“İnanmıram ki, Lapşinin ekstradisiyası baş tutsun"

“Çünki blogerin ekstradisiyası Kremlin əleyhinə işləyə bilər”



"Rusiyanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Aleksandr Lapşinin ekstradisiyasını tələb edə bilər. Bununla bağlı danışıqlar gedir”.

Bunu Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova bəyan edib. O bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi və Baş Prokurorluq "1993 və 2007-ci il cinayət işləri üzrə hüquqi kömək haqqında beynəlxalq konvensiyalar”a əsasən onun cəzasının ölkə ərazisində çəkilməsi üçün ekstradisiyasını tələb edə bilər: "

Mənə məlum olduğu qədər bu istiqamətdə iş, danışıqlar aparılır”. Xatırladaq ki, əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakıda məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilən Lapşinin mümkün ekstradisiyası Kremlin mövzusu deyil. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya "hamam suyundan özünə dost” tutmağa çalışır. Ekspert bildirib ki, əslində yəhudi əsilli Lapşinin taleyi Moskvanı maraqlandırmır:

"Söhbət ondan gedir ki, Azərbaycanın Dağlıq Qarabağa gedən və əleyhimizə təbliğat aparan şəxslərə qarşı çox uğurla sonlandırdığı cinayət işinə kölgə salmaq istəyənlər var. Lapşin Qarabağa qanunsuz səfər edən və adı "qara siyahıya” düşən ilk şəxsdir ki, Azərbaycanda məhkəmə qarşısına çıxarıldı. Rusiyanın ziddiyyətli mövqeyi bir sıra səbəblərlə bağlıdır. Vaxtı ilə rəsmi Belarus Rusiyanın iradəsinə qarşı çıxaraq Lapşini Azərbaycana təhvil verdi. Moskva çalışır ki, bu məsələdən siyasi alver kimi istifadə etsin. 

Mən inanmıram ki, Lapşinin ekstradisiyası baş tutacaq. Fikrimcə, Lapşin məsələsi daha çox başa-baş dəyişmə prinsipini əhatə edəcək. Çünki blogerin ekstradisiyası Kremlin əleyhinə işləyə bilər. Lapşin Azərbaycanda bir müddət cəza çəkməli, daha sonra onunla bağlı yekun qərar verilməlidir. Ola bilər, müəyyən zaman sonra Lapşin dövlət rəhbərliyi tərəfindən bağışlansın. Bu addım Azərbaycanın humanist mövqeyini dünyaya sübut etməklə yanaşı, həm də bizə qarşı qərəzli hücumların qarşısını ala bilər”.

İsmayıl