İnkişafa, tərəqqiyə, təhlükəsizliyə səs verildi

İlham Əliyev: Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi





"İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.

Bu sözləri aprelin 11-də keçirilən prezident seçkilərində xalqın səsini qazanaraq növbəti dəfə ölkə başçısı seçilən Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində deyib. Prezident bildirib ki, seçkilər Azərbaycan xalqının iradəsini əks etdirib: "Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş "exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir”.

Müşahidələr göstərir ki, prezidentin dediyi sözlər həqiqətdir. Çünki son 15 ildə ölkəyə rəhbərlik edən İlham Əliyev cənablarının hakimiyyəti Azərbaycanı sabitlik adası etməklə yanaşı, sosial, iqtisadi cəhətdən güclü, regionun liderinə çevirib. Ağıllı, uzaqgörən Azərbaycan xalqı inkişafı görür, İlham Əliyevin rəhbərliyini rəva bildiyi üçün növbəti dəfə seçkilərdə öz liderini qalib etdi. İstər seçki öncəsi, istərsə də səsvermə günü insanların seçki məntəqələrinə axışması, seçici aktivliyi, prosesin rahat keçməsi üçün görülən tədbirlər Azərbaycanda seçki ənənəsinin formalaşdığını göstərir. 

Ölkə vətəndaşları sərbəst şəkildə öz seçimlərini etdilər, son 15 ildə görülən işlərə qiymət verərək, dövlətimizə daha böyük nailiyyətlər gətirəcək namizədə - İlham Əliyevə səs verərək, onu qalib etdilər. Seçimləri izləyən yerli və beynəlxalq müşahidəçilər də şəffaf keçən bu seçkiləri demokratiya yolunda atılan növbəti addım sayırlar. Ekspertlər də bildirirlər ki, prezident İlham Əliyev demokratik şəraitdə keçən seçkilərdə xalqın böyük əksəriyyətinin etimadını qazanmış oldu.

Seçkilərdə "exit-poll” keçirən, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov "Şərq”ə deyib ki, seçkiöncəsi proseslər, görülən işlər, səsvermə günü müşahidələri bunu deməyə əsas verir ki, Azərbaycan demokratik prinsiplərlə nümunəvi seçki praktikasına malikdir: "İstər əvvəlki seçkilərdə olsun, istərsə də sonuncu, aprelin 11-də keçirilən prezident seçkilərində olsun, tam şəffaf prosesin getdiyini söyləməliyik. Siyasi qüvvələrin namizədlərini irəli sürməsinə, seçicilərin səsvermə günü məntəqələrə gedərək öz hüquqlarından istifadə etməsinə heç bir maneə yaradılmadı. Seçkilərin keçirilməsində şəffaflığın təmin edilməsi üçün həm qanunverici prosedurlar, həm də praktiki işlər həyata keçirilmişdi. Xarici təşkilatlar Azərbaycandakı yerli tərəfdaşları ilə birgə "exit-poll”lar keçirdi. Eyni zamanda beynəlxalq müşahidəçilərin seçki prosesini izləməsinə heç bir məhdudiyyət qoyulmadı. Bütün bunlar Azərbaycandakı seçkilərin necə şəffaf baş tutduğunu aydın şəkildə ifadə edir”. 

S.Məmmədov vurğulayıb ki, artıq Azərbaycanın seçki sahəsində formalaşmış təcrübəsi var: "Müstəqilliyimiz bərpa ediləndən indiyə kimi onlarla seçki keçirilib. Seçkidən seçkiyə çatışmazlıqlar aradan qaldırılıb, seçki təcrübəsi daha da təkmilləşib. Ölkədə seçkiləri həyata keçirən ixtisaslaşmış qurum seçki prosesinin yüksək səviyyədə təşkili istiqamətində var gücü ilə çalışdı. İndiyə qədər keçirdiyimiz "exit-poll”lar zamanı maneələrlə üzləşməmişik. Respublikanın bütün seçki dairələrində "exit-poll” keçirmişik. Bu dəfə də maneə yaradılmadı. Nə yerli icra orqanları, nə də seçkini keçirən orqan tərəfindən heç bir maneə ilə üzləşmədik. Bu faktlar bizim tərəfdaş təşkilatın hesabatlarında da öz əksini tapıb. Yəni deməyim odur ki, demokratik, şəffaf seçkilərlə prezident İlham Əliyev yenidən qalib oldu”.

Xanım politoloq Nəzakət Məmmədova isə deyib ki, demokratik seçki şəraitində prezident İlham Əliyevin inamlı qələbəsinə şübhə yoxdur: "Çünki İlham Əliyev xalqın seçdiyi, sevdiyi liderdir. Artıq o, öz fəaliyyəti ilə bunu təsdiqləyib. Sübut edib ki, çətin beynəlxalq şəraitdə dövləti ağır sınaqlardan çıxarmağa qadir olan güclü liderdir. Prezident İlham Əliyev həyata keçirdiyi əhəmiyyətli layihələrlə, böyük güc mərkəzlərinə sinə gərib dövlətin maraqlarını önə çəkməklə öz gücünü təsdiq edib. Bu gün Azərbaycana qarşı xaricdən müəyyən təzyiqlər varsa, bu da ölkə başçısının müstəqil siyasət aparmasına görədir. Əgər o, hansısa güclərin qarşısında "bəli, baş üstə” desəydi, yəqin ki, vəziyyət başqa cür olardı. Prezidentliyə ən layiqli namizəd İlham Əliyev cənabları idi ki, xalq da ona etimad göstərdi. Prezidentimizin ən böyük göstəricilərindən biri də, ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü güzəştə getməyəcəyini açıq şəkildə bəyan edir.

Belə bir məsəl var - "xalqın gözü tərəzidir”. Xalqımız müdrikliyini bir daha ortaya qoyaraq seçkilərə getdi, güvəndiyi, Azərbaycanı daha da inkişaf etdirəcək İlham Əliyevi növbəti dəfə prezident seçdi”.

Anar