Gürcüstan Rusiya bazarından asılı olduğuna görə, onun şərtləri ilə razılaşmalı olur.
Bunu Sherg.az-a Gürcüstan üzərindən Ermənistana tədarük edilən Rusiya qazının tranzit haqqını müəyyən edən müqavilənin şərtlərindən danışarkən, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Onun sözlərinə görə, bir ilə yaxındır Gürcüstan və Rusiya arasında bu məsələdə danışıqlar gedirdi:
"Ötən ilin sentyabr ayından bu danışıqlar intensivləşdirildi. Mövcud tranzit nəqlinə dair bağlanan saziş yanvarın 1-dən qüvvədən düşüb və yeni müqavilə imzalanmalı idi. Artıq yanvarın 11-də Gürcüstan Rusiya ilə razılığa gəldiyini açıqladı. Rusiya təkid etdiyi kimi onlar Gürcüstana tranzit haqqını əmtəə şəklində ödəməkdən imtina etdilər. Bu əvvəllər Gürcüstan üçün yaxşı idi. 2008-də Gürcüstan ərazisinin Rusiya tərəfindən ilhaq olunmasından sonra Rusiya tranzit haqqını artırmışdı. Mixayıl Saakaşvilinin hakimiyyəti dövründə Rusiya ilə münasibətlər gərgin idi.
Lakin indi vəziyyət dəyişib, 2008-ci ildən sonra bu iki ölkə arasında diplomatik, ticarət və mədəni əlaqələr kəsilib. İndiki hakimiyyət dövründə isə münasibətlərin bərpası üçün addımlar atılır. Ortada böyük bir dövlət, onun qüdrəti və onunla hesablaşma zərurəti var. Diplomatik danışıqlarda sözsüz ki, iki bərabər ölkə kimi məsələ həll edilə bilməz. Bu gün Gürcüstan içki məhsullarının yarısını, "Barjomi” içkilərinin 70-80 faizini Rusiya bazarında sata bilir. Kənd təsərrüfatı məhsullarının 40 faizindən çoxu Rusiya bazarına çıxarılır.
Təbii ki, Gürcüstan Rusiyadan gələn gəlirlərdən asılıdır. Onun rəsmi Moskvaya nə isə diktə etmək qüdrəti olmadığına görə razılaşmağa məcbur oldu. Müqavilə ondan ibarətdir ki, Rusiyanın "Qazprom” şirkəti Gürcüstana tranzit haqqını natura şəklində deyil, əmtəə şəklində ödəyəcək. Tranzit haqqının nə qədər olması şərtləri isə açıqlanmır. Lakin bu razılaşmanın hər iki tərəfin marağına uyğun olduğu söylənilir. Onu qeyd etmək lazımdır ki, birmənalı şəkildə nağd ödəniləcək məbləğ Gürcüstanın natura şəklində əldə etdiyi gəlirdən aşağıdır. Ancaq Rusiya tərəfi Gürcüstanın ehtiyacı yaranarsa, onu bazar qiymətlərindən aşağı olmaqla, 1000 kubmetr qazı 185 dollara təmin edə bilər. Reallıq ondan ibarətdir ki, Rusiya strateji müttəfiqi olan Ermənistana qazı 138 dollardan, Gürcüstana isə 185 dollardan satır. Bazarda qazın qiyməti isə 160-170 dollardan baha deyil. Lakin bir fakt var ki, Rusiya, hansı qiymətə satırsa, Gürcüstan həmin pula almayıb, neynəyəcək ki? Əvvəlki natura şəklində ödənən qiymətlərlə hazırkı şərtləri müqayisə etdikdə isə Gürcüstan əslində heç nə itirmir”.
Qeyd edək ki, Gürcüstan üzərindən Ermənistana tədarük edilən Rusiya qazının tranzit haqqı əvvəlki kimi qazla yox, pulla ödəniləcək. Bundan əlavə, imzalanan yeni müqavilənin şərtlərinə əsasən, Gürcüstan Rusiya qazını bazardakından, daha aşağı qiymətə, yəni min kubmetr qazı 215 dollara yox, 185 dollara ala biləcək.
Aysel Aslan