İkiüzlü baş nazir...

Paşinyan başını itirib, açıqlamaları heç bir məntiqə, reallığa sığmır
Eldar Namazov: “Azərbaycanla yarışa girə bilməyən təcavüzkar Ermənistan eyni zamanda diplomatiya sahəsində də ortalığa ağla batan mövqe qoya bilmir”



Ermənistan baş naziri Nikol Paşinyan bu yaxınlarda bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlara hazırdır. O, bu fikirləri jurnalistlərə açıqlamasında bu cür dilə gətirmişdi: "Danışıqlar aparmağa hazırıq. Bunun üçün material var. Biz hər şeyi həll etmək üçün səylərimizi davam etdirməyə hazırıq. Həll atmosferini pozacaq addımlar atmırıq”.

Təsəvvür edin, ikiüzlü baş nazir bir həftə öncə deyir ki, həll atmosferi vacibdir, lakin bir həftə sonra keçirdiyi mətbuat konfransında tam əksinə mövqe tutur. Bu dəfə Paşinyan həyasızcasına Azərbaycandan Qarabağ münaqişəsinin həllində güzəştlər tələb edir. Belə ki, Nikol Paşinyan keçirdiyi mətbuat konfransında "öncə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat versin. Sonra Ermənistan öz güzəştlərini açıqlayacaq” deyib. Bu cür gülünc və sərsəm iddia Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini pozacaq addım deyilsə, bəs nədir? Paşinyan və onun ətrafı anlamalıdır ki, işğalçı bir ölkənin Azərbaycandan güzəştlər tələb etməyə heç bir mənəvi-siyasi ixtiyarı yoxdur. Münaqişənin həlli prosesində ön şərtlər irəli sürə biləcək və güzəştlər tələb edə biləcək yeganə tərəf varsa, o da Azərbaycandır. 

Ekspertlərə görə, Paşinyanın bu tələbi başını itirmiş bacarıqsız siyasətçinin növbəti təxribatıdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Paşinyanın layiqli cavabını verib. 

XİN rəsmisi bəyan edib ki, Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycanın 25 ildən artıqdır danışıqları davam etdirməsi rəsmi Bakının ən böyük güzəştidir: "Münaqişənin siyasi həllinə nail olmaq üçün ilk növbədə işğal faktı aradan qalxmalı və status-kvo dəyişməlidir. Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal faktını aradan qaldırmalı və BMT-nin münaqişə ilə bağlı qətnamələrinə əməl etməlidir. Yalnız bu əsasla münaqişənin həlli üçün əlverişli mühit əldə edə bilərik”.

Ermənistan baş nazirinin sərsəm bəyanatına münasibət bildirən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov deyib ki, Nikol Paşinyanın sözləri heç bir məntiqə və reallığa sığmır. Ekspertin sözlərinə görə, Paşinyan və ətrafı çıxılmaz vəziyyətdədir. Erməni hökuməti ağır durumunu yaşayır: 

"Azərbaycan ordusunun gücü ermənilərə bəllidir. Beynəlxalq təşkilatlar və Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyanat veriblər ki, indiki status-kvo mütləq dəyişməlidir. Lakin erməni tərəfi danışığa getməyə qorxur. Konkret mövqe olmadığı üçün müxtəlif bəhanələr irəli sürür. İrəvan fərqindədir ki, indiki məqamda düşmənin xeyrinə cərəyan edən heç bir proses yoxdur. 

Paşinyan bir müddət əvvəl bəyanat verdi ki, Rusiya münaqişənin çözülməsində həlledici rola malikdir. Onun fikrincə, super dövlət olan Rusiya yenidən müharibənin başlanmasına imkan verə bilməz. 20 il ərzində İrəvanın bəyanatında kifayət qədər dəyişiklik olub. 15 il öncə erməni tərəfi iddia edirdi ki, əgər müharibə başlayarsa, guya onlar gəlib Bakını da zəbt edəcəklər. Azərbaycan tərəfi daha böyük itkilərə məruz qalacaq. 5-10 il əvvələ kimi deyirdilər ki, müharibə başlasa, bundan hər iki tərəf böyük ziyan çəkəcək. İndi isə Rusiyaya yalvarırlar ki, Azərbaycan ordusunun onları əzməsinə icazə verilməsin”.


Politoloq bəyan edib ki, hərb sahəsində və silahlanmada Azərbaycanla yarışa girə bilməyən təcavüzkar Ermənistan eyni zamanda diplomatiya sahəsində də ortalığa ağla batan mövqe qoya bilmir. Ona görə də müxtəlif bəhanələrlə danışıqlar masasından qaçır: 

"Azərbaycan tərəfi öz güzəştlərini çoxdan edib və konkret mövqeyini açıqlayıb. Minsk Qrupunun həmsədrləri də, beynəlxalq təşkilatlar da bizə dəstək veriblər. Söhbət münaqişənin mərhələli həllindən gedir. Hər iki tərəfin kompramisə getməsi ilə bağlı bir variant mövcud deyil və olmayacaq. Problemi mərhələli şəkildə çözmək lazımdır. Hazırda Ermənistanın qarşısında mərhələli həll planı və müharibə variantı durur. İrəvan seçim etməlidir. 

Məsələ ondadır ki, erməni tərəfi vasitəçilərin təqdim etdiyi həll metodunu qəbul etmir, lakin müharibədən də qorxur. İki daşın arasında qalan düşmən tərəf vaxtı uzatmağa çalışır. Ancaq bu cür yanaşmanı uzun müddət davam etdirmək mümkün deyil. Ermənistan hakimiyyəti əvvəl-axır iki yoldan birini seçmək məcburiyyətində qalacaq”.

İsmayıl