İnamsızlıq yaranıb

Lavrov Qarabağın həllində başlıca əngəli göstərir, amma...
“Rusiya gərək işğalçı Ermənistanı Azərbaycanla eyniləşdirməsin”


Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər bir-birinə qarşı inamsızlıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından yararlanmalıdırlar. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mətbuatına müsahibəsində deyib. Lavrovun sözlərinə görə, ən vacib məqam inamsızlıqdan uzaq durmaqdır:

"Praqmatik ideyaları cəmləmək və rəsmiləşdirmək lazımdır. 2011-ci ildə Kazan sammitinə intensiv hazırlıq aparılıb. Lakin sammitin gedişatında əlavə məsələlər və şərhlər ortaya çıxıb. Ancaq biz bunu xüsusi faciəyə çevirmirik”. Nazir bəyan edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib.

 Lavrovun açıqlamasını "Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov hesab edir ki, Azərbaycan tərəfi nə işğalçı Ermənistana, nə də Minsk Qrupunun həmsədrlərinə inanır. 

Ekspertin sözlərinə görə, münaqişənin 25 ildir həll edilməməsi, hətta bu müddət ərzində heç bir irəliləyişə nail olunmaması rəsmi Bakıda inamsızlıq yaradıb: "Aparıcı ölkələr açıq-aşkar şəkildə təcavüzkar Ermənistanın başını sığallayırlar. Bizi ermənilərlə bərabərləşdirirlər. Nəzərə almırlar ki, işğal altında olan Azərbaycan torpaqlarıdır. BMT-nin qətnamələrini icra etməyənlər isə Ermənistan və onlara təzyiq göstərməyən, əksinə, himayə edən dövlətlərdir. Əgər vasitəçilər səmimi olaraq inamsızlığın aradan qalxmasını istəyirlərsə, o zaman bir sıra şərtlərə əməl etməlidirlər. İndiki vəziyyətdə inamımız bərpa oluna bilməz”.

Professorun bildirdiyinə görə, 2011-ci il Kazan sammitində münaqişənin mərhələli həll olunması əksini tapıb: 

"Əslində mərhələli plan müəyyən mənada bizi qane edir. Öncə işğal edilmiş torpaqlar azad edilir, daha sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar aparılır. Təbii ki, bütün danışıqlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində davam etməlidir. 2011-ci ildən 7 il keçsə də, bu müddət ərzində həmsədrlər inamlı mühitin yaranması istiqamətində heç bir addım atmayıblar. Halbuki onlara heç kim maneçilik törətməyib. Sadəcə özləri vəziyyətin dəyişməsində maraqlı olmayıblar”.
F.Sadıqov vurğulayıb ki, hansısa yeni ideyalar varsa və maraqlarımıza zidd deyilsə, heç vaxt onları rədd etmərik: "Təklifləri müzakirə etməyə hazırıq. Amma bir şərtlə ki, Azərbaycanı heç vaxt işğalçı Ermənistanla eyniləşdirməsinlər”.

İsmayıl