda həyata keçirilən layihələrdən kənarlaşdırmış və ilk növbədə, Dağlıq Qarabağdakı aqressiv separatçıların Ermənistanı və erməni əhalisini girov saxlaması üçün şərait yaratmışdır: "Dağlıq Qarabağın Azərbaycanlı icması inanır ki, bu əsarət uzun çəkməyəcək və hər iki icmanın yenidən birgə yaşayışı nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin sülh və təhlükəsizlik şəraitində davamlı inkişafı təmin olunacaq”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında hər iki icmanın dialoqlar aparmasının mümkün olduğunu deyib. Politoloq bildirib ki, azərbaycanlılar Dağlıq Qarabağ Muxtar Respublikasının aborigen əhalisidir:
"Bu gün heç kəs sübut edə bilməz ki, tarixən Qarabağda ermənilər yaşayıb və onlar Qarabağın aborigen əhalisinin bir hissəsidirlər. Torpaqlarımızın taleyi azərbaycanlıların əlində olub. İşğal olunmuş ərazilərın əksəriyyəti Qarabağ xanlığının bir hissəsi idi. Torpaqlarımızın bizə məxsus olması məsələsi heç kimdə şübhə doğurmamalıdır. Ermənistanda separatçı dəstələr sadəcə olaraq qondarma "respublika" yaradıblar. Bütün bu proseslər də böyük dövlətlərin himayəsi ilə baş verib. Heç vaxt torpaqlarımızdan əl çəkə bilmərik. Torpaq namusdur, qeyrətdir, vətəndir. Ona görə də Azərbaycan icması hələ ki, sülh yolu ilə hərəkət edir”.
Q.Hüseynlinin sözlərinə görə, ermənilərin qurduğu qondarma respublika heç kim tərəfindən tanınmayıb. Müəyyən struktur dəyişiklikləri aparılsa da, Qarabağda yaşayan erməniləri yalnız icma formasında qəbul edə bilərik:
"Ermənilərin yalançı parlamenti heç bir mahiyyət kəsb etməyən strukturdur. Qarabağdan çıxarılmış azərbaycanlıların hüquqlarını inkar edəcəklər? Biz erməniləri yalnız separatçı qüvvə kimi qəbul edirik. Bu, reallığa tam uyğun gələn bir yanaşmadır. Ona görə də hər iki icma arasında dialoqların aparılması bütövlükdə regionda sülhün, əmin-amanlığın yaranmasına imkan verə bilər”.
Yeganə Bayramova