“İdman jurnalistikası tam inkişaf etməyib”

Sənan Şəfizadə: “Futbolla yanaşı başqa idman növlərindən də idman jurnalistinin xəbəri olmalıdır”




Onunla həmsöhbət olmaq maraqlı idi. Televiziyadan, idman jurnalistikasından elə efirdəki kimi həyəcanla danışırdı. İdmana olan sevgisini bu dəfə də oxuculara çatdırmağa çalışdı. "Şərq”in qonağı tanınmış idman jurnalisti, ATV telekanalının aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadədir. Onunla televiziya həyatından danışdıq. İdman jurnalistinin televiziyaya baxışı bizlər üçün də maraqlı oldu.


(Əvvəli ötən sayımızda)

- Belə oyunları şərh edərkən idmançılarımız qədər sizdə də həyəcan olurmu? Axı belə oyunları şərh etmək də asan deyil. Burada səslənən hər bir fikrə diqqət etmək lazımdı.

- Təbii ki, belə oyunları şərh etmək aparıcı olaraq bizim üçün də məsuliyyətlidir. Bir məqamı yada salım. 2009-cu ildə Sankt-Peterburqda futbol üzrə Birlik Kuboku keçirilirdi. Azərbaycanı bu turnirdə "İnter” komandası təmsil edirdi. Mən bu oyunları şərh edirdim. Sankt-Peterburqdan oyunlar ATV telekanalı vasitəsilə canlı yayımlanırdı. Azərbaycan komandası pley-ofda ilk görüşdə Ermənistanın MİKA klubuna rəqib oldu. Hələ oyundan 1 gün əvvəlki hisslərimi, həyəcanımı deyirəm. Ay Allah, birdən oyun alınmaz, mən tamaşaçıma nə deyəcəm? Bakıdan mənim telefonuma, Sankt-Peterburqa çoxsaylı zənglər gəlirdi. Mən gizlətmirəm, həmkarlarımdan da müəyyən məsləhətlər aldım ki, necə etməliyəm, şərhlərdə özümü necə aparmalıyam, nələri deməliyəm. O zaman məşhur şərhçilərdən Altay Əliyev zəng vuraraq dəstək oldu ki, narahat olma. Oyun başlayanda mən o həyəcanın içində idim. Bütün Azərbaycan bu oyunu izləyirdi. Bu oyunu şərh etmək çox məsuliyyətli idi.

5-ci dəqiqədə top qapı dirəyinə dəydi, qayıtdı. Özümdən asılı olmadan, "aman Allah” sözünü işlətdim. Ay Allah, qol olmadı. Təsəvvür edin ki, mən bu oyunu necə aparmışamsa, şərh etmişəm, qışqırmışamsa, səhəri gün Ermənistan mətbuatı mənim barəmdə yazı yazmışdı. Yazıda qeyd edilirdi ki, bu oyunun azərbaycanlı aparıcısı, spiker elə şərh edirdi ki, sanki Dünya Çempionatında final matçıdır.
Və Azərbaycan komandası dünya çempionu olacaq. Ermənistan mətbuatı yazmışdı ki, oyunu şərh edən azərbaycanlı spiker gərək matçdan sonra həkimə müraciət etsin, çünki belə qışqırmaqla səhhətində problem yaşanacaq. Mən özümü saxlaya bilməmişdim, bunu etiraf edirəm. Mən normaldan artıq qışqırdığımın sonradan fərqində oldum. Amma bu təkcə bir oyun deyildi mənim üçün. Məhz o oyunda biz məğlub olmamalıydıq. Bu bizim üçün bir prinsip məsələsi idi. Oyundan əvvəl məşqçimiz uşaqlara bildirdi ki, bu oyunu mütləq udmaq lazımdı, mənə də dedi ki, Sənan, sənə də uğurlar. Bildirdi ki, uşaqlar ot üstündə oynadıqları kimi sən də bu gün şərhinlə bu oyunu oynayanlardan birisən, bunu unutma. Mən çox həyəcanlı idim ki, birdən Ermənistan komandası bizə qol vursa, mən tamaşaçıya nə deyəcəm, bunu necə şərh edəcəm. Oyun bitdi - 4:0 "İnter” komandası, Azərbaycan qalib gəldi. Yəni belə məqamları şərh etmək daha çətindi. Cudodo da, güləşdə də belə həyəcanlı məqamlar yaşamışıq. İdmançımız olub ki, zədəli olmağına baxmayaraq erməni idmançılarla görüşdə bütün gücünü ortaya qoyaraq qalib gəlib. Bizim idmançılarımız üçün ermənilərlə görüşdə yalnız bir hədəf olur - qələbə və yalnız qələbə. Başqa yol yoxdu.

- Bizdə idman jurnalistikasına kütləvi maraq yoxdu. Yəni idman kütləvi maraqla qarşılanmır. Qərb ölkələrində, Türkiyədə idman jurnalistikası daha fərqli şəkildə inkişaf edib...

- Bizdə çox təcrübəli idman jurnalistləri var. Onlardan öyrənmək hər adama nəsib olmur. Son illər hamı idman saytı açır. Təəssüf, idman jurnalistikası tam inkişaf etməyib. Bizdə futbol jurnalistikası var. Əksəriyyət futboldan yazır, futbolu şərh edir. Təbii ki, futbol idmanın şahı sayılır. Futol sevgisi fərqlidir. Mən razıyam. Amma idman təkcə futbolla kifayətlənə bilməz. Rusiyada, Türkiyədə, elə başqa qərb ölkələrində ixtisaslaşmış idman jurnalistləri var. Şahmatı bilən, ya da cüdonun qaydalarını daha dəqiq bilən jurnalistlər olur. Orda futboldan yazan şahmatdan yazmır, bu oyuna qarışmır. Bizdə isə bir az fərqlidir. Düzdü, bizdə elə idman yazarları var ki, şahmatı da, futbolu da, güləşi də bilir. Bu, idman mətbuatımızın üstünlüyüdür. İnanın, bədii gimnastikanı şərh etmək üçün bu oyunu bilmədən o barədə danışa bilməzsən. Tamaşaçıya sözün olmayacaq. Çünki bədii gimnastikanı şərh edən aparıcı gimnastın xalçada göstərdiyi hər bir hərəkətin adını bilməlidir. İdman jurnalistlərimizin çoxu isə futboldan yazır, futbol barədə məlumatı var. Futbolla yanaşı başqa idman növlərindən də idman jurnalistinin xəbəri olmalıdır. Bir dəfə bir idman jurnalisti məndən bir oyun barədə soruşdu ki, Şəhriyar necə oynadı? Cavab verdim ki, Şəhriyar qalib gəlib. Soruşdu hesab neçə oldu? Xanım bilmirdi ki, şahmatda ancaq 1:0 hesabı ilə qalib gəlmək mümkündü. Təəssüf ki, mediamızda idmançılar barədə yalnız qələbədən-qələbəyə yazı yazılır. Şəhriyar uddu, axtarırlar, Hacı Əliyev uddu, bu gün onu axtaraq. Amma il boyu onlarla maraqlanmırlar, onların məşq proseslərini izləmirlər. Çox istərdim ki, televiziyaya gələn, mətbuatda olan idman jurnalistləri idman sahəsi barədə bilgilərə sahib olsunlar. 3-4 cümlə yazmaq hələ idman jurnalisti olmaq anlamı daşımır.

- Səhv etmirəmsə, 3 il qəzet jurnalisti olaraq fəaliyyət göstərib televiziyaya gəlmisən. Qəzetdən televiziyaya gəlmək televiziya jurnalistinin köməyinə gəlirmi?

- İnanın səmimiyyətimə, qəzetdən televiziyaya gəlməyimin mənə sonralar köməyi böyük oldu. Qəzetdə özümü formalaşdıraraq idman yazarı ola bildim. Orda əldə etdiyim bilgilər sonralar televiziyada köməyimə gəldi. Düzdü, televiziyanın öz çətinliyi var, kadr, mətn, sinxron. Amma qəzetdə əldə etdiyim təcrübəni qeyd etməyə bilmərəm. Qəzet çapa təsdiqlənənə qədər yatmırsan, bir xəbərin arxasınca gedirsən. Bir idmançı ilə müsahibə almaq üçün axşamı gözləyirdik ki, o evinə gəlsin, onu tapa bilək. O zamanlar mobil telefon yox idi. Stadionda saatlarla gözləyirdik ki, bir açıqlama ala bilək. Qəzetdən televiziyaya gələndə jurnalist cilalanmış gəlir. Qəzet jurnalistikanın akademiyası sayılır.
- Qəzetdə öyrəndiklərin sonralar sənə kömək oldu deyirsən...

- Bəli. Mən qəzetçilik yolunu keçdiyim üçün bu mənə daha çox imkanlar yaratdı. Qəzetdən televiziyaya gələn dərhal seçilir. Bir var sən jurnalistikanı bitirib birdən televiziyaya düşəsən. Xəbərsizsən. Təcrübəsizsən. Bir də var qəzetdə sən yoğrulursan.

- Sənan özünü tənqid etməyi bacarırmı? Tənqidi necə qəbul edirsən?

- Mənim tənqidçilərim ilk əvvəl dostlarım və atam olur. Bəzən stadionda aparıcı olanda atam matçdan sonra deyir ki, qoldan səsin gəlmirdi. Deyir ki, nəsə xoşuma gəlmədin, səsin yaxşı deyildi. Həyat yoldaşım və anam daha çox efirdəki geyimlə bağlı fikir bildirirlər. Dostlarım da var ki, məni tənqid edirlər. Bunları normal qarşılayıram. Peşəkar jurnalist dostlarım olur ki, onlardan məsləhət alıram. Öyrənmək hər zaman lazımdı. Mütaliə etmək, məlumat toplamaq televiziyada olan hər bir insan üçün vacibdir. Söz bazan zəngin olmalıdır. Həmkarım İlkinlə artıq 15 ildi iş yoldaşıyıq. Səhvimi deyəndə çox sevinirəm, düzəltmək imkanım yaranır.

- İdman aparıcısının söz bazası ilə yanaşı idman terminlərindən də xəbərdar olması lazımdı. Bəzən buna diqqət yetirmirlər...

- Təbii ki, idman aparıcısının savadı, mütaliəsi güclü olmalıdır. İdman terminlərini bilməlidir. Elə terminlər var ki, onlar beynəlmiləldi, hamı tərəfindən qəbul olunur, başa düşülür. Elə idman terminləri də var ki, bu, bizim dilimizdə var, onları düzgün təqdim etmək vacibdi. Mən bu sahəni bilən insanlardan öyrənməyə çalışıram. Oğurlamıram, amma özümünküləşdirirəm, müəyyən cümlələri harda, nə zaman deməyi bilmək lazımdı. Bu, idman jurnalisti üçün əsas məqamlardan sayılır.

- Bəs idman jurnalistikasından danışırıqsa, idman operatoru ilə şou-biznesi çəkən operator arasında fərq olmalıdırmı. İdmanın müxtəlif mötəbər yarışlarında operatorların peşəkar, ya da qeyri-peşəkar olmasının önəmi, fərqi varmı?

- Bu çox vacib, eyni zamanda önəmli bir məqamdı. İdman jurnalistikasında operatorun işi o qədər peşəkar olmalıdır ki, tamaşaçı idman şərhçisinin demək istədiyi kadrları görüntü ilə tamaşaçıya təqdim edə bilsin. Sanki burda oyunçunun o an göstərdiyi oyunun 50 faizi operatorun təqdimatında tamamlanmış olur. Operatorların işi çox önəmlidir. Ümumiyyətlə TV-də uğurlu kadr uğurlu süjetin 50 faizdir. Görüntü çox önəmlidir. İdmanda futbol, cüdo, güləş, gimnastikada böyük tədbirlərin çəkilməsi asan deyil. Ona görə operatorların işini unutmaq olmaz.

- Qol vurulan an operatorun o məqamı tuta bilməsi və ya bir güləşçinin, cüdoçunun, xalça tatami üzərində döyüş zamanı qələbəsini təqdim etmək, o anı tamaşaçıya tam göstərmək həm də operatorun peşəkarlığından asılı ola bilirmi?

- Sözsüz ki, burada operatorun üzərinə böyük məsuliyyət düşür. Bizdə keçirilən bir çox böyük yarışlarda əvvəllər operator problemləri yaşayırdıq. Bəli, şou-biznes sahəsini çəkən operator, o sahədə püxtələşmiş operator Dünya Çempionatında futbol meydançasında istənilən görüntünü tamaşaçıya təqdim edə bilməz. İdman sahəsində aparıcıların peşəkarlığı ilə yanaşı, operatorların da ixtisaslaşması, peşəkarlığı vacibdi. Təsəvvür edin ki, cüdoçuların, ya da güləşçilərimizin oyunları zamanı spiker onların qələbə anını şərh edir, amma operatorun qeyri-peşəkarlığı nəticəsində o anı vizual olaraq tamaşaçıya təqdim etmək üçün kadr yoxdu. Burda aparıcı nə qədər peşəkar olsa belə, kadr yoxdusa, o həyəcanı göstərmək mümkün olmayacaq. O anda idmançının saçının telinin tərləməsi, bir damla tərin təsviri görüntüsü bilirsiz nə qədər vacib detallardan sayılır? Aparıcı oyunçunun o anki həyəcanını təsvir edərkən bir də o anı göstərən möhtəşəm görüntü varsa, o material, tamaşaçıya təqdim edilən o kadr tam olur, aparıcının şərhi ilə görüntü biri-birini tamamlayanda mənzərə möhtəşəm olur. Bəzən şərhə belə ehtiyac qalmır. Bu baxımdan bizdə idman sahəsi üzrə operatorların da ixtisaslaşması, püxtələşməsi istiqamətində son vaxtlar işlər görülür. Futbol rejissoru ilə konsert rejissoru arasında fərq böyükdür. Ən böyük konsert salonlarının rejissoru futbol sahəsində püxtələşməyibsə, o, oyunda rejissorluq edə bilməz. Vurulan qol kadrda yoxdusa, onu sözlə bəzəmək mümkün deyil. Bizdə bu kimi məqamların da şahidi olmuşuq. Təcrübəmdə olub ki, futbolu şərh edərkən qol qapıdan keçərkən o an kadrda olmayıb, hardansa tapıb göstərmişik, amma o an hər hansı səbəbdən çəkilməyib. Bu da idman jurnalistikasının əslində görünməyən, amma vacib xüsusiyyətlərindən sayılır. İdman jurnalistikası əslində göründüyü qədər asan deyil. Bu sahədə peşəkarlıq, təcrübə vacib amillərdən sayılır.

Tahirə Məmmədqızı


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb