İlin sonunda manat yenə ucuzlaşa bilər- Ekspert





İlin sonunda dolların məzənnəsi yüksələcək.

Bunu Sherg.az-a iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib.

 Ekspertin sözlərinə görə, dollara tələbatın artması, xarici səfərlərin genişlənməsi və digər səbəblər manatın məzənnəsində azalmalara gətirib çıxaracaq: 

"Bilirik ki, valyutaların məzənnəsini bazarda tələb və təklifin səviyyəsi müəyyən edir. Hazırda dollara tələbatın artması manatın ucuzlaşmasını sürətləndirir. Bununla yanaşı, bağlanan banklara yüksək konpensasiyaların ödənilməsi, nəğd vəsaitlərin dollara çevrilməsi, əmanətlərin götürülməsi də manatın məzənnəsinə mənfi təsir göstərir”.

V. Bayramov onu da əlavə edib ki, ilin sonuna doğru dollara tələbin çoxalması idxalın artmasına gətirib çıxara bilər: 

"Yekun olaraq ilin sonuna doğru dolların məzənnəsi artacaq, manatın isə məzənnəsi enəcək. Məzənnənin hansı səviyyəyədək artması birbaşa Mərkəzi Bankın müdaxiləsindən asılıdır".

Qeyd edək ki, son günlər ərzaq məhsullarının qiymətində müşahidə olunan bahalaşma növbəti dəfə dolların bahalaşması, manatın isə ucuzlaşması məsələsini gündəmə gətirib.

Aysel Aslan