“İnsanın evini əlindən alıb borcu qaytarmağa məcbur etmək yanlışdır” - Banklara etiraz




"Banklara borca görə vətəndaşların evlərinin əllərindən alındığının tez-tez şahidi oluruq”.
Bunu "Şərq”ə açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. Ekspert bildirib ki, XXI əsrdə məbləğindən asılı olmayaraq bank borclarına görə evlərin girov qoyulması insan haqqlarına ziddir: 

"Təəssüflər olsun ki, bu biabırçılıq məhkəmələrin qərarı ilə həyata keçirilir. Girov qoyulan evlərdə azyaşlı uşaqlar və qocalar yaşayır. İnsanın evini əlindən alaraq borcu qaytarmağa məcbur etmək yanlış addımdır. İllərlə tikib-qurduğu evi bir qərarla əlindən alınan, ailəsi çölə atılan insan mənəvi cəhətdən sınmış olur. Yenidən özünə gəlib cəmiyyətdə yerini tutması isə bəzən mümkünsüz hala gəlir. Məhkəmələrin bu qərarı vətəndaşı bitirmək, məhv etmək deməkdir”. 

Ekspert xatırladıb ki, dövlət sosial evlər tikərək təmənnasız olaraq bütün kateqoriyadan olan vətəndaşlara paylayır:

"Elə təəssürat yaranır ki, sanki banklar seçdiyi qurbanın götürdüyü krediti qaytara bilməyəcəyini əvvəlcədən hesablayaraq, bu addımı atırlar. Yəni bilərəkdən vətəndaşların evlərini əlindən alırlar. Birmənalı olaraq bank kreditləri alan və ya bu kimi öhdəliklər götürən vətəndaşlara evlərin girov qoyulması tələbi qadağan edilməlidir. İndiyə qədər girovda olan evlərə isə amnistiya verilməli, alınmış mənzillər vətəndaşlara geri qaytarılmalıdır”.

İsmayıl