İlahiyyatçı: "Zəvvarlar pulu QMİ-ə nağd şəkildə verəcəksə..."





Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət xərcələrinin ödənişi ilə bağlı yeniliklər tətbiq olunub. Zəvvarlar əvvəlki illərdən fərqli olaraq, ödənişi bank vasitəsi ilə deyil, nağd formada Qafqaz Müsəlmanları İdarəsinə edəcəklər. 

Bundan başqa, zəvvarlara ödənişləri 1 may 2017-ci ilə qədər mərhələli formada ödəmək imkanı da yaradılıb. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən ilki kvota isə 1040 nəfər olub. VİP ziyarət növünün xərci 4500 dollar, nisbətən ucuz ziyarətin xərci isə 3500 dollardır. Azərbaycanda Həcc sənəd qəbulunu yalnız QMİ aparır. 

Yeniliklə bağlı "Şərq”ə danışan ilahiyyatçı Hacı Atif İsmayılov deyib ki, əgər qurum belə bir addım atıbsa, deməli zəvvarların təklifini nəzərə alıb:

"Bilirsiz, son dönəmlər bankların işi xeyli çətinləşib. İnsanlar bank sistemlərinə etibar etmirlər, xüsusən dolların stabil qalmaması əhalidə müəyyən narahatlıq yaradır. Görünür, QMİ bunu nəzərə alaraq belə bir qərar verib. Qurum həm özünün ziyana düşməməsi, həm də zəvvarların həcc xərclərini az-az ödəmələri üçün yeni üsul tətbiq edib. 

Məncə, bu üsul ziyarətə gedənlər üçün daha asan və rahat variantdır. Nəzərə alaq ki, zəvvarlar pulu QMİ nümayəndələrinə nağd şəkildə verəcəksə, onlara müəyyən güzəştlər ediləcək. Dəfələrlə bunun şahidi olmuşuq. Tanıdığım qazilər zəvvarların həcc ziyarətinin reallaşması üçün əllərindən gələn güzəşti, razılaşmanı edirlər. Hesab edirəm, QMİ bu işin öhdəsinən layiqincə gələcək”.

İsmayıl