İmtahanların birləşdirilməsinin vahid formatı yoxdur

Məlahət Mürşüdlü: “Bir ay içində həm buraxılış, həm də qəbul imtahanının verilməsi uşaqlar üçün çətin olur”
Şahlar Əsgərov: “Bir imtahanın keçirilməsi vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edər”


Nabatəli Qulamoğlu: "Azərbaycanda hələ ki, bu iki imtahanı birləşdirmək prosesi çətin görünür”

Kamran Əsədov: "Təhsil sahəsində qısa müddətdə tez-tez yeniliklər tətbiq edilməsi müsbət qəbuledilən deyil”


Uzun zamandır, orta məktəblərdən buraxılış imtahanlarının və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsi istiqamətində müzakirələr aparılır. Bu günlərdə bu mövzuda danışarkən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirməyə hazırlaşdıqlarını deyib:

Bu məsələnin müzakirə mövzusu olduğunu vurğulayan M.Abbaszadə qeyd edib ki, 2 il ərzində bu imtahanların çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Görəsən, ekspertlər nə düşünür? Buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi təhsilə nə verəcək?

İmtahanların birləşdirilməsini müsbət hal kimi dəyərləndirən Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlünün fikrincə, bu, ali məktəbə hazırlaşan abituriyentlərin yükünü azaldar: "Avropanın bir çox ölkələrində buraxılış imtahanları yoxdur. Buraxılış imtahanları attestat qiyməti ilə, orta balla götürülür. Buraxılış imtahanı ilə qəbul imtahanının birləşdirilməsinin səmərəsi odur ki, bu, uşaqların hazırlıq səviyyəsinə yardımçı olur. Məsələ ondadır ki, bir ay içində həm buraxılış, həm də qəbul imtahanının verilməsi uşaqlar üçün çətin olur. Şagirdlər vaxta qənaət edə bilmir. Birləşmədən sonra artıq onlar vaxta qənaət etmiş olacaq. Digər tərəfdən isə, bu, şagirdləri orta məktəbdə daha çox oxumağa motivasiya edəcək. Yəni bu zaman birbaşa ali məktəbə imtahan vermək onları məcbur edəcək ki, təhsil proqramını daha yaxşı mənimsəsinlər. Eyni zamanda, öz işlərində məsuliyyətli olsunlar. Bilirsiniz, dünya sürətlə dəyişir və bunun kökündə təhsil dayanır. O baxımdan biz dünyadakı mütərəqqi təhsil proqramlarından maksimum səmərəli istifadə etməliyik. Buna inteqrasiya olmağa çalışmalıyıq. Bundan Azərbaycanın inkişafı naminə faydalanmalıyıq”.

Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının sabiq sədri Şahlar Əsgərov "Şərq”ə açıqlamasında deyib ki, o, çoxdan bəri vahid imtahan ideyasının tərəfdarıdır: "Hələ 2003-cü ildə vahid milli test ideyasını ortalığa atmışdım. Bu təkcə mənim ideyam deyil, bəşəri bir dəyərdir. Hər iki imtahan uşağın orta məktəbdə aldığı biliyin yekunudur. Şagird orta məktəbi bitirib attestat alır, üzərindən iki ay keçməmiş həmin bilikdən instituta imtahan verir. Eyni adamı, eyni biliyi iki imtahanla yoxlamağın mənası nədir? Deməli, bunun əhəmiyyətsiz bir şey olduğunu anlamaq üçün bizə 13 il vaxt lazım gəldi. İmtahanı bir dəfə, amma vicdanla aparıb uşaqlara düzgün qiymət yazmaq lazımdır. Bu məsələdə nümunə kimi həmişə Qazaxıstanı misal çəkmişəm. Çünki biz də sovetlərdən qopmuşuq, onlar da. Onlar 220 min abituriyenti bir gündə test edir, axşam saat 6-da da hamının qiymətini deyirlər. Biz isə 90 min abituriyent işini test edirik, amma qiymətləri 20 gündən sonra deyirik. Axı bunun səbəbi nədir?”. Ekspertin sözlərinə görə, vahid imtahan sisteminə keçidin bir neçə üstünlükləri var: "Bununla biz gəncləri əlavə stressdən, iki dəfə psixoloji təzyiqə məruz qalmaqdan qurtararıq. Gənc qısa müddət ərzində iki dəfə yox, bir dəfə imtahan verir. Bu çox əhəmiyyətli bir şeydir, çünki həm gəncin bilik səviyyəsini, həm təhsil sisteminin özünün vəziyyətini, həm də müəllimlərin keyfiyyətini müəyyən edirsən. Ona görə də ali məktəblərə qəbul və orta məktəblərin buraxılış imtahanlarını birləşdirmək vacibdir. Əlbəttə, bununla bağlı mexanizmləri fikirləşib tapmaq lazımdır. Bundan əlavə, bir imtahanın keçirilməsi vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edər. Belə olanda cəmiyyət də rahatlaşar”.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə qəbul və buraxılış imtahanlarının mahiyyətində ciddi fərqlər olduğunu düşünür: "Postsovet ölkələrinin bəzilərində buraxılış imtahanları ilə qəbul imtahanları ayrı-ayrılıqda keçirilir, bəzilərində isə əksinə, birgə keçirilir. Amma böyük əksəriyyətində imtahanlar fərqli keçirilsə də, nəticələr eyni olur. 5-6 il öncə də bu istiqamətdə müəyyən fikirlər səsləndirilirdi. Buraxılış imtahanı attestat vermək üçündür. Dövlətin siyasəti hər bir gənci attestatla təmin etmək istiqamətində formalaşıb. Əgər abituriyentlərə buraxılış attestatları paylanırsa, onda təbii ki, qəbul imtahanları ilə buraxılış imtahanları arasında müəyyən fərqlər olacaq. Bu baxımdan qəbul və buraxılış imtahanlarının mahiyyətində ciddi fərqlər var. Buraxılış imtahanları sadə suallardan ibarətdir və görüntü xarakterli olur. Qəbul imtahanlarında isə suallar çox sərt qoyulur və bu iki imtahan arasında köklü fərqlərin olması ortaya çıxır. İndi isə fikirləşirlər ki, bu iki imtahanı birləşdirsinlər, həm də büdcəyə xeyir olsun. Digər tərəfdən bu imtahanın nəticəsində həm attestat verilsin, həm də qəbul keçirilsin. Bunun üçün vahid forma yoxdur. Azərbaycanda hələ ki, bu iki imtahanı birləşdirmək prosesi çətin görünür. Amma bu proses gec-tez reallaşacaq”.

Təhsil eksperti Kamran Əsədov da buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinin bir neçə il bundan əvvəl gündəmə gəldiyini və hələ də aktual problem olaraq qaldığını deyib. Qəbul imtahanlarında dəyişiklik edilməsinin vaxtı çatdığını vurğulayan ekspert hesab edir ki, 25 ildən çoxdur ki, bir qayda ilə imtahan aparmaq uğurlu deyil: "Amma bir məsələ var ki, bizim reallıqda məktəblərimiz hələ ki, imtahanların birləşdirilməsi prosesinə hazır deyil. Nəzərə alsaq ki, burada söhbət buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirərkən buraxılış imtahanında fənlərin sayının, sualların çətinlik dərəcəsinin artırılmasından gedir, reallıqda məktəblərimizi buna hazırlamaq yəqin ki, bir ilin, iki ilin işi olmayacaq və deməli, yenə də qeyri-müəyyən müddətə gözləməli olacağıq və bundan sonrakı beş-altı il ərzində yenə də xoş olmayan statistik məlumatların şahidi olacağıq.

Bundan başqa, orta məktəblərlə və qəbul imtahanları ilə bağlı yeniliklər kifayət qədərdir. Bu qədər təcrübə bəs edər. Bundan sonra ali məktəblərin təhsilinə, ali məktəblərdə kadr hazırlığı və məzunların buraxılışına diqqət yetirmək lazımdır. Belə bir fikir yaranır ki, həmin imtahan indiki qaydada, yəni üç fənn olmaqla həyata keçiriləcək. Xeyr, bu əlbəttə ki, belə deyil. İndi 5 ixtisas qrupu üzrə 15 fənnə yaxın abituriyentlər imtahan verirlər. Birdən-birə bunu üç fənnə salmaq mümkün deyil. Əgər buraxılış imtahanlarında fənlərin sayı artırılsa, bu zaman orta məktəbi bitirmək haqqında attestat alanların sayı ciddi şəkildə azalacaq. Çünki hələ üç fəndən buraxılış imtahanları verənlərin 30 minə yaxını qeyri-kafi qiymət alır. Deməli, fənlərin sayı artırılsa, bu rəqəm də artacaq. Eyni zamanda, minlərlə şagird var ki, onlar Azərbaycanda yox, xaricdə oxumaq istəyirlər. Bu zaman onların vəziyyəti pisləşəcək. Çünki attestat ala bilməyəcəklər. Ümumən onu qeyd etmək lazımdır ki, təhsil sahəsində qısa müddətdə tez-tez yeniliklər tətbiq edilməsi müsbət qəbuledilən deyil. Çünki bu, nəsillər arasında əlaqəni qırır və yeniliklər cəmiyyət üçün problemə çevrilir”. K.Əsədov son olaraq qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin təklif etdiyi yenilik modelinə Rusiya çoxdan keçib.

Şəymən