Məsuliyyətsiz sürücülərin sayı artıb
Ən dəhşətli yol qəzaları məhz istirahət günləri baş verir
İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 12 nəfər vəfat edib. Şənbə günü ölkə yollarında ümumilikdə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər vəfat edib, daha 12 nəfər isə ağır və orta ağır dərəcəli xəsarətlər alıb. Şənbə günü Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb. Bakının Suraxanı rayonunda isə avtomobil ahıl qadını vurub öldürüb.
Bazar günü də ölkə yollarında baş vermiş qəzalar 6 nəfərin həyatına son qoyub. Həftənin son günü ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində daha 15 nəfər xəsarət alıb. Bazar günü Bakının Nərimanov, Sabunçu və Qaradağ rayonlarında, eləcə də Gəncə avtovağzalında və Balakəndə piyadalar yol qəzasının qurbanı olub. Tərtərdə isə iki avtomobilin toqquşması insan itkisi ilə nəticələnib. Hər bir faktla bağlı araşdırma aparılır.
Yol-nəqliyyat məsələləri üzrə ekspert, Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov deyib ki, bu istiqamətdə konkret bir analiz, araşdırma aparılmadığından yol-nəqliyyat hadisələrinin istirahət günləri daha çox olması onun üçün də qaranlıqdır. Ekspertin sözlərinə görə, yol-nəqliyyat hadisələri yol nəqliyyatının tərkibində ən aktual və nizamlanmayan prosesdir:
"Yol-nəqliyyat hadisələrində bütün məsuliyyət avtomobili idarə edən şəxsin - sürücülərin üzərinə düşür. Qəzaların 70-80 faizi sürücülərdən asılıdır. Çünki çətin şəraitdə sürücülər məsuliyyətini hiss edir, qəzalar azalır. Amma elə yerlər var ki, sürücülər sürəti artırır, düzgün manevr etmir, diqqətli davranmırlar. Bu cəhətdən onların üzərində maarifləndirmə aparmaq lazımdır.
Lakin elə insanlar var ki, onlar məsuliyyətlərini hiss etməsələr, nə qədər maarifləndirmə aparılsa da, təsiri olmur. Son vaxtlar ölüm, yaralanma hallarının çox olması sürücülərin bir qədər məsuliyyətini artırmasına səbəb olur: "Düzdür, yol qəzalarına səbəb kimi avtomobillərin aktiv-passiv təhlükəsizliyi, hərəkət sürətlərində, dönməsində nasazlıqları və yol infrastrukturunu da göstərmək olar. Elə yollar var ki, işıqlandırılmır, bu və ya digər səbəblərdən qəza vəziyyəti yaranır. Ancaq bu cür səbəblərdən baş verən qəzaların səbəbi azlıq təşkil edir”.
F.Eyyubov hesab edir ki, istirahət günlərində sürücülərin içkili vəziyyətdə avtomobil idarə etməsi səbəbindən yol qəzalarının sayının çox olmasını iddia etmək də doğru deyil:
"Təbii ki, bu da bir versiyadır. Ancaq qəza törədən hər sürücünün spirtli içki qəbul etməsi faktı əlimizdə olmadığı üçün konkret bir fikir bildirmək doğru olmazdı”.
Şəymən