Elmira Axundova millət vəkili, yazıçı-tərcüməçi:
- Anar Məmmədxanovla 5 il, 2005-2010-cu illərdə Milli Məclisdə çalışmışıq. O zamanlar Anar Milli Məclisdə çox aktiv deyildi. Çünki paralel olaraq sayt işlədirdi, başqa işlər də görürdü.
Sonra mən Heydər Əliyev haqqında 6 cildlik əsərimi işləyəndə Anar Məmmədxanovdan müsahibə götürdüm. Onun və Bakılı oğlanların Heydər Əliyevlə münasibətləri ilə bağlı fikirlərini öyrənməyə çalışdım. Uzun müddət sonra Anar Məmmədxanovu tanımağa başladım. Ona valeh oldum. Nə qədər dərin düşüncəyə sahib bir insandı. Necə gözəl danışır, maraqlı analizləri var. O vaxtdan Anar Məmmədxanova olan münasibətim bir az da dəyişdi. Dünyasını dəyişdikdən sonra Anarın bacısı Naibə xanım və həyat yoldaşı İradə xanım mənim yanıma gəldilər, xahiş etdilər ki, Anar haqqında kitab yazım. İlk dəfə bu təklifi qəbul etmədim. Mən Anarı bu qədər yaxından tanımıram ki, barəsində kitab yazım. Sifarişlə də kitab yaza bilmirəm. Amma təklif etdim ki, gəlin Anarın özünün kitablarını hazırlayaq. Çünki Anarın özünün gözəl müsahibələri, yazıları, hekayələri, maraqlı çıxışları var idi. Təklif etdim ki, gəlin bunları bir araya toplayaq kitab hazırlayaq. Sözün düzü, əvvəl onlar tərəddüd etdilər. Amma mən onları inandırdım ki, onun mənəvi irsini qorumaq lazımdı. Gələcək nəslə onun kim olduğunu çatdırmaq, uşaqları, pərəstişkarları üçün bu kitabı hazırlamaq lazımdı. Bu kitablar bir müddət sonra işıq üzü gördü. Anar Məmmədxanovla bağlı materialları hazırlayıb çap etdilər. Mən isə kitaba böyük müqəddimə, ön söz, söz ardı yazdım. Kitabın redaktoru oldum. Bu kitablar hazırlanarkən sanki Anar Məmmədxanovla ünsiyyətdə oldum. Haqqında materilları öyrəndikcə onu tanımağa başladım. Sanki yazdıqlarını, müsahibələrini oxuduqca onun səsini də eşitməyə başladım. Sonradan ailəsi ilə tanışlığım şəxsi tanışlığa çevrildi. Onun ailəsi, ata-anası ilə də yaxından tanış oldum. 2 il əvvəl mən İradə xanıma bildirdim ki, artıq Anar haqqında kitab yazmağa hazıram. Amma mənə sizin köməyiniz lazımdı. Onu da qeyd edim ki, Anar barədə kitab yazarkən həyat yoldaşı İradə xanım mənə böyük köməklik etdi. Anarın köhnə dostları ilə ünsiyyət yaratdı, barəsində olanları mənə təqdim etdi, Bakılı oğlanlarla söhbətlərim oldu.

Bakılı oğlanların mənə çox böyük köməklikləri oldu. Ata-anası ilə də görüşüb xatirələrini öyrəndim, nəticədə də 2 il ərzində belə bir kitab ərsəyə gəldi. Bu kitabı hazırlayərkən Anarın obrazı daha da hafizəmdə dərinləşdi, saflaşdı, onu daha dərindən tanımış oldum. Onun haqqında çox məlumatlar əldə etdim. Sən demə Anar neçə-neçə insanlara kömək edirmiş, onlara əl tuturmuş. Diktant kimi çox böyük işlər görüb. Anar Qarabağ arzusu ilə yaşayırmış. Vətənpərvər idi. Bu sahədə böyük addımlar atıb. Heydər Əliyevin yaxın silahdaşı olub. Ümummilli liderin tapşırıqlarını yerinə yetirmək üçün Moskvaya səfərləri və bu görüşlərin önəmli nəticələri olub. Sözün qısası, Anar çox ağıllı, nadir istedada sahib, dünygörüşü geniş olan bir insan olub. Heyifsilənərək deyə bilərik ki, ölüm onu çox tez aramızdan apardı. Əgər aramızda qalsaydı, çox böyük işlər görə bilərdi. İndiki vəziyyətdə onun görə biləcəyi təbliğatın böyük təsiri ola bilərdi.
Çünki çox intellektual səviyyədə düşmənlərə layiqli cavab verməyi bacarırdı. Onun yeri görünür. Anar Məmmədxanovun yeri publisistikada görünür, onun yeri bu gün Milli Məclisdə görünür. Sözünü deyə bilən insan idi. O gənc yaşlarından xalqın sevgi və inamını qazana bilmişdi. Onun arxasınca gedənlər var idi. Anar Məmmədxanov lider idi. Əlbəttə ki, Anar kimi lider insanların dünyagörüşü geniş, intellekt sahiblərini sağlığında qorumaq lazımdı, çünki belə insanlara hər zaman ehtiyac var. Təəssüf ki, aramızdan tez getdi. Allah ona rəhmət eləsin!
Tahirə